Ana Sayfa > Siyasət > Azərbaycanla heç bir qüvvə təhdidlə danışa bilməz

Azərbaycanla heç bir qüvvə təhdidlə danışa bilməz


9-02-2024, 10:59. Yazar: sevinc1
Azərbaycanla heç bir qüvvə təhdidlə danışa bilməz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən ölkəmizin maraqlarını əks etdirən bir sıra mühüm məsələlərə toxunub.Öz növbəsində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdirərək , bunun Azərbaycan xalqı və dövləti üçün tarixi məqam olduğunu qeyd etdi, bu yeni şəraitin regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaratdığını vurğuladı.
Ölkə başçısı həmçinin dedi ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı.
Ölkəmizin maraqlarının bizim üçün hər şeydən önəmli oldugunu hər zaman önə çəkən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.
Prezident həmçinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdiyini bildirdi.
Azərbaycan Prezidenti ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri”nin sülh prosesinə ciddi zərbə vurduğunu, Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli olduğunu vurğuladı.
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.
Prezident İlham Əliyev bu xüsusda qeyd etdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Bununla yanaşı, dövlətimizin başçısı vurğuladı ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Azərbaycan Prezidenti qeyd etdi ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı vurğuladı ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

Geri dön