Ana Sayfa > Siyasət / Özəl > Hədəflərimiz məlum, mübarizəmiz qətidir
Hədəflərimiz məlum, mübarizəmiz qətidir15-01-2024, 12:56. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi yayımlanıb. İindiki vaxtda Azərbaycan Prezidentinin müsahibəsi çox mühüm bir vaxta düşür. Müsahibə ölkəmizin başçısının baş verən hadisələrə münaibətinin öyrnəliməsi və Azərbaycanın gələcəyə baxış siyasətinin mahiyyətini izləmək baxımından olduqca önəmlidir. Qeyd edək ki, cənab İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı, ölkə Prezidentinin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir. 30 il ərzində ölkəmizin dəyişdiyini, iqtisadi və siyasi baxımdan çox inkişaf etdiyini bildirən ölkəmizin başçısı bildirmişdir ki, bu dəyişiklilərə rəğmən, bizim başlıca məqsədlərimiz- dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı yönündə fəaliyyətimiz dəyişməz olaraq qalıb. Müstəqilliyin lap əvvəllərindən ərazi bütövlüyüyümzün bərpası istiqamətində atılan addımlar 2020-ci ildə demək olar ki, öz nəticəsini vermişdir. Bu da ilk növbədə fəal regional siyasətin həyata keçirilməsi və 44 günlük müharibədə Azərbaycan ordusunun qətiyyətli qələbəsi nəticəsində mümkün olmuşdur. Tarixin dönüş nöqtəsi kimi xarakterizə olunan 2003-cü ildə Azərbaycan xalqının düzgün seçim etməsi və ulu öndər Heydər əliyev siyasətinin davam etdirilməsinə dəstək verilməsi məhz bu nəticələrdə xüsusi rola malikdir: “Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.” 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpa olunmasını və tarixi ədalətin bərqərar olunmasını təmin edən lokal xarakterli antiterror tədbirlərini şərtləndirən amillərə dair sualı cavalandıran cənab İlham Əliyev dedi: “Yəqin ki, onlar gözləmirdilər bu əməliyyat keçiriləcək və kimsə görünür onları inandırmışdı ki, onlar sona qədər orada öz separatist dırnaqarası qurumunda, o qurum çərçivəsində fəaliyyət göstərə biləcəklər. Halbuki bizim onlara göndərdiyimiz bütün mesajlar açıq və birmənalı idi. Onu da bildirməliyəm ki, İkinci Qarabağ müharibəsi başa çatandan bir müddətdən sonra yerli ermənilərin bəziləri bizim nümayəndələrimizə çıxaraq təmaslar haqqında təkliflər vermişdilər və biz də imtina etmədik. Çünki bizim məqsədimiz suverenliyi tam bərpa etmək idi və burada yaşayan əhalini inandırmaq idi ki, onlar vahid Azərbaycan dövləti çərçivəsində rahat və təhlükəsiz yaşaya bilərlər. Bizim niyyətimiz çox açıq, aydın idi və o təmaslar əsnasında bəzi müsbət addımlar da atılmışdı. Yəni ki, yeni Laçın-Xankəndi yolu marşrutunun müəyyən edilməsi, çəkilməsi çox önəmli hadisə idi və 23 aprel hadisələrinin elə bil ki, təməlini qoymuşdu. Çünki biz artıq yeni yol çəkərək Laçın şəhərini özümüzə qaytardıq. Onu da bildirməliyəm ki, avqustun əvvəlində artıq yol hazır olandan sonra biz Rusiya sülhməramlı qüvvələrinin komandanlığına xəbər göndərmişdik ki, biz avqustun 5-də artıq o yola çıxırıq və Laçını götürürük nəzarətimizə. Yəni o, bir bildiriş idi. O, bir xahiş deyildi, bildiriş idi. Ondan sonra bilirsiniz ki, yerli ermənilər vaxt istəmişdilər, avqustun 25-nə qədər. Biz də razılıq verdik və avqustun 26-da Laçına girdik. Yəni ki, bütün bunlar sentyabr hadisələrinə gedən yolun bir hissəsidir. Digər müsbət sayıla biləcək hadisələr də olmuşdur, o cümlədən Zabux kəndində evlərin yandırılmaması. Halbuki mən sizə deyə bilərəm ki, ermənilər tərəfindən tikilmiş bütün evləri biz sökdük, yerlə-yeksan etdik və Zabuxda indi yerləşən Azərbaycan vətəndaşları bizim tərəfimizdən tikilmiş evlərdə yaşayırlar. Ancaq o fakt özlüyündə bir göstərici idi. Biz də bunu müsbət qarşılamışdıq. Sanki Kəlbəcərdə, Laçında evlərin yandırılması və ağacların kəsilməsi vəhşiliklərindən sonra bu, bir qədər normal addım sayılır. Yəni, bütün bu müsbət hadisələr deməyə əsas verirdi ki, qan