Ana Sayfa > Seçki 2024 > TÜRK DÜNYASININ QƏHRƏMANLIQ DASTANI SAYILAN “KITABi – DƏDƏ QORQUD”DAN MARAQLI ADƏT VƏ ƏNƏNƏLƏRƏ BAXIŞ

TÜRK DÜNYASININ QƏHRƏMANLIQ DASTANI SAYILAN “KITABi – DƏDƏ QORQUD”DAN MARAQLI ADƏT VƏ ƏNƏNƏLƏRƏ BAXIŞ


20-02-2024, 09:28. Yazar: sevinc1
TÜRK DÜNYASININ QƏHRƏMANLIQ DASTANI SAYILAN “KITABi – DƏDƏ QORQUD”DAN MARAQLI ADƏT VƏ ƏNƏNƏLƏRƏ BAXIŞ

“Kitabi – Dədə Qorqud” dastanı Şərq tərbiyə sistemində tərbiyəçiyə və ya hər bir oxucuya öz fəaliyyətində istifadəsi üçün zəngin material verir. Bu da tərbiyə sistemində ən qiymətli, ən zəngin mənbədir desək yanılmarıq. “Dədə Qorqud” dastanları üzərində tədqiqat aparan alimlər Dədə-Qorqudun şəxsiyyəti, dastanların məzmunu, əhəmiyyəti, əsərin dili, üslubu və sairə haqqında mülahizələr irəli sürmüşlər. Qeyd etmək yerinə düşər ki, bu əvəzolunmaz sənət abidəsi bir xalqın malı, sərvəti olmaqla məhdudlaşmamış, daha çox bəşəri mahiyyət kəsb edərək dünya mədəniyyəti xəzinəsinə qovuşmuşdur. Keçmiş irs təlim, tərbiyə və təhsil işində daim bizi müşayiət edir və etməlidir. Professor Əliheydər Həşimov yazır: “Təkcə bu günü deyil, sabahı-gələcəyi dərindən dərk etmək və qiymətləndirmək nöqteyi-nəzərindən də keçmişi yaxşı bilmək lazımdır. Çünki keçmiş, bu gün də olduğu kimi, gələcəklə də sıx əlaqədardır. Bu gün dünənin, sabah isə bu günün izləri olur; bir çox məsələlərdə gələcək üçün zəmin təşkil edən bu günün ağıllı, qabaqcıl fikirləri keçmişin mütərəqqi irsi ilə sıx əlaqədardır. Həmin irs bu gün də insanın ağlına, zəkasına qida və qüvvət verir, eyni zamanda gələcək üçün perspektivləri daha yaxşı aydınlaşdırmaqda, tərbiyənin daha düzgün üsul və vasitələrini tapmaqda ona yardım göstərir” (Kursiv bizimdir – K.C.).
Biz müəllifin fikri ilə tam şərikik. Doğrudan da “bulaq damcılardan, çaylar bulaqlardan, dənizlər isə çaylardan” yarandığı kimi, gələcəyin dolğun məzmunlu etnopedaqogikası da tərbiyə sahəsində ayrı-ayrı xalqların irsindəki qabaqcıl ideya, fikir və təcrübələrdən yaranacaqdır.
Uşaq ailənin hər bir üzvünün vəzifələri barədə ilk təsəvvürü ailədə alır. Gələcək ailə sahibinin tərbiyəsi bir çox amillərlə şərtlənir. Onların arasında ata-anaların həyat tərzi və davranışı mühüm əhəmiyyət daşıyır. Övlad böyüyüb boya-başa çatdığı evdə ata və anası arasındakı münasibətləri müşahidə edir. Qarşılıqlı anlaşmaya, səmimiyyətə, hörmətə, etibara, qayğıkeşliyə və s. əsaslanan həmin münasibətlər, ixtilafa yol verməmək bacarığı öz təsirini uşağa göstərir. Ata və ana oğlanlarda cəsurluq, ailə və övlad borcu, kişi qeyrəti, qızlara və qadınlara hörmət; qızlarda məğrurluq, ciddilik, şəxsi ləyaqət hissi tərbiyə etməkdə böyük imkanlara malikdir. Bu xüsusda “Kitabi – Dədə Qorqud” dastanında deyilir: “Qız anadan görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə çəkməz”.
Xalqımız içərisində valideynin “üzünə qayıtmaq”, “üzünə ağ olmaq”, onun “bir sözünü iki etmək” böyük qəbahət sayılır. “Kitabi – Dədə Qorqud” dastanında bu barədə belə deyilir: “Ol zamanda (oğullar ataya müxalifət etməzdilər), oğul ata sözünü iki eləməzdi, iki eləsə, ol oğlanı qəbul etməzdilər”.
Evdə zabitəsi ilə tanınan atalar övladları üçün yeri gəldikdə analar qədər yanmışlar. Məsələn, “Kitabi – Dədə Qorqud” dastanına nəzər salaq. Qazan xan kafirlərin əlində olan oğlu Uruzla görüşərək deyir:
Oğul, oğul, ay oğul!
Qarşı yatan qara dağım yüksəyi oğul!
Güclü belim qüvvəti, canım oğul!
Qaranqulu gözlərim aydını oğul!
Mənim başım qurban olsun
Canım oğul sənin üçün!
Sən gedəli,
Ağlamağım göydə ikən yerə endi.
Gumbur-gumbur davullar döyülmədi,
Ağır ulu divanım sürülmədi.
Səni bilən bəy oğulları
Ağ çıxardı, qara geydi.
Qara bənzər qızım, gəlinim
Ağ çıxardı, qara geydi.
Qarıcıq anam qan-yaş tökdü...
Göründüyü kimi, lazım gələndə ürəyindəki övlad acısını öz övladı qarşısında göz yaşı tökərək dilə gətirən atanı aftoritarizm, despotizm nümunəsi kimi qələmə vermək olarmı?
Həyatda müəyyən problemləri, çətinlikləri həll etmək üçün fiziki hazırlıq iradə, güclü, dözümlü olmağa ehtiyac vardır. Ona görə də ta qədimdən fiziki tərbiyəyə xüsusi diqqət yetirmişlər. Professor Akif Abbasov haqlı olaraq qeyd edir ki, “uşaqların ailə həyatına hazırlanması məsələsinin dastanda qoyuluşu da diqqətəlayiqdir”. Ata-analar oğlan və qızlarını ev-eşik sahibi edərkən qarşı tərəfin fiziki xüsusiyyətlərini daim nəzərə almışlar. Məsələn, “Dədə Qorqud” dastanında göstərilir ki, Beyrək atasına evlənmək istədiyini söyləyərək belə deyir: “Baba mənə bir qız al ki, mən yerimdən durmadan o dursun. Mən qara qoç atıma minmədən o minsin. Mən qızıma varmadan o varsın…”.
Azərbaycan xalqının qədimliyini göstərən “Kitabi – Dədə Qorqud”dan məlumdur ki, azərbaycanlılar oğlan uşağını ailə həyatının bəzəyi, nəslin davamçısı, valideynin sevinci və ümidi hesab etmiş, həmçinin sonsuzluğu böyük dərd və faciə saymışlar. Övladı olmadığına görə “qaraqayğular” içində qəhərlənən və ağlayan Bayburadan bunun səbəbini sorduqda cavab verir: “Necə ağlamayayım, necə bozlamayayım? Oğulda ortacım yox, qardaşla qədərim yox. Allah taala məni qarğayıbdır… Bəylər, tacım taxtım üçün ağlaram.
Bir gün ola düşəm öləm, yerimdə-yurdumda kimsənə qalmaya… Mənim dəxi oğlum olsa xan Bayandırın qarşısın alsa dursa, qulluq eləsə, mən dəxi baxsam, sevinsəm, qıvansam, güvənsəm – dedi” deməsi buna canlı misaldır. Yaxud, “Dirsə xan oğlu Buğac” boyunda da ailə həyatında övladın, əsasən də oğlan uşağının böyük rol oynadığına dair xalq fikrini sərrast şəkildə ifadə edir.
Türk dünyasının qəhrəmanlıq dastanı sayılan “Kitabi – Dədə Qorqud”dan maraqlı adətlər haqqında məlumat alırıq. Dədə Qorqud dastanından öyrənirik ki, gənc nəsli (oğlanları) vətənpərvərlik, qorxmazlıq, igidlik, düşmənə qarşı mübarizlik, doğruçuluq, insana qayğı və məhəbbət ruhunda tərbiyə edir və həmin tələblər baxımından da uşaqlara, oğlanlara ad qoyurdular. Bu haqda “Dirsə xan oğlu Buğacın boyu”nda deyilir ki, Dirsə xan oğlu Buğac uşaqlarda Bayandur xanın meydanında yoldaşları ilə aşıq oynadığı zaman qəflətən üzərinə hücum edən buğanın hücumunu dəf edib, onu öldürdüyü üçün oğuz bəyləri adqoyma mərasimi təşkil edib oğlana layiq ad qoymağı məsləhət görürlər. Qorqud ata adqoyma mərasimində oğlana Buğac adı verir.
