Ana Sayfa > Özəl > Vətənlə birgə yaşayan Nurlan

Vətənlə birgə yaşayan Nurlan


16-02-2024, 10:41. Yazar: sevinc1
Vətənlə birgə  yaşayan Nurlan

44 günlük haqq savaşında Vətən, millət sevgisi ilə şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Nurlan Fərrux oğlu Əbilovdur. Vətənpərvərliyin ən ali məqamına yetişməklə ölümsüzlük qazanan bu, igidimiz Masallı rayonunun Ağakişibəyli kəndində dünyaya göz açıb. Vətənpərvər ruhda böyüyən Nurlanı tale lap uşaq yaşlarında ağır sınaqlar qarşısında qoyub. Həyatı dərk etməmiş atasını, 23 yaşında isə anasını itirib.
Nurlan Əbilov Vətəni, xalqı üçün daha gərəkli işlər görmək istəyi ilə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olub. Gələcəyi parlaq olsun deyə yaxşı da oxuyub. Amma anası xəstə yatdığına görə təhsilini dondurmaq məcburiyyətində qalıb. Təəssüf ki, nə qədər çalışsa da anasını zalım xəstəliyin əlindən ala bilmir. Əvəzində ana qədər əziz bildıyi Vətənin qisasını düşməndən almaqdan ötrü ordu sıralarına gedib. Cəbhə bölgəsində əsgəri borcunu yerinə yetirən Nurlan Əbilov ilk gündən nümunəvi xidməti ilə seçilib, mərd, cəsur, həyatın ağır üzünü görmüş ağıllı bir gənc kimi əsgər yoldaşlarının, komandirlərin sevimlisi olub. Üstəlik döyüş meydanında düşmənin başını əzmək üçün hərbi təlimlərdə fəal olub, bütün sınaqlardan uğurla keçib.
Bitib- tükənməyən Vətən sevgisi Azərbaycan Ordusunun əsgəri olan Nurlan Əbilovu 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində bir başa odlu-alovu səngərə aparıb. Ölüm-dirim savaşına atılandan erməni dığaların kabusuna çevrilib. Neçə-neçə çətin döyüşün qəhrəmanı olub Nurlan. Füzulinin azad edilməsi uğrunda isə yüksək şəxs rəşadət və şücaət nümayiş etdirib. 8 oktyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən baş nahiyəsindən ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq Nurlan Əbilov 19 aprel 2021-ci ildə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ömrünün bahar cağında- 26 yaşında əbədiyyət adlı dünyasına qovuşub.
Masallının Şərəfə kəndində əbədi məkan tapan Nurlan Əbilov Vətən sevgisi ilə bərabər iki övlad bizlərə əmanət qoyub. Layiq olduğu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, Xocavəndin, Füzulinin və Şuşanın azadlığına görə medalları onun müharibə zamanı göstərdiyi qəhrəmanlığına gözəl nümunədir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Geri dön