Ana Sayfa > Siyasət / Özəl > Xocalı faciəsi bəzi Qərb dövlətlərinin də maskalarının yırtılmasına səbəb oldu
Xocalı faciəsi bəzi Qərb dövlətlərinin də maskalarının yırtılmasına səbəb oldu20-02-2024, 11:07. Yazar: sevinc1 |
Erməni faşizminin bütün insanlıq üçün son dərəcə təhlükəli olan vəhşi xislətini nümayiş etdirən Xocalı qətliamı xüsusi qəddarlığı, vəhşiliyi və amansızlığı ilə seçilir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş bu qanlı cinayət Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən birinə çevrildi. İkinci bir tərəfdən də, xalqımıza qarşı törədilmiş bu soyqırımı təkcə erməni şovinizminin deyil, eyni zamanda indiyədək bütün bu vəhşilikləri törədənlərə havadarlıq edən bəzi Qərb dövlətlərinin, qlobal güc mərkəzlərinin də maskalarının yırtılmasına səbəb oldu. Məhz bu qüvvələrin gərgin səyləri nəticəsində uzun müddət Xocalı qətliamının əsl mahiyyəti, baş vermiş faciənin həqiqi miqyası və erməni vəhşiliklərinin nəticələri dünya ictimaiyyətinə pərdələnmiş şəkildə təqdim olundu. Azərbaycan öz həqiqətlərini dünyaya çatdırmaq üçün uzun illər həm göz önündə olan düşmənlə, həm də möhtəşəm yalanlarla mübarizə aparmalı oldu. İlk dəfə 1994-cü il fevralın 24-də Milli Məclis Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi və BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Həmin qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Bu gün də Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən bu siyasətin bariz nəticəsidir ki, hazırda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Pakistan, Sudan, Meksika, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Dünyada isə hər il Xocalı faciəsinin ildönümündə bu qətliamın qurbanlarının xatirəsi anılan ölkələrin sayı getdikcə artır. Əlbəttə ki, Azərbaycan bütün bu tədbirlərlə kifayətlənə bilməzdi və kifayətlənmədi. 2020-ci ildə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi aparılan Vətən müharibəsinin gedişində şanlı Ordumuz düşməndən bütün şəhidlərimizin qanını döyüş meydanında aldı. Keçən il isə, Azərbaycan sentyabr ayında keçirdiyi lokal xarakterli antiterror tədbirinin nəticəsi olaraq bütün Qarabağda separatçılığa bir dəfəlik son qoydu. Müzəffər Ali Baş Komandanımız Azərbaycan bayrağını Xocalıda da qaldırdı. Xalqımıza qarşı bir çox qanlı cinayətlərdə, o cümlədən Xocalı qətliamında iştirak etmiş erməni qatillərindən bir qismi qandallanaraq Bakıya gətirildi. İndi onlar, möhtərəm dövlət başçımızın keçən il Xankəndidə müqəddəs bayrağımızı dalğalandıran zaman dediyi kimi, istintaq təcridxanasında çay içə-içə qara aqibətlərini düşünürlər. Artıq bütün dünya bilsin ki, eyni aqibət Azərbaycana qarşı cinayət törədən hər kəsi gözləyir. Lütvəli Şıxəliyev, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Geri dön |