Ana Sayfa > Manşet / Siyasət > Azərbaycanda yoxlamalar zamanı 44 hərbçi cəzalandırılıb

Azərbaycanda yoxlamalar zamanı 44 hərbçi cəzalandırılıb


31-01-2024, 16:45. Yazar: sevinc1
Azərbaycanda yoxlamalar zamanı 44 hərbçi cəzalandırılıb

Strateji Obyektlərin Mühafizə Dövlət Agentliyində 2023-cü il ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.

Dövlət Agentliyindən aia.az-a verilən məlumata görə, müşavirə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanılıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşvirədə çıxış edən Agentliyin rəisi general-mayor İlqar Abbasov bildirmişdir ki, geridə qoyduğumuz 2023-cü il ölkəmiz üçün uğurlu və mühüm siyasi, sosial və mədəni tədbirlərlə zəngin illərdən biri olmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi” ilə əlaqədar 2023-cü il “Heydər Əliyev ili” elan edilmiş, bu münasibətlə təsdiq edilmiş tədbirlər planına əsasən Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Aparatında və regional idarələrində il boyu silsilə tədbirlər keçirilmişdir.

İlin ən əlamətdar hadisəsi, şübhəsiz ki, 2020-ci il II Qarabağ müharibəsində qazanılmış tarixi zəfərdən 3 il sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Xankəndi şəhərinin düşmən işğalından azad edilməsi olmuşdur. Beləliklə də, Xankəndində separatçı rejimin ləğv edilməsi ilə Azərbaycanın hər bir qarış torpağı üzərində suveren hüququnun tam bərpa edilməsi kimi tarixi missiya tam yerinə yetirilmişdir. Dövlət başçısının Xankəndi paradında çıxışı, səsləndirdiyi bəyanatlar dövlət orqanları qarşısında daha mühüm vəzifələr qoymuşdur.

Fəaliyyətini Ölkə başçısının göstəriş və tapşırıqları əsasında quran Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən 2023-cü il ərzində ixrac neft və qaz boru kəmərlərinin, o cümlədən, qorunan şəxslərin və obyektlərin mühafizəsi təmin edilmiş, mühafizə olunan şəxslərə və obyektlərə qarşı yönələ biləcək terror, təxribat və hər hansı təhdidlərin vaxtında aşkar edilməsi və qarşısının alınması üçün zəruri işlər görülmüşdür.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 04.03.2023-ci il tarixli 2059 saylı Fərmanı ilə Agentliyin strukturunda və ali zabit heyəti vəzifələrinin sayında dəyişiklik edilmiş, döyüş xidmətinin qeyri-aşkar formada yoxlanılması, mühafizə zonasında yerləşdirilmiş şübhəli əşyaların aşkarlanması hallarının ciddi nəzarətə götürülməsi idarə rəislərindən bir qayda olaraq tələb edilmişdir. Nəticədə, 354 dəfə 895 yerdə (2022-ci il ərzində – 264 dəfə 670 yerdə) qeyri-aşkar yoxlamalar keçirilmişdir.

İxrac neft və qaz boru kəmərlərinin mühafizəsinin daha da səmərəli təşkil edilməsi məqsədilə 05 oktyabr 2023-cü il tarixdə BP şirkəti ilə Agentliyin rəhbərliyi arasında işgüzar görüş keçirilmiş və “Qarşılıqlı əməkdaşlıq haqqında” Protokol, “Səngəçal terminalının razılaşdırılmış mühafizə Qaydalar”ı imzalanmışdır.

Kadr korpusunun gücləndirilməsi, layiqli kadrların vəzifədə irəli çəkilməsi məqsədilə Agentlikdə genişmiqyaslı kadr islahatlarının aparılması 2023-cü ildə də davam etdirilmişdir. Hesabat dövründə könüllülük prinsipi əsasında, ümumilikdə, 228 nəfər həqiqi hərbi xidmətə qəbul edilmişlər. 2023-cü il ərzində 63 nəfər Vətən müharibəsi iştirakçısı xidmətə qəbul edilmişdir.

Xidməti fəaliyyətində fərqləndiklərinə görə Agentliyin 345 nəfər hərbi qulluqçusu mükafatlandırılmışdır. 15 nəfər hərbi qulluqçu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət mükafatlarına layiq görülmüşdür. 24 nəfər hərbi qulluqçu Türkiyə Respublikasında müxtəlif sahələr üzrə kurslara göndərilmişdir.

Agentlikdə aparılan xidməti yoxlamalar zamanı 44 hərbi qulluqçu cəzalandırılmış, onlardan 2 gizir, 4 baş çavuş xidməti uyğunsuzluğa və hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

Hesabat dövründə Agentliyə yeni səlahiyyətlər verilmişdir.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında ixrac neft və qaz boru kəmərlərinin mühafizə zonalarında müvafiq işlərin aparılması zamanı Energetika Nazirliyi ilə yanaşı, Agentliyin razlığının alınması öz əksini tapmışdır. Bundan başqa, “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydalarında dəyişiklik edilməsi haqqında” Fərmanın 3.7.1-ci bəndinə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi sözləri əlavə edilmişdir.

Hesabat dövründə Agentliyin maddi texniki bazasının gücləndirilməsi üçün bir sıra tədbirlər görülmüş, xidməti fəaliyyətin təşkili üçün nəqliyyat vasitələri alınaraq idarə və şöbələrin istifadəsinə verimiş, hərbi qulluqçuların keyfiyyətli əşya-geyim əmlakı və tanınma nişanları ilə təmin olunması davam etdirilmiş, Agentlik müasir tipli kompyuter və çap avadanlıqları ilə təmin olunmuşdur.

Çıxışın sonunda Agentiyin rəisi tələb etmişdir ki, Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən bu quruma göstərilən etimadı doğrultmaq üçün hər bir idarə, şöbə rəisi və hərbi qulluqçular məsuliyyətini dərk etməli, üzərinə düşən vəzifələri, döyüş tapşırıqlarını layiqincə və vaxtında yerinə yetirməli, müşavirədə sadalanan nöqsanların aradan qaldırılmasını təmin etməlidir. Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Prezidentin rəhbərliyi altında uğurla həyata keçirilən islahatların və stabilliyin qorunub saxlanılmasında daim fəal mövqe tutmalı, dövlətə və dövlətçilik ideyalarına sədaqətlə xidmət göstərməlidir.

Müşavirədə Agentliyin Aparatının və regional idarələrin rəisləri öz məruzələri ilə çıxış etmişlər.

Müşavirənin sonunda general-mayor İlqar Abbasov 07 fevral 2024-cü il tarixdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar, hər bir əməkdaşın seçkidə iştirakının təmin olunması, qorunan şəxslərə və obyektlərə yönələ biləcək hər hansı terror, təhdid və sair qanunazidd halların vaxtında aşkarlanması və qarşısının alınması üçün ayıq-sayıqlığın artırılması, mühafizə tədbirlərinin gücləndirilməsi barədə şəxsi heyətə göstəriş və tapşırıqlarını vermişdir.

aia.az
Geri dön