Ana Sayfa > Gündəm / Siyasət / Özəl > Gülər Sultanzadə: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi bütün sözlərə tam əməl edib”

Gülər Sultanzadə: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi bütün sözlərə tam əməl edib”


15-02-2024, 17:42. Yazar: sevinc1
Gülər Sultanzadə: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi bütün sözlərə tam əməl edib”

“7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycanın tarixinə bütün ölkə ərazisində keçirilmiş ilk seçki kimi daxil oldu. Bu seçki həm də ölkəmizdə formalaşmış xalq-iqtidar birliyi sayəsində Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin, eləcə də ölkənin ərazi bütövlüyünün və suverenliyinin təsbiti oldu. Son üç ərzində Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi bütün sözlərə tam əməl edərək üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Bu il isə, artıq həmin ərazilərdə Azərbaycan vətəndaşları öz Konstitusiya hüquqlarından istifadə edərək, Prezident seçkilərində iştirak etdilər. Dövlət başçımızın öz ailəsi ilə birlikdə Xankəndidə səs verməsi keçirilmiş seçkilərin siyasi əhəmiyyətini daha da artırdı. Bu qədim Azərbaycan şəhəri artıq hansısa qondarma separatçı rejimin təşkil etdiyi səhnələşdirilmiş “seçki oyunları”nın deyil, xalqın əsl iradəsini ifadə edən həqiqi seçkilərin şahidi oldu. Azərbaycan xalqı indiyədək heç zaman müşahidə olunmamış yüksək seçici fəallığı göstərərək, bu seçkiləri ən əziz, ən dəyərli gün kimi illər boyu səbirsizliklə gözlədiyini nümayiş etdirdi.”

Bu sözləri növbədənkənar Prezident seçkiləri ilə bağlı aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Daha sonra gənc partiya fəalı bildirib ki, keçirilmiş Prezident seçkiləri 2020-ci ildə, Vətən müharibəsi ərəfəsində ölkəmizdə özünün pik həddinə çatmış xalq-iqtidar birliyinin ötən müddət ərzində daha da möhkəmləndiyini açıq-aşkar nümayiş etdirdi: “Azərbaycan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə apardığı və 44 günə parlaq tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsi, növbəti üç il ərzində dövlətimiz tərəfindən atılan məqsədyönlü addımlar və nəhayət 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu gün həm regionda, həm də ölkəmizdə tamamilə fərqli mahiyyətə malik olan yeni reallıqlar yaranıb. Birmənalı olaraq deməliyik ki, bütün bu müstəsna əhəmiyyətli parlaq qələbələr birbaşa Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla və müdrikcəsinə həyata keçirdiyi xarici və daxili siyasətin, eləcə də ölkəmizdə formalaşmış xalq-iqtidar birliyinin nəticəsində əldə olunub. 7 fevral Prezident seçkiləri bu birliyin post-müharibə dövründə nəinki zəifləmədiyini, əksinə daha da möhkəmləndiyini göstərdi. Bu reallıq istər ölkədə yaşanan möhtəşəm ruh yüksəkliyində və əsl bayram ab-havasında, istər seçicilərin rekord həddə müşahidə olunan fəallığında, istərsə də seçkinin nəticələrində aydın şəkildə öz əksini tapdı. Növbədənkənar seçkiləri elan etməklə Ölkə Prezidenti cənab İlham Əliyev özünə inamını, xalqın siyasi dəstəyinə tam əminliyini bütün dünyaya necə nümayiş etdirmişdisə, Azərbaycan xalqı da öz müdrik seçimi ilə Qalib Liderinə sonsuz etimadını bir daha təsdiqlədi. Yenilməz iradəsini ifadə edən xalqımız bu seçkiləri ölkəmizdə formalaşmış milli birlik və həmrəyliyin növbəti böyük təntənəsinə çevirdi. Bu gün öz şanlı tarixinin yeni, epoxal dövrünə qədəm qoymuş Azərbaycanın taleyi ən etibarlı əllərdədir və yaxın gələcəkdə bütün dünyanın şahidi olacağı yeni parlaq qələbələr və daha sürətli inkişaf bunu bir daha sübut edəcək. ”

Sonda müsahibimiz Azərbaycanın daxil olduğu yeni dövrdə ölkəmizin daha da güclənəcəyinə əminliyini bildirərək bunları deyib: “Ölkə Prezidenti cənab İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində çıxış edərək Azərbaycanın bundan sonrakı inkişaf perspektivləri, qarşıda duran vacib vəzifələr və xüsusilə də dövlətin xarici siyasətinin əsas prioritetləri olacaq istiqamətlər barədə önəmli açıqlamalar təqdim etdi. Cənab Prezident xüsusi olaraq vurğuladı ki, dövlətin ən başlıca hədəfi hər zaman güclü Azərbaycan olub. Əlbəttə ki, güclü Azərbaycan ilk növbədə güclü və müstəqil iqtisadiyyat, qüdrətli ordu, müstəqil xarici siyasət yürütmək imkanı, milli birlik deməkdir. 2003-cü ildən keçən müddət ərzində möhtərəm dövlət başçımızın bütün fəaliyyəti məhz bu həyati əhəmiyyət kəsb edən amillərin təmin edilməsinə istiqamətlənmişdi. Əldə olunan möhtəşəm nəticələr isə, ötən illər ərzində qarşıda duran bütün vəzifələrin uğurla yerinə yetirildiyini gödtərir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, əgər güclü Azərbaycan qurulmasaydı, əgər ölkəmiz hansısa xarici qüvvələrdən istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydı, bu zaman Azərbaycan heç vaxt öz ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilməzdi. Heç bir şübhə yoxdur ki, növbəti illərdə Azərbaycan daha güclü olacaq və gələcək nəsillər də bu gücün daim artması üçün əllərindən gələni edəcəklər” – deyə, Gülər Sultanzasdə fikirlərini tamamlayıb.
Geri dön