Yaxud Baybura xanın oğlu Beyrək Qara Dərbənd ağzında oğuz bəzirganlarının malını qarət, özlərini isə edən beş yüz kafirlə cəng edib onların üzərində qələbə saldığına görə ona Beyrək adı verirlər.
Qeyd etməliyik ki, hər bir ailədə ata öz oğluna və yaxud öz oğlanlarına kişi qeyrəti, dəyanəti, cəsurluq, mərdlik, alicənablıq, igidlik, çətinliklərə sinə gərə bilmək kimi nəcib sifətlər tərbiyə etməlidir. Xalqımızın möhtəşəm folklor nümunəsi olan “Kitabi – Dədə Qorqud” dastanına müraciət edək və “Qazan xanın oğlu Uruzun dustaq olduğu boy”a nəzər salaq: “Qazan sağına baxdı, qas-qas güldü. Soluna baxdı, çox sevindi. Qarşısına baxdı oğlancığını, Uruzu gördü, əlini-əlinə çaldı ağladı. Qazan oğlu Uruza bu iş xoş gəlmədi. Babasına dedi:
– Ünüm ünlə, sözüm dinlə, ağam Qazan
Sağına baxdın, qas-qas güldün,
Soluna baxdın, çox sevindin.
Qarşına baxdın, məni gördün, qan ağladın,
Səbəb nədir, degil mana.
Qara başım qurban olsun, ağam sana – dedi:
Qazan dedi:
– Sağıma baxdım qardaşım Qaragünəyi gördüm. Baş kəsibdi, qan tökübdü, ad qazanıbdı.
Soluma baxdım dayın Aruzu gördüm. Baş kəsibdi, qan tökübdü, ad qazanıbdı.
Qarşıma baxdım, səni gördüm. On altı yaş yaşladın. Bir gün ola düşəm öləm, sən qalasan. Yay çəkmədin, ox atmadın, baş kəsmədin, qan tökmədin.
Uruz buna cavabında dedi:
– A bəy baba! ...Hünəri oğul atadanmı görər, öyrənər, yoxsa atalar oğuldanmı öyrənər? – dedi. …Mən səndən nə gördüm nə öyrənəyim? – dedi.
Qazan əlini-əlinə çaldı, qas-qas güldü:
– Uruz xub söylədi, şəkər yedi – dedi”.
Göründüyü kimi, oğlanlar kişilik etalonuna ataları ilə ünsiyyət sayəsində, onlardan nümunə götürərək sahib olurlar. Oğlanlar kişilik şəxsiyyətini ataya bənzəməyə çalışaraq, onu təqlid edərək qazanır. Xalqımıza görə, oğlanların kişi kimi yetişməsi, onların sadəcə fiziki inkişafı ilə bağlı olub, kişi kimi görünməsi demək deyil. Professor Ə.Əlizadə xalqımızın təfəkküründə yer almış kişilik anlayışını belə xarakterizə edir: “Kişi xarakteri üçün iradə gücü, özünə sahib olma, kişi şərəfi və ləyaqəti, xeyirxahlıq, sözübütövlük, mərdlik və s. keyfiyyətlər xasdır. Qadına münasibət kişi ləyaqətinin ölçüsü sayılır. Uşağın oğlan olması hələ öz-özünə onu kişi etmir. Oğlan uşağı kişi kimi tərbiyə olunur”. Eləcə də “ana haqqı tanrı haqqı kimi başa düşülür”.
1500 il tarixi olan və “milli-mənəvi dəyərlərimizdən sayılan” “Kitabi – Dədə Qorqud” dastanında Oğuz yurdunun valideynləri qız uşağının da dünyaya gəlişindən şad olur və həm də onu qəhrəman, eləcə də gələcəkdə həyat yoldaşı olan ərinə sədaqətli qadın-ana kimi tərbiyə edirdilər. “Patriarxal düşüncənin əleyhinə olaraq buradakı qadınların əksəriyyəti (məsələn, Burla xatun, Banu Çiçək, Selcan xatun və b.) uşaqlıqdan aldıqları tərbiyənin, alışdıqları ilə ənənələrinin, qəbilə mühitinin təsiri nəticəsində elə formalaşır ki, lazım gələndə ailə namusu, nəslin şərəfi və ədalət uğrunda kişi kimi silaha sarılır, son dərəcə dözümlü, qoçaq, qüvvətli, mərd, eyni zamanda ağıllı, tədbirli, müdrik, alicənab qəhrəman kimi çıxış edirlər”.
Qeyd etdiyimiz kimi, oğuz qızları da cəsur və igiddir. Qızların Oğuz etnik-sosial mühiti və psixologiyası ilə şərtlənmiş olan bu xarakter əlaməti etnik birlik daxilində cinslərarası münasibətdə, ünsiyyətdə ən mühüm rol oynayır. Budur Banuçiçək Beyrək ilə yarışır, onunla at oynadır, ox atır və güləşir. Yalnız Beyrək bu sınaqdan, yarışdan qalib çıxdıqdan sonra Banuçiçək onun məhəbbətinə cavab verir.
Qanturalı Selcan xatunu almaq üçün meydanda üç heyvanla vuruşmalı olur. İkisinə qalib gələndən sonra bir qədər yorulur. Buna görə də üçüncü heyvanla – dəvə ilə çətinliklə vuruşur. Döyüşü hündür bir yerdən seyr edən Selcan xatun: “Dəvə burnundan əzilər” – deyə Qanturalıya xəbər göndərir və bununla dəvənin zəif yerini bildirir. Ancaq Qanturalı dəvəni qızın göstərdiyi üsulla əzməyi özünə sığışdırmır: “Oğuz ellərinə xəbər gedər ki, dəvə əlində girinc olmuşdu, qız xilas elədi”. Və Qanturalı dəvəni öz üsulu ilə məğlub edir. Oğuzlarda belə bir qayda vardı ki, döyüşdə bir igidə başqası kömək etmək istəsə icazə almalıydı… Qanturalı düşmənləri ilə vuruşarkən Selcan xatun onun köməyinə gəlir. Qız libasını dəyişdiyi üçün Qanturalı onu tanımır və düşmənlərinə hücum edən bu şəxsin hərəkəti ona toxunur, “izinsiz döyüşə girmək bizim eldə eyibdir” – deyə ona acıqlanır.
Göründüyü kimi, Banuçiçəyin, Selcan xatunun qılınc çalması, qılınc oynatması, at çapması valideynləri tərəfindən təlim-məşq zamanı öyrədilmişdir. Onu da qeyd etmək zəruridir ki, “Kitabi – Dədə Qorqud” dastanında Dədə Qorqud tərəfindən müqəddəs “Qurani-Kərim”dən sitatlar gətirilmiş, “əməyə, zəhmətə xüsusi diqqət yetirilmişdir”.
Sonda belə nəticəyə gəlirik:
“Kitabi – Dədə Qorqud” dastanı həm uşaqların sağlam psixi inkişafı haqqında valideynlərə lazımi bilik verir, həm də bu materiallar uşaq psixikasının normal inkişafına təsir edəcək imkana malikdir;
“Kitabi – Dədə Qorqud” dastanından gətirilən materiallar min illərin təcrübə süzgəcindən keçərək bu günümüzə qədər gələn və bu gün də pedaqoq və psixoloqlar tərəfindən uşaqların pedaqoji-psixoloji inkişafının əsas göstəricilərindən olan şəxsiyyətlərarası münasibətlərin böyük rol oynadığı sübut olunan qaynaqlardır;
“Kitabi – Dədə Qorqud” dastanında olan baxış və görüşlər cəmiyyətin qəbul etdiyi milli-mənəvi dəyərlər və fəaliyyət növləri bu gün də aparıcı rol oynayır;
Oğlanların və qızların fiziki cəhətdən sağlam, igid, qüvvətli, ağıllı, saf vətən övladı kimi tərbiyə olunmaları üçün “Kitabi – Dədə Qorqud” materiallardan istifadə etmək əvəzsiz imkanlara malikdir.

KAMAL CAMALOV
Pedaqogika elmləri doktoru, professor
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Naxçıvan Müəllimlər İnstitutu
[email protected]
Geri dön