Ana Sayfa > Özəl > 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib
20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib20-01-2024, 20:01. Yazar: sevinc1 |
Bu gün 34-cü ildönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsi xalqımıza qarşı törədilən misli görünməmiş qanlı bir cinayət idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Həmin gün özünün azadlığı və müstəqilliyi uğrunda dinc mübarizə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. 20 Yanvar tarixi həm də öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqın mənəvi qələbəsi, milli qürur hissinin təntənəsi günü idi. 34 il əvvəl törədilmiş bu qətliam, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq, həmçinin Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi. O da qeyd olunmalıdır ki, Sovet ordusunun cinayətləri təkcə həmin gecə ilə məhdudlaşmadı və hələ bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlar davam etdirildi. Bu faciənin miqyasının geniş olması üçün SSRİ rəhbərliyi öncədən müəyyən addımlar atmışdı. Belə ki, təxribat planına uyğun olaraq əvvəlcədən televiziyanın enerji bloku partladıldığından radio və televiziya verilişlərinin yayımı dayandırılmışdı, eyni zamanda, qəzetlər də nəşr olunmurdu. Mərkəzi mətbuat və Rusiyanın televiziya kanalları isə hadisəni təhrif edən yalan məlumatlar yaymaqda idi. Nəticədə görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar informasiyasız və köməksiz durumda acınacaqlı vəziyyətdə qalmışdılar. Kütləvi insan qırğını törədildikdən sonra, yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Ulu Öndər bildirmişdir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”. 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar əlilləri və şəhid ailələrinə diqqət və qayğı göstərir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib. Məhz bu faciədən sonra dünyada yaşayan azərbaycanlılar birləşməyə və vətənin azadlığı haqqında düşünməyə başladılar. Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinn xatirəsini əziz tutaraq deyib: “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Şəhidlər ölmürlər. Onlar öz adlarını qanları ilə tarixə yazıblar. Xalqımız öz torpağını sevir və onun yolunda hər zaman canından keçməyə hazırdır. Yaşadığımız müstəqillik tariximizdə igid oğullarımızın göstərdikləri qəhrəmanlıqları xalqımızın böyüklüyünü və mübarizliyini göstərir. Bu gün artıq Azərbaycan dövləti hamının arzuladığı kimi müstəqildir, bütün ərazilərində suverenlik təmin olunub. Vətən uğrunda canından keçmiş şəhidlərin arzuları həyata keçib. Allah bütün şəhidlərə rəhmət eləsin. Ramil Tağıyev Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbi PHŞ- nin direktoru Geri dön |