Ana Sayfa > Siyasət / Özəl > Gülər Sultanzadə: “Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bəzi Avropa təsisatlarının önəmsizliyini bir daha diqqət mərkəzinə gətirdi”
Gülər Sultanzadə: “Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bəzi Avropa təsisatlarının önəmsizliyini bir daha diqqət mərkəzinə gətirdi”19-02-2024, 17:49. Yazar: sevinc1 |
“Bu gün ənənəvi Münxen Təhlükəsizlik Konfransı ortaya çıxan qlobal problemlərin, münaqişələrin həllinə töhfə vermək baxımından öz əhəmiyyətini getdikcə artırmaqdadır. Xüsusilə son dövrlərdə artıq zəifləmiş, faktiki olaraq heç bir gücü və nüfuzu qalmayan, yalnız müxtəlif məsələlərə qərəzli yanaşmaları üzərində qalmaqallar yaratmaqla gündəmə gələn müəyyən Avropa təsisatlarının fəaliyyətsizliyi fonunda Münxen Təhlükəsizlik Konfransına diqqət və maraq daha da artır. Əsas müzakirə mövzusu beynəlxalq təhlükəsizlik olan bu mötəbər beynəlxalq platformada dünyanı narahat edən ən vacib problemlər barədə aparılan müzakirələrin və gəlinən qənaətlərin dünyada gedən proseslərə təsiri getdikcə böyüyür. Məlum olduğu kimi, Azərbaycan da Münxen Konfransının illik görüşlərində mütəmadi olaraq fəal şəkildə iştirak edir. Bu, ölkəmizin dünyada getdikcə artan nüfuzunun bariz göstəricilərindən biridir.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib. Daha sonra müsahibimiz Prezident İlham Əliyevin fevral ayının 17-18-də Münxen Təhlükəsizlik Konfransında iştiakı çərçivəsində keçirdiyi görüşlərin önəmini vurğulayaraq bunları deyib: “Ölkə Prezidenti cənab İlham Əliyev Münxen səfəri çərçivəsində bir çox önəmli görüşlər keçirib. Əlbəttə ki, bu baxımdan dövlət başçımızın ABŞ-ın Dövlət katibi Antoni Blinkenlə görüşü də xüsusi maraq doğurur. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşmək imkanını çox yüksək qiymətləndirdiyini vurğulayan Blinken ilk növbədə hazırki zaman kəsiyinin Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacib olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı COP29-un Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyin önəmli bir hissəsi olduğunu bildirdi. Həmçinin cənab Prezident İlham Əliyev Qafqazda regional vəziyyətin gündəlikdə duran daha bir mövzu olduğunu diqqət mərkəzinə çəkərək, bir daha Azərbaycanın sülh prosesinə sadiq olduğunu və sülh sazişinin ən qısa zamanda bağlanmasının ölkəmizin milli maraqlarına cavab verdiyini vurğuladı. Görüş zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Həmçinin dövlətimizin başçısı artıq regionda de-fakto sülhün olduğunu bildirərək, Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməsinin vacibliyini qeyd etdi. Təbii ki, Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikir özündə Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar fonunda ölkəmizlə münasibətlərin və əməkdaşlıq əlaqələrinin qurulması prosesində də tamamilə yeni yanaşma üsullarına zərurət olduğunu ehtiva edir.” Həmçinin pariya fəalı Prezident İlham Əliyevin ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidlə görüşü zamanı səsləndirdiyi fikirlərin əhəmiyyətini xüsusi qeyd edib: “İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin Münxendə ATƏT-in Baş katibi ilə görüşü məhz qarşı tərəfin müraciətinə əsasən baş tutmuşdur. Baş katib xanım Helqa-Mariya Şmid dövlət başçımızı prezident seçkilərində qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbrik etmişdir. Cənab Prezident İlham Əliyev artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını diqqətə çatdırdıqdan sonra hər zaman olduğu kimi qətiyyətli və prinsipial mövqe nümayiş etdirərək son dərəcə aktual olan bir fikir səsləndirmişdir. Belə ki, dövlətimizin başçısı ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğulamış, hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin önəmini diqqətə çatdırmışdır. Cənab Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər bəzi Qərb ölkələrinin Azərbaycana qarşı hələ də alət kimi istifadə etməyə çalışdıqları məlum təsisatların önəmsizliyini bir daha diqqət mərkəzinə gətirdi” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb. Geri dön |