Ana Sayfa > Özəl > AZƏRBAYCAN-TÜRKİYƏ DOSTLUĞU, QARDAŞLIĞI BÜTÜN DÜNYAYA NÜMUNƏDİR!

AZƏRBAYCAN-TÜRKİYƏ DOSTLUĞU, QARDAŞLIĞI BÜTÜN DÜNYAYA NÜMUNƏDİR!


21-02-2024, 09:53. Yazar: sevinc1
AZƏRBAYCAN-TÜRKİYƏ DOSTLUĞU, QARDAŞLIĞI BÜTÜN DÜNYAYA NÜMUNƏDİR!

Azərbaycanın Qalib Lideri Prezident İlham Əliyev bütöv, suveren ölkəmizdə keçirilən seçkilərdə tarixi zəfərə imza atdıqdan sonra ilk rəsmi səfərini dost Türkiyəyə etməsi yeni dövrün başlağıcında artıq iki qardaş dövlətin bundan sonrakı münasibətində yeni üfüqlərin açıldığının təzahürüdür. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilib. Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan və Türkiyə arasındakı əsl dostluq və qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirdiyi kimi, "Prezident seçkilərindən sonra mənim ilk rəsmi səfərim qardaş ölkəyədir. Bu, təbiidir, bu, bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.Hər zaman olduğu kimi, bu səfər çərçivəsində də müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması, eləcə də aparılan müzakirələr mövcud münasibətlərin daha da dərinləşməsinə əsasdır.
Bir ürək, bir yumruq olan Azərbaycan – Türkiyə münasibətləri Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamlarında dəqiq ifadə olunub. Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. "2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz Qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik. Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Bu gün söhbət əsnasında mən demişdim ki, ondan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı." – deyə Prezident diqqətə çatdırıb. Onu da bildirib ki, Türkiyə bu gün dünya çapında söz sahibidir: "Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir". Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri də türk dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilməsidir.
Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz mövcud münasibətlərin əsasını təşkil edir. Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Çağdaş dünyamızda türkdilli dövlətlər arasında əməkdaşlıq daha güclənib və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Yeni bir dövrə qədəm qoyan Azərbaycan beynəlxalq təşkilatlarla, eləcə də, Türk Dövlətləri Təşkilatı ilə sıx əməkdaşlığa malikdir. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü bu ilin iyul ayında keçiriləcəkdir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının bizim bir ailəmiz olduğunu və Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı da bu faktı vurğuladığını bildirib. Böyük coğrafiyaya, təbii qaynaqlara, insani resurslara, geniş potensiala malik Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsinin vacibliyi bildirilib. Əlbəttə ki, Azərbaycan ilə Türkiyə arasında olan bağlar, qardaşlıq və birlik bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik yaradır. Azərbaycan və Türkiyənin münasibətləri iki müttəfiq və ya dost ölkə anlayışlarından daha böyükdür. Bütün dünya Azərbaycan və Türkiyə qardaşlığını təcəssüm etdirən "Bir millət, iki dövlət" milli konsepsiyasının bəşəri missiya olduğunu görür. Hər kəs bilir ki, Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin təminatçısıdır. Bu qardaşlıq və müttəfiqlik siyasi, iqtisadi, sosial, mədəni  və başqa sahələrdə əməkdaşlığa üstünlük verir. Azərbaycan və Türkiyə dövlət başçılarının qarşılıqlı səfərləri əsl qardaşlıq və dostluq nümunəsidir. Eyni zamanda, bu, bir mesajdır ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov
Geri dön