Ana Sayfa > Manşet / Siyasət > Yüksəliş və tərəqqi

Yüksəliş və tərəqqi


17-01-2024, 13:25. Yazar: sevinc1
Yüksəliş və tərəqqi

Azərbaycan son 20 ildə yüksək inkişaf və tərəqqi yolu keçmişdir. Prezident İlham Əliyev cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində bu məsələyə aydınlıq gətirərək bildirmişdir ki, son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi.
Müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkə əhalisi müstəqilliyin nə olduğunu dərk etdi, Azərbaycan müstəqil dövlət olaraq yeni bir inkişaf dövrünə qədəm qoydu. Ümummilli lider Heydər Əliyev həmin dövrdə deyirdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Ulu öndər üçün bu kəlam gəlişigözəl söz yığını deyildi. Çünki, onun üçün Vətənə - Azərbaycana xidmət həyatın, yaşamın özü idi və buna görə də o, ömrünün qalan hissəsini də xalqına həsr etdi. Hələ dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə Heydər Əliyev yeni iqtisadi sistemə keçidin zəruriliyini bəyan etməklə yanaşı, eyni zamanda keçid prosesində əhalinin sosial maraqlarının təminatını, xüsusən aztəminatlı insanların sosial müdafiəsini, iqtisadi potensialın ilk növbədə xalqın rifahına yönəldilməsini dövlətin strateji vəzifələrindən biri kimi qarşıya qoymuşdu. Heydər Əliyevin strategiyası bazar iqtisadiyyatına keçid şəraitində aparılan islahatların əhalinin rifahına mənfi təsirinin son dərəcə azaldılmasını və köklü iqtisadi islahatlar şəraitində etibarlı sosial müdafiə sisteminin qurulmasını tələb edirdi.
Hər kəsə məlumdur ki, Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan vətəndaş müharibəsindən xilas oldu, atəşkəs haqqında saziş imzalandı, əks halda, həmin vaxtlarda Azərbaycana sərmayə gətirmək, investorları sərmayə qoymaq üçün həvəsləndirmək, onları inandırmaq həddindən artıq çətin, demək olar ki, mümkünsüz bir məsələ olardı. Ancaq bütün bunlara baxmayaraq, ulu öndər 1994-cü ilin sentyabr ayında Azərbaycanın müstəqillik tarixində mühüm əhəmiyyəti olan “Əsrin müqaviləsi” kimi bir müqavilənin imzalanmasına nail oldu. Azərbaycan neftinin dünya bazarlarına çıxmasında gərgin əməyi olan Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini də öz əlləri ilə qoymuşdur. Bundan sonra, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz” layihəsinin reallaşması da bu dahi şəxsiyyətin xidməti idi.
Azərbaycan iqtisadiyyatının son 20 illik inkişaf tarixi bariz şəkildə göstərir ki, Heydər Əliyev məntiqindəki "müstəqillik-iqtisadiyyat" dialektikası öz dərinliyi, yeniliyi və konkretliyi ilə həmişə aktualdır, həmçinin dahi rəhbərin müəyyən etdiyi bütün sahələrdə islahatlar aparmaq yolu ilə ölkə iqtisadiyyatını inkişaf etdirmək və mövcud iqtisadi potensialdan istifadənin səmərəsini artırmaqla onu xalqın bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək kimi bir-birini tamamlayan iki istiqamət ölkənin müasir inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli kimi çıxış edir. Müstəqil şəraitdə, heç kimə ümid bəsləmədən iqtisadiyyatımızı düzgün inkişaf etdirməyi, öz sərvətlərimizdən səmərəli istifadə etməklə dövlətçiliyimizi möhkəmləndirməyi, təkcə siyasi-mənəvi deyil, həm də yüksək milli gəlir əldə etməklə insanların həyat səviyyəsini yaxşılaşdırmağı əsas şərt hesab edən Heydər Əliyev deyirdi: "Müstəqillik ona görədir ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizə yiyələnək və bu sərvətlərdən istifadə edərək xalqımızın daha yaxşı yaşamasına nail olaq". Bütün bunlar suverenliyin tam bərpasına xidmət edirdi. 2020-ci ildə Qarabağda erməni faşistləri üzərində əldə edilmiş qələbəni, 2023-cü ilin sentyabrında suverenliyimizin bərpası ilə sonuclandırdıq.
Beləliklə, 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bir dövrə tam yekun vurulur. Suveren ərazilərimizdə president seçkilərinin keçirilməsi yeni dövrün başlanğıcından xəbər verir. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları televiziya kanallarının əməkdaşlarına verdiyi müsahibədə deyir: “…İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Əgər biz seçkiləri vaxtında, yəni, 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır”. Fikrimizcə, 7 fevral seçkiləri Azərbaycanın yüksəliş və tərəqqisinin yeni dövrünün başlanğıcı olacaqdır. Dünyanın tanınmış analitikləri Azərbaycanda reallaşdırılan siyasəti uzun illər şərh edəcək, qazanılan nailiyyətlərdə Heydər Əliyev iqtisadi-siyasi ideologiyasının təntənəsindən söhbət açacaqlar.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

Geri dön