Ana Sayfa > Özəl > Manaf Manafov : “Növbədənkənar seçkilər Ölkə Prezidenti cənab İlham Əliyevə xalqın sonsuz etimadını bir daha nümayiş etdirdi”
Manaf Manafov : “Növbədənkənar seçkilər Ölkə Prezidenti cənab İlham Əliyevə xalqın sonsuz etimadını bir daha nümayiş etdirdi”15-02-2024, 16:06. Yazar: sevinc1 |
“7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycanın tarixinə bütün ölkə ərazisində keçirilmiş ilk seçki kimi daxil oldu. Bu seçki həm də ölkəmizdə formalaşmış xalq-iqtidar birliyi sayəsində Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin, eləcə də ölkənin ərazi bütövlüyünün və suverenliyinin təsbiti oldu. Keçən il Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi bütün sözlərə tam əməl edərək üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Bu il isə, artıq həmin ərazilərdə Azərbaycan vətəndaşları öz Konstitusiya hüquqlarından istifadə edərək, Prezident seçkilərində iştirak etdilər.” Bu sözləri növbədənkənar Prezident seçkiləri ilə bağlı aia.az-a verdiyi açıqlamasında Nərimanov rayon MKTB-nin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib. Daha sonra müsahibimiz bildirib ki, Azərbaycan dövləti məhz ölkədə mövcud olan xalq-iqtidar birliyi sayəsində istənilən an bizə qarşı yönələcək bütün təxribatların qarşısını dərhal almaq gücünə sahibdir: “Ölkəmiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə apardığı və 44 günə parlaq tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsi, növbəti üç il ərzində dövlətimiz tərəfindən atılan məqsədyönlü addımlar və nəhayət 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu gün həm regionda, həm də ölkəmizdə tamamilə fərqli mahiyyətə malik olan yeni reallıqlar yaranıb. Birmənalı olaraq deməliyik ki, bütün bu müstəsna əhəmiyyətli parlaq qələbələr birbaşa Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla və müdrikcəsinə həyata keçirdiyi xarici və daxili siyasətin, eləcə də ölkəmizdə formalaşmış xalq-iqtidar birliyinin nəticəsində əldə olunub. Lakin hər zaman xatırlamaq lazımdır ki, Azərbaycanın dostları kimi, ölkəmizin uğurlarına sevinməyən düşmənlərinin də sayı kifayət qədərdir. Məhz bu qüvvələr tərəfindən ölkəmizə qarşı hazırlana biləcək növbəti təxribatların qarşısını almaq üçün Azərbaycanda siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir. Növbədənkənar Prezident seçkiləri də məhz bu məsələnin daha böyük effektivliklə həllinə xidmət edən tarixi hadisə oldu.” Sonda Manaf Manafov növbədənkənar seçkilərin Azərbaycan xalqının yenilməz iradəsinin daha bir nümayişi olduğunu qeyd edərək bunları deyib: “İlk növbədə qeyd olunmalıdır ki, növbədənkənar seçkiləri elan etməklə Ölkə Prezidenti cənab İlham Əliyev özünə inamını, xalqın siyasi dəstəyinə tam əminliyini bütün dünyaya nümayiş etdirmişdi. Əlbəttə ki, Azərbaycan xalqı da hər zaman olduğu kimi, öz Prezidentinə, öz Ali Baş Komandanına sonsuz inam və etibarını bir daha bəyan edərək, yenilməz iradəsini ifadə edərək bu seçkiləri ölkəmizdə formalaşmış milli birlik və həmrəyliyin növbəti böyük təntənəsinə çevirdi. Xalq 2003-cü ildə və sonrakı prezident seçkilərində olduğu kimi, bu dəfə də öz səsini Azərbaycanda Heydər Əliyev siyasi kursunun davam etdirilməsinə və bu yolla xalqı öz arxasınca apara biləcək qalib Liderə verdi. Bu münasibətlə möhtərəm cənab Prezidentimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Azərbaycanın taleyi ən etibarlı əllərdədir və yaxın gələcəkdə şahidi olacağımız yeni parlaq qələbələr, daha sürətli inkişaf və daha böyük uğurlar bunu bir daha sübut edəcək! ” – deyə, Manaf Manafov fikirlərini tamamlayıb. Geri dön |