Ana Sayfa > Gündəm > Heç kim gizli rüşvət ala bilməyəcək... - Dərhal ictimailəşəcək
Heç kim gizli rüşvət ala bilməyəcək... - Dərhal ictimailəşəcək5-10-2016, 11:58. Yazar: admin |
Xəbər verdiyimiz kimi, Azərbaycanda korrupsiya halları barəsində müvafiq qurumlara məlumat verən şəxslər dövlət tərəfindən qorunacaq. Bununla bağlı “ Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna yeni maddələr irəli sürülüb. Qanunda məlumat verən şəxsin gizliliyinin qorunmasına zəmanət verilsə də, hər hansı məmurun öz işlədiyi qurumda baş verən korrupsiyaya halları barədə məlumat verib verməyəcəyi isə mübahisə doğurur. Bu barədə “Qafqazinfo”ya açıqlama verən millət vəkili Zahid Oruc qeyd edib ki, müxtəlif dövlət qurumlarında olan rəhbər şəxslər korrupsiya cinayətlərinin ilkin araşdırılması üçün müvafiq qurumlar yaradacaq: “Bu da vətəndaşlara imkan verəcək ki, hər hansı məsələni ilk ünvanda müzakirə etsinlər. Bununla cinayət faktlarının qarşısını zamanında almaq imkanları yaranacaq. Burada həmin şəxsin gizliliyinin, əmlakının qorunması nəzərdə tutulur. Bu mexanizm olaraq nəzərdə tutulur. Ancaq hökumət bütövlükdə o inama malik deyil ki, korrupsiya cinayətlərinin tam aradan qaldırılmasının ən ümdə yolu budur. Onsuz da son illər dövlət başçısı hansı qurumlarda işlərin korrupsiya yolu ilə həyata keçirilməsini görürsə, o orqanın səlahiyyətləri “ASAN Xidmət” ə verir”. Onun sözlərinə görə, qanuna təklif edilən əlavələrdə söhbət təkcə rəhbər şəxsin məlumat verməsindən getmir: “Əksər hallarda millət vəkillərinə də hansısa qurumda baş verən neqativ hallarla bağlı məktublar daxil olur. Belə ki hansısa idarədə malların alınması şişirdilmiş rəqəmlərlə müşayiət olunur, vəsaitlər düzgün xərclənmir. Korrupsiya öz mahiyyətinə görə gizlilik tələb edir. Artıq bu qanun layihələrinin ortaya çıxması ona dəlalət edir ki, hər hansı müəəssisədə baş verənlər ictimailəşəcək. Əgər tədbir görülməyəcəksə, məsələ daha yuxarı instansiyalarda müzakirə olunacaq. Qanunun zəifliyi isə ondan ibarətdir ki, burada hər bir şəxsin öz iş yerini itirmək qorxusu amilinə görə məsələni anonim saxlayaraq yalnız yuxarı orqanlara müraciət tendensiyaları özünü daha çox göstərə bilər. Bu da öz-özlüyündə həmin qurumların da yaradılmasını formallaşdıra bilər”. Geri dön |