Ana Sayfa > Seçilənlər-1 > Büdcə 2017: O reallığa uyğundurmu?

Büdcə 2017: O reallığa uyğundurmu?


3-10-2016, 12:58. Yazar: admin


Hökumət 2017 – ci il üçün Dövlət büdcəsinin göstəricilərini açıqlayıb. Gözlənildiyi kimi gələn il üçün büdcə göstəriciləri cari ilin büdcə proqnozu göstəricilərindən həm gəlirlər və həm də xərclər üzrə az nəzərdə tutulub. Bu günlərdə mətbuat səhifələrində növbəti ilin büdcəsində xərclərin azalması ilə bağlı geniş müzakirələr açılsa da, onların azaldılması tənqid hədəfi seçilsə də, nədənsə azalmaların kökündə nələrin dayandığı araşdırılmır. Görünür tənqid etmək məsələyə münasibətin daha “asan yoldur.” Əslində burada aydın olmayan heç nə yoxdur. Sadə bir misal. Ailə büdcəsinin gəlirləri azalanda, ailənin xərcləri ixtisar edilir. Dövlət səviyyəsində də belə olur. Bu gün dünyanı bürümüş iqtisadi böhran səbəbindən dövlətin gəlirlərinin azaldığı bir şəraitdə, onun xərclərinin ixtisarı tam normal bir haldır. Bir mütəxəssis kimi bununla bağlı şəxsi mülahizəm isə ondan ibarətdir ki, növbəti il üçün bu xərclərin bir qədər də azaldılması daha doğru olardı.

Gələn ilin büdcəsində xərclərin bu şəkildə azaldılmasının əsas səbəbləri nədir? Hökumət nə üçün bu addımları atır? Gəlin bunun səbəblərini bir qədər araşdıraq.

2008-ci ildən başlamış və öz miqyası etibarilə keçən əsrin 30-cu illərinin Böyük iqtisadi depressiyası ilə müqayisə edilən iqtisadi böhran, dünya iqtisadiyyatında kifayət qədər ciddi təlatümlər yaratdı və bu prosses bu gün də davam edir. Bunun həqiqətən də belə olduğunu aidiyyatı beynəlxalq təşkilatların təqdim etdikləri hesabatlardan və vəziyyətlə bağlı onların verdikləri proqnozlardan çox aydın görmək mümkündür. Bu gün dünyada qlobal iqtisadi artım sürəti getdikcə zəifləyir. Beynəlxalq Valyuta Fondu bu məsələ ilə bağlı verdiyi proqnozları hər dəfə bir qədər də azaltmağa məcbur olur. Dünya iqtisadiyyatının nəhəngi olan ABŞ-da proqnozlaşdırılan iqtisadi artım əldə oluna bilmir.

Mütəxəssislər Çin və Hindistan iqtisadiyyatında gedən prosseslərdən kifayət qədər narahatçılıq ifadə edirlər. Cari ilin üçüncü rübündə bu iki nəhəng ölkənin neftə olan təlabatının gözlənildiyindən az olması ciddi düşünmək üçün əsasasdır. Ümumdünya Ticarət Təşkilatı 2015-ci ilin sentyabr ayında 2016-cı il üçün dünya ticarətinin artım sürətini 3,9% proqnozlaşdırdığı halda, cari ildə bu göstəricini əvvəlcə 2,8%-ə və sonda 1,7%-ə endirdi. Hələ bu da son deyil, bu rəqəmin hesabat ilinin dördüncü rübündə bir qədər də azalacağı gözlənilir. Dünya ticarətinin artım sürətini xarakterizə edən proqnoz göstəricinin bir ilin içərisində, ilin başa çatmasına hələ bir rüb qalmış 2,3 dəfə azalması nə deməkdir? Qlobal iqtisadiyyatın müəyyən tərəflərini və onun özünü bütövlükdə xarakterizə edən bu faktlar gələn il üçün Dövlət büdcəsinin xərclərini azaltmaqla bağlı hökumətin atdığı addımların kökündə dayanan əsas səbəblərdir. Yaranmış vəziyyətdə hökumət çox haqlı olaraq ehtiyatlı davranır. Azərbaycan dünya iqtisadi müstəvisinin bir parçasıdır və bu müstəvidə baş verən prosseslərin ondan tamamilə yan keçməsi mümkün deyil. Ölkə iqtisadiyyatının real sektora transfer edilməsi yolunda son bir il ərzində ölkə Prezidentinin atdığı qətiyyətli addımlara və bunun nəticəsi olaraq iqtisadiyyatda baş verən müsbət meyllərə baxmayaraq, hökumət gələn il xərclərə maksimum qənaət etmək yolunu tutmaqla çox doğru seçim etmiş oldu. Növbəti ilin büdcəsində xərclərin ixtisar edilməsini faciə hesab edənlər unutmasınlar ki, gələn il elə həmən büdcədə əmək haqlarının və təqaüdlərin artırılması üçün vəsait nəzərdə tutulub. Bu isə o deməkdir ki, dövlət iqtisadi böhrana və maliyyə çətinliklərinə baxmayaraq bütün hallarda vətəndaşlarının qayğısını çəkmək seçimi edə bilir. Sosial xərclərin azalması isə vəsait çatışmazlığı ilə deyil, bu sferada aparılacaq əsaslı islahatlarla bağlı olan məsələdir. Hökumət gələn il bu sferadakı islahatlarla insanların məşğulluğunu maksimum təmin etmək istiqamətində daha ciddi addımlar atmağı nəzərdə tutur.

Fikrət Yusifov

Iqtisad elmləri doktoru, professor
Geri dön