Ana Sayfa > Siyasət / Özəl > Xalqa və dövlətə xidmət andı

Xalqa və dövlətə xidmət andı


16-02-2024, 16:43. Yazar: sevinc1
Xalqa və dövlətə xidmət andı

Fevarlın 14-də Azərbaycan xalqı yeni bir dövrə qədəm qoydu. Xalqın mütləq səs çoxluğunu qazanaraq yenidən Prezident seçilən cənab İlham Əliyev Milli Məclisdə and içərək öz vəzifəsinin icrasına başladı. Andiçmə mərasimində geniş nitq söyləyən cənab Prezident 20 illik dövrün hesabatını verməklə bərabər, yeni mərhələdə qarşıda duran prioritetləri qeyd etdi.
Ötən 20 illik dövrə nəzər saldıqda çətin, şərəfli və mübarizə dolu bir mənzərə görmək mümkündür.
Ulu Öndər Heydər Əliyev hələ 2003-cü ilin oktyabr ayının ortalarında xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Zaman Heydər Əliyevin uzaqgörənliyini, dahiliyini və müdrikliyini bir daha təsdiq etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ən vacib və taleyüklü məsələni həll etdi - Vətən torpaqları düşmən tapdağından azad olundu, Ermənistanın işğalına son qoyuldu!
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk dəfə dövlət başçısı seçildiyi 2003-cü ildən bu günədək həyata keçirdiyi irimiqyaslı, uzaqgörən və çoxcəhətli siyasi, iqtisadi, hərbi quruculuq strategiyası, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun möhkəmləndirilməsi, Azərbaycan haqqında həqiqətlərin və ölkəmizin haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində gerçəkləşdirdiyi çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq xalqımıza görünməmiş müsibətlər, itkilər, əzablar gətirmiş ümummilli problemimiz olan münaqişəni hərbi-siyasi yolla həll etdi. Dövlət başçısı seçildikdən etibarən Prezident İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi məqsədyönlü və genişmiqyaslı islahatlar ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini misilsiz dərəcədə artıraraq Vətən müharibəsində parlaq qələbənin qazanılması üçün möhkəm zəmin yaratdı. Azərbaycanın iqtisadi, hərbi gücünü və potensialını məharətlə işə salan Müzəffər Ali Baş Komandan döyüş meydanındakı qələbələri tarixi əhəmiyyətli siyasi qələbəyə çevirə bildi.
Bu gün valyuta ehtiyatları artıq 69,5 milyard dolları ötən Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzidir və müstəqil dövlətçiliyimiz özünün çoxəsrlik tarixinin ən sürətli inkişaf və yüksəliş dövrünü yaşayır. 44 günlük Vətən müharibəsinin yekunu ölkəmizin iqtisadi, siyasi və hərbi cəhətdən regionda lider, dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlət olduğunu bir daha təsdiq etmişdir. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları sayəsində bütün parametrlər üzrə özünün böyük resurs üstünlüyünü yaratmış Azərbaycan geosiyasi prosesləri öz xeyrinə dəyişməklə yanaşı, regionun iqtisadi coğrafiyasını yeni formata salmışdır.
Bir sözlə, cənab İlham Əliyev 20 il ərzində xalqa verdiyi bütün vədləri yerinə yetirmiş, doğma Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevirmişdir. Məhz buna görə də xalqımız növbəti seçkilərdə yeni dövrü də İlham Əliyevin rəhbərliyi ilə yaşamaq istəyini ifadə edərək ona yenidən mandat vermişdir. Bütün qələbələri xalqın qələbəsi adlandıran cənab İlham Əliyev bundan sonra da xalqa ləyaqətlə xidmət edəcəyinə and içərək yeni dövrdə dövlətin və xalqın qarşısında duran prioritetləri elan etmişdir. Ölkə başçısı qeyd etmişdir ki, ilk növbədə iqtisadiyyat və ordu gücləndirilməli, vətəndaş cəmiyyətinin inkişafına nail olunmalıdır. Çünki hələ də revanşist qüvvələr mövcuddur, sülh müqaviləsinin imzalanmasına maneələr vardır. Xarici təhdidlərə qarşı mübarizədə daxili birliyin, xalq-iqtidar birliyinin mühüm amil olduğuna diqqət çəkən cənab Prezident müharibədə qələbənin də bu amillə sıx bağlı olduğunu bildirmişdir.
Azərbaycançılıq ideologiyasına sədaqətin də mühüm amil olduğunu bildirən ölkə başçısı gənc nəslin milli dəyərlər, Vətənə sevgi və sədaqət ruhunda tərbiyəsinə diqqət yetirməyin vacibliyini vurğulamışdır: “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır.”
Cənab Prezident bundan sonra da bütün fəaliyyətində milli dəyərlərin inkişafına xüsusi önəm verəcəyini, xalqın rifahı naminə bütün resursların və potensialın səfərbər ediləcəyini qqeyd edərək enerji sahəsində də həyata keçirilən layihələrin genişləndiriləcəyini bildirmişdir.
Son olaraq qeyd etmək lazımdır ki, bir xalqın və dövlətin inkişafı ilk növbədə birlikdən, sabitlikdən, dəyərlərə sahiblikdən keçir. Bu amillərin yüksək səviyyədə təmin edilməsinə nail olan ölkə başçısına yeni dövrdə uğurlar diləyir və inanırıq ki bütün mübarizəmizin əsas hədəfi xalqa və dövlətə xidmət olacaqdır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri

Geri dön