Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Azərbaycanın müstəqil siyasət kursu bütün mütərəqqi qüvvələr tərəfindən alqışlanır və dəstəklənir”
Novruzəli Aslanov: “Azərbaycanın müstəqil siyasət kursu bütün mütərəqqi qüvvələr tərəfindən alqışlanır və dəstəklənir”3-02-2024, 12:55. Yazar: sevinc1 |
“Bu gün bəzi ermənipərəst Qərb dairələrinin qərəzli mövqelərdən çıxış edərək ölkəmizin uğur və nailiyyətlərinə kölgə salmaq cəhdləri ardıcıl olaraq fiaskoya uğramaqdadır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı müstəqil siyasət kursu, ölkəmizin getdikcə artan nüfuzu, o cümlədən beynəlxalq təsisatlara rəhbərlik etmək təcrübəsi bütün mütərəqqi qüvvələr tərəfindən alqışlanır və dəstəklənir. O cümlədən, fevralın 1-də Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqun ölkəmizə səfərinin gedişində bu məqamlar öz əksini tapmışdır. Dövlət başçımızın qəbulunda olarkən Baş katıb Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırmış, ölkəmizin Hərəkatın parlament ölçüsünün yaradılması təşəbbüsünü təqdir etdiyini xüsusi vurğulamışdır. Həmçinin qonaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu il keçiriləcək 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququnu ölkəmizin qazanması münasibətilə də dövlətimizin başçısını təbrik edərək, bu beynəlxalq tədbirin əhəmiyyətini bir daha qeyd etmişdir.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Fikirlərini davam etdirən deputat həmçinin bildirib ki, Prezident İlham Əliyevin qəbul zamanı bəzi Avropa təsisatlarının ölkəmizə qarşı əsassız və yolverilməz hücumları ilə bağlı səsləndirdiyi fikirlər Qərbin anti-Azərbaycan qüvvələrinə ünvanlanmış ciddi mesaj kimi qiymətləndirilməlidir: “Təəssüflər olsun ki, Azərbaycan istər 30 il davam edən işğal dövründə, istər 2020-ci ildə apardığı Vətən müharibəsinin davam etdiyi müddətdə, istərsə də tarixi Qələbəmizdən sonrakı dövrdə bəzi Avropa ölkələri, eləcə də müəyyən beynəlxalq təşkilatlar tərəfindən ikili standartlara məruz qoyulub və bu kimi cəhdlər indi də davam edir. Öz çıxışında cənab Prezident İlham Əliyev bu məsələlərə toxunaraq Azərbaycanın belə vəziyyətlə qətiyyən barışmayacağını bir daha vurğuladı. İlk növbədə diqqətə çatdırıldı ki, 28 il ərzində Azərbaycan torpaqlarının işğaldan azad olunması və məcburi köçkünlərin geri qayıtması istiqamətində keçmiş Minsk qrupu tərəfindən heç bir səmərəli addım atılmadı, Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı. Halbuki, bu istiqamətdə qətiyyətli addımların atılacağı təqdirdə II Qarabağ savaşına zərurət yaranmaya da bilərdi. Lakin bu baş vermədi, Azərbaycan öz torpaqlarını özü azad etdi. 44 günlük Vətən müharibəsi ölkəmizin qələbəsilə başa çatandan sonra da rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Əlbəttə ki, ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdur. Buna görə də Azərbaycan 2023-cü ilin sentyabr ayının 19-da bütün beynəlxalq hüquq normalarını gözləməklə antiterror tədbiri keçirdi və özünün bütün ölkə ərazisində suverenliyini tam bərpa etdi. Artıq bu gün iki ölkə arasında faktiki olaraq sülh mövcuddur. Amma, möhtərəm dövlət başçımızın dediyi kimi, bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalıdır və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Təəssüflər olsun ki, bu gün Qərbin ermənipərəst qüvvələrinin əlində bir alətə çevrilmiş Avropa Şurası Parlament Assambleyasının atdığı addımlar sülh prosesini əngəlləməyə istiqamətlənib. Əlbəttə ki, AŞPA-nın tutduğu mövqe parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir və əgər Azərbaycan nümayəndə heyətinin bu təşkilatda hüquqları bərpa olunmasa, bu zaman dövlətimiz tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacağı tamamilə məntiqə uyğun bir qərardır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |