Ana Sayfa > Siyasət > Münxen Təhlükəsizlik Konfransından görünən mənzərə -
Münxen Təhlükəsizlik Konfransından görünən mənzərə -19-02-2024, 16:52. Yazar: sevinc1 |
Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq gücünün tərənnümü baxımından önəmli platformadır. Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov söyləyib. O qeyd edib ki, konfransda keçirilən görüşlər və aparılan fikir mübadilələri regionda söz sahibi Azərbaycanın etibarlı tərəfdaş olmasından xəbər verir. Münxen Konfransı təhlükəsizlik və beynəlxalq siyasətin müzakirə olunduğu əsas siyasi platformalardan biridir. Prezident İlham Əliyevin Konfrans çərçivəsində istər ABŞ rəsmiləri, istər Avropa liderləri ilə qarşılıqlı fikir mübadiləsi aparması Azərbaycana qarşı qərəzli mövqe tutanlara sərt sillə oldu. Dövlətimizin başçısının qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynlə görüşü zamanı Orta Dəhlizin inkişaf etdirilməsi və Azərbaycanın bu prosesdə rolu müzakirə olundu. COP29 çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsini olduqca vacib elementlərdən hesab edən deputat deyib: “Artıq dünya birliyinin Qafqazda sülhün təmin edilməsi, regionda yeni infrastruktur və logistik əlaqələrin qurulmasında Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyinin şahidi oluruq. Azərbaycan ötən dövrdə öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, regionun inkişafı üçün yeni yol xəritəsi təqdim etdi. Bu siyasi arenada təhlükəsizlik sülh müqaviləsindən keçir ki, Ermənistan hələ də bu müqavilənin imzalanmasında maraqlı görünmür. Görünən odur ki, Ermənistanı belə addım atmağa vadar edən onların xarici havadarlarıdır”. İltizam Yusifov Konfransda əsas müzakirə mövzusu olan COP29-a Azərbaycanın ev sahibliyi etməsi məsələsinin əhəmiyyətindən də danışıb: “Azərbaycan siyasi arenada ağırlıq mərkəzini özünə doğru dəyişib və geosiyasi müstəvidə beynəlxalq güclər bir sıra məsələləri Azərbaycanla məsləhətləşirlər. Münxendə keçirilən görüşlərdə də ölkəmizin COP29-a ev sahibliyi etməsini yüksək dəyərləndirən siyasi liderlər bu tədbirin təkcə Azərbaycan üçün deyil, dünya ölkələri üçün əhəmiyyətli olacağını vurğulayıblar. Təsadüfi deyil ki, dünyanın diqqət mərkəzində olan bu mötəbər tədbirdə on minlərlə xarici nümayəndə iştirak edəcək. Bakı iki həftə ərzində dünyanın diqqət mərkəzində olacaq”. Deputat əmin olduğunu bildirib ki, dövlətimizin başçı İlham Əliyevin ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmid ilə görüşü zamanı səsləndirdiyi fikirlər bu qurumda müəyyən dəyişikliyə gətirib çıxaracaq: “Görüş zamanı Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğuladı. Dövlətimizin başçısı hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin önəmini diqqətə çatdırdı. Bu, onu deməyə əsas verir ki, bunlar sözügedən qurumla Azərbaycan arasında münasibətlərin yeni və qarşılıqlı formada olmasına gətirib çıxaracaq”. aia.az Geri dön |