Ana Sayfa > Siyasət > Anar Nəbiyev: Azərbaycan daim ədalətə və beynəlxalq hüquqa söykənir
Anar Nəbiyev: Azərbaycan daim ədalətə və beynəlxalq hüquqa söykənir5-02-2024, 17:55. Yazar: sevinc1 |
Keçmişdən bu günə və gələcəyə baxdıqda görünən budur ki, Azərbaycan daim ədalətə və beynəlxalq hüquqa söykənir, bütün məsələlərin bu prinsiplər əsasında həllinə səy göstərir. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və bu xəttin son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılan möhkəm hüquqi baza 44 günlük İkinci Qarabağ müharibəsində öz sözünü dedi. Dünya bu məfhumların mövcudluğunu qəbul etdi. Azərbaycanın bu gün xarici siyasət uğurlarından bəhs edərkən dəyişməz prinsiplərinin rolu daim önə çəkilir. Belə ki, ölkəmiz böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətlər qurur və yeni prioritetlər üzrə inkişaf etdirir. Ölkəmizin mövqeyinin tarixi həqiqətlərə, real faktlara əsaslandığını bəyan edən dövlətimizin başçısı İlham Əliyev daim problemin həlli prosesinin uzanmasında işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə yanaşı, bəzi dövlətlərin maraqlarını xüsusi olaraq diqqətə çatdırdı. Bildirdi ki, görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Görünür, elə qüvvələr var ki, maraqlıdır bu münaqişə dondurulmuş, yarıdondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər. İşğalçı ölkənin beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması və bunun qarşılığında ona qarşı hansısa təzyiqin göstərilməməsi daha böyük iddialarla yaşamasına səbəb oldu. Rəsmi Bakı ən yüksək tibunalardan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü, Qarabağa müstəqillik verilməsi məsələsi qətiyyən müzakirə mövzusu ola bilməz. Ermənistan tərəfi bunu nə qədər tez başa düşsə və maksimalist, qeyri-realist, qeyri-qanuni yanaşmalardan imtina etsə, bu, onlar üçün də, sülh prosesi üçün də bir o qədər faydalı olar. Azərbaycan dövləti bu qətnamələrin icrası ilə bağlı vahib mexanizmin olmasının gərəkliyini bəyan etdi. Cənab İlham Əliyev dünyanın hüquq problemini yaşadığnı xüsusi qeyd edir. Dövlətimizin başçısı İlham Əliyevin Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşündə də bu kimi məqamlara xüsusi diqqət yönəldildi. Belə ki, Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasəti apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu bildirən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırdı. Dövlətimizin başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğuladı. Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirdi ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Göründüyü kimi, Azərbaycan bu gün də dünyanın ikili standartlar siyasəti ilə üz-üzədir. Ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədən, demokratik dəyərlərə hörmətsizlik edən bəzi dünya güclərinin atdıqları addımlar etimad mühitini sıfra endirir. Ölkəmiz hər bir məsələnin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlllinə səy göstərdiyi halda Fransa kimi bu və ya digər dövlətlərə “beynəlxalq hüquq dərsi keçən” dövlətlərin özləri atdıqları addımları ilə bu prinsiplərdən xəbərsiz olduqlarını təsdiqləyirlər. Fransa istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə öz maraqlarını Ermənistanın vasitəsi ilə həyata keçirməyə çalışır. Unudur ki, belə addımlarla özünə qarşı bir inamsızlıq yaradır. Regionda dayanıqlı sülhün təmin olunması üçün sülh müqaviləsinin imzalanması qaçılmazdır. Fransa sülh müqaviləsinin imzalanmasına maneə törətməkdənsə, bu prosesin tezliklə reallığa çevrilməsinə dəstək olsa daha yaxşı olar. Amma görünən odur ki, dünyada hüquq probleminin həlli hələ də mümkün deyil. Anar Nəbiyev YAP Qazax rayon təşkilatının sədri Geri dön |