tökülmədən, heç bir əməliyyat aparılmadan biz öz suverenliyimizi bərpa edəcəyik və Qarabağ ermənilərinə də dəfələrlə deyilmişdir ki, yeganə yolunuz budur: kim istəyir burada qalır, Azərbaycan vətəndaşı kimi yaşayır, kim istəmir, Ermənistana və başqa yerə gedir. Hətta Laçında keçmiş məcburi köçkünlərlə görüş zamanı - may ayının 28-də mən açıq demişdim ki, onların bir yolu var: qanunsuz qurumu buraxmaq, bizə təslim olmaq və bizə tabe olmaq. Bunu mən açıq demişdim. Mən bu və bütün başqa məsələlərdə, bütün çıxışlarımda tam səmimiyəm və hesab edirəm ki, Ermənistan tərəfi artıq bunu bilir. Nəyi deyiriksə, onu da edirik və onu nəzərdə tuturuq. Ancaq görünür ki, başqa mesajlar da verilmişdi onlara. Təbii ki, burada beynəlxalq aktorlar da çox mənfi rol oynamışdılar. Ermənistana və separatçılara müəyyən ürək-dirək mənası daşıyan mesajların verilməsi onlarda belə bir fikir yaratdı ki, onlar bax, bu vəziyyətlə bağlı heç nə etməməlidirlər.” Ermənistan Respublikası ilə sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərin yaradıldığını qeyd edən cənab Preizdent İlham Əliyev bildirmişdir ki, “Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bunun iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsi olacağını vurğulayan dövlətimizin başçısı deyib: “Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılması, əhalinin doğma torpaqlara qayıdışı, bərpa və quruculuq işləri ölkə gündəminin əsas mövzularından biridir. Bu mövzuya dair sualları cavablandıran ölkə başçısı bunları söyləmişdir: “Sadəcə olaraq, bütün böyük infrastruktur layihələri ilə yanaşı, hesab edirəm ki, əsas nailiyyətimiz odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə mənim tərəfimdən təsdiq olunacaq, bir neçə dəfə artıq müzakirədən keçib. Həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı bizim əsas alətimizdir, bərpa üçün əsas alətimizdir. Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bunlar nəhəng layihələrdir. Bildiyiniz kimi, su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanalar, artıq başlamışdır onların inşaatı, bəziləri artıq istifadəyə verilmişdir. İçməli su xətləri, elektrik enerjisi ilə bağlı layihələr, suvarma ilə bağlı qeyd etdiyim su anbarları, məsələn Sərsəng Su Anbarı - bu gün anbarda ancaq 50 faiz su var. Çünki işğal dövründə ermənilər ancaq onu istismar ediblər. Yəni, oraya bir qəpik də vəsait qoyulmamışdı. Xaçınçay Su Anbarı tamamilə məhv edilmişdi, indi bu yaxınlarda açıldı. Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışını edəcəyik. Suqovuşanı biz yenidən qurduq, indi kanallar çəkilir. Ondan sonra Zabuxçay Su Anbarının inşası bu il tamamlanacaq, o da böyük ərazini suvarma suyu ilə təmin edəcək. Yəni, keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait olmalıdır. Onu da bildirməliyəm ki, qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı bizim qurumlarımız ciddi məşğuldur və həm gedənə qədər onlar üçün treninqlər keçirilir, həm də yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır və yaradılacaq. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək.” Bu müsahibə ölkə başçısının 20 illik bir dönəmə dair qısa hesabatı olsa da çox mühüm məsələrə aydınlıq gətirməklə Azərbaycan cəmiyyətinə keçilən yolun konkret tezislərinin çatdırılmasında xüsusi önəm daşıyır. Təbii ki, xalq bu prosesin bilavasitə iştirakçısı kimi öz Liderinin fəaliyyətini daim izləyir, onunla bərabər mübarizı aparır və bu mübarizənin önündə gedir. Cənab Prezident də həmin mübarizəningələcək hədəflərini bir daha göstərərək gedəcəyimiz yolu, aparacağımız mübarizəni detallarına qədər aydın və konkret xarakterizə etdi. Bir daha aydın oldu ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır. Öz tarixi ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Geri dön |