Ana Sayfa > Gündəm > Cahangir Hacıyevin arvadını həbs etmək üçün Londona əməliyyat qrupu göndərildi
Cahangir Hacıyevin arvadını həbs etmək üçün Londona əməliyyat qrupu göndərildi4-10-2016, 11:29. Yazar: admin |
Azərbaycan hüquq-mühafizə orqanları Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanı yaxalayıb ölkəyə gətirmək üçün Londona əməliyyat qrupu göndərib. Bu sensasion fakt Cahangir Hacıyevin işi üzrə məhkəmə prosesinin bu günkü iclasında onun vəkili tərəfindən açıqlanıb. C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bildirib ki, Beynəlxalq Bank tərəfindən kredit ayrılan daxili layihələrə Dünyamin Xəlilov, xarici layihələrə Xəqani Bəşirov rəhbərlik edib: “Nə qədər tələb etsək də, onları çağırıb dindirmədilər. İstintaqda deyirlər ki, Xəqani Bəşirov Fransa vətəndaşıdı, onu necə gətirək?” C.Hacıyevin digər vəkili Aqil Layıcov çıxışında qeyd edib ki, Zamirə Hacıyevanı saxlayıb gətirmək üçün Britaniyaya istintaq qrupu gedib, amma gətirə bilməyiblər: "Necə olur, qrup yaradıb Zamirə Hacıyevanın arxasınca gedirlər, amma Xəqani Bəşirovun arxasınca getmirlər?" Xatırladaq ki, C.Hacıyevin arvadı Beynəlxalq Bankdan 18 milyon manat vəsaitin mənimsənilməsində ittiham olunur. Zamirə Hacıyevanın barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun beynəlxalq axtarışa verilməsinə dair qərarı bu il iyunun 1-də Bakının Nərimanov rayon məhkəməsi çıxarıb. Qərara əsasən Zamirə Hacıyeva Beynəlxalq Bankdan 2009-2015-ci illər ərzində bir neçə kredit kartı ilə üst-üstə 18 milyon manat çıxararaq şəxsi ehtiyacları üçün xərcləyib. Bura xanım Hacıyevanın Avropa ölkələrində lüks istirahət xərcləri, gözəllik salonlarının xidmətlərindən istifadə etməsi, təyyarə biletləri və s. daxildir. Qərarda deyilirdi ki, Zamirə Hacıyeva 2014-cü il noyabrın 15-də Bakı aeroportundan “London istiqamətində” ölkəni tərk edib və həmin vaxtdan Azərbaycana qayıtmayıb. Lakin məhkəmənin qərarında şübhəlinin barəsində beynəlxalq axtarış elan olunduğu bildirilsə də Z.Hacıyevanın adı İnterpol-un siyahısına daxil edilməmişdi. Geri dön |