Ana Sayfa > Seçki 2024 > Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi

Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi


20-02-2024, 13:22. Yazar: sevinc1
Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi

Sivilizasiya yaranandan bəri, bəşər tarixi boyunca “Vərəsəlik hüququ” mülki qanunvericiliyin ən mühüm və mürrəkkəb hissələrindən biri hesab edilir. Təsadüfi deyil ki, bir çox ölkələrdə sırf vərəsəlik hüququndan irəli gələn mübahisələrə baxan ixtisaslaşmış məhkəmələr və eləcə də yalnız bu sahə ilə məşğul olan vəkillər mövcuddur. Hətta, bəzi ölkələrdə vərəsəlik hüququ Mülki Məcəllə ilə deyil, ayrıca qanunla tənzimlənir. Hər bir ölkənin, daha konkret ifadə etsək bilavasitə cəmiyyətlərin çoxəsrlik ailə, milli və əxlaqi ənənələrinin formalaşdırdığı davranış və düşüncə tərzləri fərqli olduğuna görə hər bir ölkənin öz vərəsəlik hüququ vardır ki, onların biri digərindən mühüm xüsusiyyətləri ilə seçilə və ayrıla bilər. Azərbaycan cəmiyyətinin çox əsrlik formalaşmış ailə dəyərləri, milli və əxlaqi ənənələri bizim Vərəsəlik hüququmuzu yaratmışdır. Məhz bundandır ki, mülki qanunvericiliyin ən mürrəkkəb hissələrindən biri kimi  Azərbaycan Respublikasının Mülki Məcəllənin 10-cu bölməsi tamamilə vərəsəlik hüququna həsr edilmişdir.

Dövlət təminatı altına alınan əsas hüquqlardan biri mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Təsadüfi deyil ki, Konstitusiyamız vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddənin redaksiyasında (Maddə 29.) vermişdir. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.

Qeyd etmək maraqlı olar ki, Quranda da vərəsəlik münasibətlərinə geniş və əhatəli yer verilmişdir. Xüsusi olaraq Nisa surəsində vərəsəlik münasibətlərinə aid olan miras bölgüsü nəzərdə tutulmuşdur.Ümumiyyətlə bu bölgüyə əvvəlki səmavi dini kitablarda toxunulmamışdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən vərəsəlik ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) keçməsidir. Milli qanunvericiliyə əsasən 2 növ vərəsəlik mövcuddur: 1) Qanun üzrə vərəsəlik. 2) Vəsiyyət üzrə vərəsəlik. Hər iki növ vərəsəlik üzrə ölmüş şəxsin vərəsəsi olmağı təsdiq edən rəsmi sənəd vərəsəlik şəhadətnaməsidir.

Vərəsəlik hüququ haqqında şəhadətnamə hüquq müəyyənedici sənəddir.Başqa sözlə desək vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması müəyyən edilir. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən 6 ay keçdikdən sonra istənilən vaxt verilir.

26 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycanda Vərəsəlik institutu üçün tarixi və mütərəqqi bir qərar qəbul edilmişdir. Bu qərarı həm də vətəndaşyönümlü adlandırmaq lazımdır. Belə ki, bu qərar qəbul olunana qədər vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilərdi. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmirdi. Burada “vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gün” dedikdə miras qoyan şəxsin öldüyü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün başa düşülürdü. Qanunda olan bu göstəriş isə bir çox hallarda vətəndaşların hüquqi savadsızlığı və ya səhlənkarlığı ucbatından onların qanunvericiliyin tələb etdiyi 6 aylıq müddət ötəndən sonra vərəsəliklə bağlı müraciət etmələrinə və bu minvalla mirası qəbul etmələrini müşkül etməklə uzun sürən məhkəmə mübahisələrinə, məhkəmə xərclərinə və gərginliklərə səbəb olurdu. Amma artıq Konstitusiya Məhkəməsinin müvafiq qərarı ilə vətəndaşlar bütün bu sadalanan problemlərdən azad oldular. Belə ki, artıq vətəndaş Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina etməzsə mirası qəbul etmiş sayılır. Üzrlü səbəb olduqda məhkəmə mirasdan imtina ilə bağlı 3 aylıq müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını məcburi qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün isə xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunur.

Eyni zamanda qeyd etmək lazımdır ki, Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.

Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir.
“Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlayır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan vərəsəlik hüquqi haqqında şəhadətnamə verilir və miras qoyanın əmlak hüquqları və vəzifələri onun vərəsələri olan yeni mülkiyyətçilərə keçir.
Vətəndaşın vərəsəlik hüququ ona mirasqoyandan keçən mülkiyyət hüququdur və bu hüquqa dövlət tərəfindən təminat verilir, bu hüquq qanunla qorunur.

Gülməmmədova Nərmin Kamal qızı
5 saylı Bakı “ASAN xidmət” mərkəzində
notariat ofisinin xüsusi notariusu



Geri dön