Ana Sayfa > Seçilənlər-5 > Küsəyən gül

Küsəyən gül


3-10-2016, 12:50. Yazar: admin



Bağban bağçada çoxlu güllər əkmişdi. Hər gün səhər durar, güllərinə baş çəkər, onları oxşayar, sulayardı. Güllər də biri-birindən gözəl idi. Hər birinin özünə məxsus ətri, gözəlliyi vardı. Hər biri bağbanın yolunu gözləyər,onu görüncə sevinər,ona tərəf boylanardılar. Bu, demək olar ki, hər gün təkrar olardı.

Amma güllərin arasında bir gül vardı. O gül başqa güllərdən bir az fərqli idi. Zərifliyi, ətri, duruşu, baxışı ilə də başqa güllərdən seçilərdi.

Bir də onun bir fərqi vardı ki, bir az küsəyən idi. Əgər bağban bağa girəndə birinci onu əzizləməsə, ona diqqət yetirməsə mütləq küsərdi, soluxsunardı. Küsəyən gül özü də öz xasiyyətinin əziyyətini çəkirdi. O da istəyirdi ki, başqa güllər kimi olsun, heç nəyə fikir verməsin. Bağbanın yolunu gözləməsin. Ondan diqqət ummasın. Amma özü ilə bacarmırdı ki, bacarmırdı. Çünki Tanrı onu belə yaratmşdı. Gözəl, ətirli, füsunkar və küsəyən.

Bağban da bunu bilirdi. Ona görə də küsəyən gülə qarşı daha diqqətli olmağa çalışırdı.

O biri güllər isə öz gül həyatlarını yaşayırdı. Onlarçın heç nəyin fərqi yoxdu. Təki bu bağçada yaşasınlar.

Günlərin bir günündə bağban yenə bağçaya gəldi. Gülləri üçün darıxmışdı. Onun güllərə başı elə qarışdı ki, küsəyən gülü unutdu.

Küsəyən gül bağbanın bağçaya gəlişini görmüşdü. Titrəyə - titrəyə onun yolunu gözləmişdi. Görəndə ki, bağbanın başı o biri güllərə qarışıb, onu unudub, ürəyi dözmədi, yavaş – yavaş solmağa başladı.

Birdən bağban öz küsəyən gülünü xatırladı. Tez küsəyən gülə doğru getdi. Amma çox gec idi. Gül tamam solmuşdu. Bağban nə qədər gülü əzizlədi, oxşadı, suladı. Heç bir faydası olmadı.

Küsəyən gül öz sevgisinin qurbanı olmuşdu.

Şəcahan Ramazanova

Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın ibtidai sinif müəllimi
Geri dön