Ana Sayfa > Özəl > Prezident İlham Əliyev: "Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi”
Prezident İlham Əliyev: "Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi”15-02-2024, 20:41. Yazar: sevinc1 |
Dövlət başçısı İlham Əliyevin andiçmə mərasimindəki nitqində 20 ilin uğurları fonunda səsləndirdiyi hər bir çağırış ölkəmizin hər dövrün tələblərini yüksək səviyyədə yerinə yetirdiyini təsdiqləyir “Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.” Dövlət başçısı İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində son 20 ilin uğurlarını şərtləndirən amilləri bir daha diqqətə çatdırdı. 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində xalqın yüksək etimadını qazanaraq Azərbaycana rəhbərliyə başlayan, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalacağını bildirən cənab İlham Əliyev liderlik fəaliyyətini «Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz" prinsipi əsasında təkmilləşdirdi. Liderlik kefiyyətləri ilə seçilən, insanları ətrafına cəlb etməklə qüdrətli Azərbaycanı dünyada tanıdan cənab İlham Əliyev Prezident kimi KİV-lərə ilk müsahibəsində jurnalistin « Sizcə Sizi asan işlər gözləyir, yoxsa çətin» sualını əsl Liderə xas, xalqımızın milli ruhuna, zamanın tələblərinə uyğun, qətiyyətlə cavablandırdı "Həm çətin, həm də asan. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə çətinliklər də olacaqdır." Problemləri xalqa arxalanaraq, siyasi iradəsinə güvənərək həll edən, mövcud imkanlardan, daxili potensiallardan səmərəli istifadə etməklə zamanın yeni çağırışlarını, hədəflərini liderlik qətiyyəti ilə təhlil edib ən səmərəli variantın həllinə üstünlük verən Prezident İlham Əliyev güclü , qüdrətli Azərbaycan naminə yorulmadan çalışdı və bu gün də eyni qətiyyətinə sadiqdir. "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim" söyləyən Prezident İlham Əliyev Liderlik fəaliyyətində xalq iradəsini özü üçün fəaliyyət proqramı kimi dəyərləndirib. "Biz müstəqil ölkəyik, Biz böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər… Bizim taleyimiz öz əlimizdədir" söyləyən cənab İlham Əliyev Azərbaycanı dünya siyasətinə təsir imkanları artan ölkə səviyyəsinə çatdırdı. Müasir dövlətçilik tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan dünyanın iqtisadi sisteminə dinamik inkişafı ilə seçilən ölkə kimi inteqrasiya etdi. Dövlət başçımızın idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində ətrafında birləşdiyi cənab İlham Əliyevə etimadını təkrarladı. İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra Ermənistanın işğalından azad edilmiş ərazilərdə bərpa –quruculq işlərinə başlanılması ölkəmizin iqtisadi qüdrətini geniş mənada dünyada tanıdır. Qısa müddətdə 121 qəsəbə və yaşayış kompleksi inşa edilmiş, enerji və su təsərrüfatlarının inşasına, bərpasına diqqət artırılmışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli Bayrağımızın Qarabağın və Şərqi Zəngəzurun hər tərəfində dalğalanması və suverenliyimizin bərpası tarixi hadisədir və xalqımızda hədsiz qürur hissi doğurur. Bu gün dövlətimizin başçısı bölgəmizdə düşmənçiliyə son qoyulması, qarşılıqlı etimada əsaslanan davamlı sülhə, dincliyə, əmin-amanlığa nail olunması istiqamətində təşəbbüslər irəli sürür, bölgədə sabitliyin təminatı naminə çalışır, mübarizəsini əsl lider qətiyyəti ilə təsdiqləyir. Prezident İlham Əliyev dövlətimizin başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri nəzərdə tutulduğundan da artıq, yüksək səviyyədə yerinə yetirmişdir. Qalibyyət zirvəsində isə işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsində qazanılan Zəfərimiz dayanır. Bu gün Azərbaycan xalqı dövlətçilik tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Hər bir azərbaycanlı «Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq» sözlərini qürurula səsləndirir. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə və bir günlük lokal xarakterli antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizə möhtəşəm Böyük Qayıdışdır. Bu uğurların təməlində qətiyyəti, prinsipial, milli maraqlara hesablanmış ardıcıl siyasət , liderlik yenilməzliyi və nəhayət, güclü Azərbaycan amili dayanır. İqtisadi sistemin formalaşdırılması və təkmilləşdirilməsi, daim nəzarətdə olan maliyyə sabitliyi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin həllinə yönəldilən diqqət sayəsində cəmiyyətdə sabitlik və təhlükəsizlik üçün münbit şərait yaranmış, Azərbaycan siyasi sabitlik adasına çevrilmişdir. Ölkəmizdə hərbi sənayenin təkmilləşməsi, ordu quruculuğu istiqamətində aparılan islahatların keyfiyyət baxımından yenilənməsinin nəticəsidir ki, artıq dünyada sözünə imzası qədər dəyər verən Azərbaycanla bütün sahələrdə hasablaşırlar. Uğurlu, müstəqil və prinsipial xarici siyasət, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, ölkəmizin beynəlxalq nüfuzunun artması, dünyada etibarlı tərəfdaş imici qazanması 7 fevralda keçirilən prezident seçkilərinin nəticələri ilə bir daha təsdiqləndi. Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının bu siyasətə inamı, güvəni Prezident İlham Əliyevin seçkilərdə 92, 12 faiz seçici etimadını qazanması oldu. Prezident kimi andiçmə mərasimində "2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik" söyləyən cənab İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsi prosesində iştirakı, Ermənistana və hayların havadarlarına daha ciddi xəbərdarlıq oldu. Prezident İlham Əliyevin "Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək" sözləri qətiyyətlilik nümunəsi kimi xalq tərəfindən dəstəklənir. «Biz heç kimdən heç nə xahiş etmirik. Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olmayıb. Biz özümüzü tam təmin edən ölkəyik. Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik» söyləyən Prezident İlham Əliyev gələcək üçün nəzərdə tutulan inkişaf strategiyamızın istiqamətlərini də düzgün müəyyənləşdirir : Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, diplomatik uğurlar, xalq-iqtidar birliyinin möhkəmlənməsi. Dövlət başçımızın «Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək» sözləri xalqın öz müdrik rəhbərinə inamından və reallıqdan qaynaqlanır. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |