Ana Sayfa > Özəl > Vətənə sevgi payı

Vətənə sevgi payı


16-01-2024, 12:38. Yazar: sevinc1
Vətənə sevgi payı

Masallının Ərkivan qəsəbəsində dünyaya göz açan Sahib Yusif oğlu Şirəliyev uşaqlıqdan doğma Azərbaycana məhəbbət duyğuları ilə boya-başa çatdığına görə onun müqəddəs bir parçası olan Qarabağımızın erməni dığaları tərəfində işğala məruz qalmasına heç dözə bilmirdi. Elə hərbiçi olmağı da düşməndən qisas almaq arzusundan irəli gəlirdi. Odur ki, o, orta təhsilini başa vurub 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Yaxşı oxuyur, düşmənə qələbə çalmaq üçün hərbin sirlərinə mükəmməl yiyələnir.
Ürəyi Vətən sevdalı, həmişə millətinin şərəfini düşünən Sahib Yusif oğlu 2017-ci ildən Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti vəzifəsində hər qarış torpağına, daşın vurğun olan Azərbaycanın keşiyində durur. Bilik və bacarığı, yüksək döyüş hazırlığı sayəsində bu müqəddəs işin öhdəsindən şərəflə gəlir, böyük komandirlərin etimadını doğruldur. Eləcə tabeliyində olan əsgərlərə qayğı göstərir, onların dərin hörmətini qazanır. Və maqamı gələn anda Vətən, millət yolunda canından keçməyi özünə şərəf bilir. Nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərman və diplomlarla təltif edilir.
2020-ci sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda baş leytenant  Sahib Yusif oğlu Vətənə məhəbbət, düşmənə nifrət ruhunda döyüş meydanına girir. Dığalara vurduğu sarsıdıcı zərbələri ilə ilk gündən cəsurluğunu də təsdiq edə bilir. Hər dəfə atıldığı ağır savaşlardan zəfərlə çıxır, şəxsi heyətə nümunə olmaqla onları qələbəyə doğru aparır.
Baş leytenant oktyabrın 11-də Hadrut istiqamətində döyüşlərə qatılır. Rayonun azadlığı uğrunda ,eləcə onu nəzarətdə saxlayan vacib yüksəkliyin alınmasında xüsusi qəhrəmanlıq göstərir. Belə ki, rəhbərlik etdiyi əməliyyatdan sonra burada hər şey ordumuzun xeyrinə dəyişir. Vuruşmağa cəsarəti çatmayan düşmən xeyli sayda canlı qüvvə itirməklə silah-sursatını qoyub qaçmağa üz tutur. Daha sonra igid döyüşçü Tuğ, Qarabulaq kəndlərini, eləcə ərazidəki yüksəkliyi işğaldan azad etməkdə, Laçın dəhlizində şiddətli müharibədə yağıya qan qusdurur. Yaxşı vuruşmaqla bərabər, həm də döyüşçü yoldaşlarına mənəvi dayaq durur. Həmişə deyir: “Torpaq mərd igidlərin çiynində Vətən olur. Hər qarış torpağımız müqəddəsdir. Düşmən ayağı onun halallığını pozur. Onun bir qarışı belə yağı tapdağında qalmasın gərək. Məhz buna görə savaşımız haqdır, qələbə bizimlədir.”
Şuşa-Laçın yolunun 6-7 kilometrliyində savaşda baş leytenant Sahibin yüksək döyüş məharəti sayəsində düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilir. Lakin bu qəhrəman Vətən sevdalısının son döyüşü olur. Özü getsə də, torpağa axıtdığı qan qəlbə bayrağımıza dönür. Ömrünün 25 ilində canını Vətənə qurban verən baş leytenant Sahib Yusif oğlu noyabrın 14-də doğulduğu Ərkivan qəsəbəsində torpağa tapşırılır. Əbədi ürəklərə köç edən, ölümsüzlüyə qovuşan qəhrəman “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” Şuşanın, Laçının azadlığına görə medalları ilə təltif edilir.
Şəhidin atası Yusif kişi deyir:- Sahibin həyat yolu qısa oldu, qaldı ki, o, öz Vətəni, xalqı üçün yaşadı. İndi oğlumla bütün Azərbaycan fəxr edir. Sahib uşaqlıqdan hərbi-vətənpərvərlik verilişlərinə həvəslə baxırdı. İllər ötdükcə onda bu peşəyə maraq artdı və hərbiçi olmağa qərar verdi. Çətinliyinə baxmayaraq, Sahib hərbiçiliyi şərəfli, əsl kişi sənəti bilirdi. Müharibə başlayan gündən qəhrəman kimi döyüşdü, Vətənini yaşatmaq üçün şəhidlik zirvəsinə ucaldı.
”Oğlumuza toy etmək istəyirdik, amma qismət olmadı.. Bəyəndiyi qız da vardı. Sahib cəbhəyə gedəndə nigaran idim, dua etməkdən başqa əlacım qalmamışdı... Nələr ürəyimizdən keçirdi, nələrlə qarşılaşdıq,- bu fikirləri anası Şölə xanım söyləyir.
Məlumat üçün bildirək ki, şəhidin qardaşı Əli hərbiçidir. Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumunu bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Daxili Qoşunların tərkibində əsgərliyi başa vurandan sonra müddətdən artıq xidmətini davam edir. Qardaşı ilə son danışığını belə xatırlayır: “Dedi ki, ailədən muğayat ol! Qismətində şəhidlik varmış. Həm qardaşım, həm də yaxın dostum idi. Bir-birimizə çox alışmışdıq...”.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Geri dön