Ana Sayfa > Siyasət / Özəl > Azərbaycan öz Qalib Lideri ilə yeni dövrə qədəm qoydu
Azərbaycan öz Qalib Lideri ilə yeni dövrə qədəm qoydu15-02-2024, 17:19. Yazar: sevinc1 |
Azərbaycan 7 fevral 2024-cü il tarixində keçirilmiş Prezident seçkilərindən sonra yeni dövrə qədəm qoydu. Fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, bütün Azərbaycan xalqının bu yeni dövr ilə bağlı böyük ümidləri və gözləntiləri var. Əlbəttə ki, bu ümidlərin doğrulması üçün çox çalışmaq lazımdır. Həmçinin yeni dövr qarşıya yeni vəzifələr də qoyur ki, bu vəzifələrdən də ən vacibləri sırasında ordu quruculuğu məsələsi qeyd olunmalıdır. Vətən müharibəsindən sonra bu istiqamətdə çox böyük işlər görülüb. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür. Lakin Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılmaqda davam edir. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha ermənilərə və onların təhrikçi havadarlarına ciddi xəbərdarlıq mesajıdır ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Cənab Prezident İlham Əliyev öz nitqində xüsusi olaraq vurğuladı ki, hazırda dövlət büdcəsinin ən böyük xərcləri hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Azərbaycan bu gün çox güclü hərbi sənaye kompleksi yaradır və artıq bu işlərin birinci mərhələsi başa çatıb. İkinci mərhələsi daha genişmiqyaslı olacaq. Təkcə bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, Azərbaycan bundan sonra həm özünü daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcək, həm də daha böyük həcmdə ixrac edəcək. Azərbaycan Ordusu təlimlərdə, paradlarda deyil, döyüş meydanında öz gücünü göstərmişdir. Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, bizim ölkədə ordu quruculuğu işi artıq uzun illərdir ki, məqsədyönlü şəkildə və böyük effektivliklə həyata keçirilir. Həmçinin ordumuzun 2020-ci ildə əldə etdiyi müasir döyüş təcrübəsi və yüksək Qələbə ruhu bu gün Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizə qarşı yönələcək istənilən təxribata dərhal cavab vermək əzmində olduğunu deməyə əsas verir. Qeyd olunduğu kimi, yeni dövrdə Azərbaycanın qarşısında duran daha bir önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Möhtərəm cənab Prezidentimizin dediyi kimi, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, həqiqətən də dünya təcrübəsində görünməmiş bir hadisədir. Bu gün keçmiş köçkün vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Dövlət başçısı bu proseslə əlaqədar konkret rəqəmlər təqdim edərək bildirdi ki, bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Nəzərdə tutulub ki, azad edilmiş torpaqlarda cari ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkün vətəndaş yerləşdirilsin. Artıq bu gün yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb və təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Azərbaycan dövləti Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracaq və o zaman artıq 140 min köçkün öz dədə-baba torpaqlarına həmişəlik qayıdacaq. Lütvəli Şıxəliyev, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri. Geri dön |