Ana Sayfa > Siyasət / Özəl > Azad olunmuş ərazilərdə keçiriləcək ilk seçki Prezident seçkiləri olmalıdır
Azad olunmuş ərazilərdə keçiriləcək ilk seçki Prezident seçkiləri olmalıdır12-01-2024, 10:28. Yazar: sevinc1 |
Ölkə Prezidenti cənab İlham Əliyevin bu ilin 10 yanvar tarixində yerli telekanallara verdiyi müsahibəsində ölkə və dünya ictimaiyyətini maraqlandıran ən mühüm məsələlər barədə ətraflı açıqlamalar təqdim olunmuşdur. Bu açıqlamalarda həm Azərbaycanda gedən proseslər, həm regional məsələlər və həm də qlobal beynəlxalq müstəvidə cərəyan edən hadisələr obyektiv təhlilini tapmışdır. Əlbəttə ki, Azərbaycan ictimaiyyətini bu gün ən çox maraqlandıran məsələlərdən biri cari ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar seçkilərlə bağlıdır. Buna görə də dövlət başçımızın seçkilərlə bağlı verilən sualı cavablandırarkən səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə cənab Prezident İlham Əliyev növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın qəbul edilməsini şərtləndirən əsas məqamlardan biri kimi suverenliyimizin tam bərpa olunmasını göstərdi. Məlumdur ki, 2023-cü ilin sentyabr ayında Azərbaycan öz tarixinin yeni bir dövrünə qədəm qoymuşdur. Bu baxımdan prezident seçkilərinin bu yeni dövrün başlanğıcı olması tamamilə doğru bir fikirdir. Digər tərəfdən isə, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkənin istisnasız bütün ərazisində keçiriləcək. Nəzərə alsaq ki, prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilərdir, artıq işğaldan azad edilmiş bölgələr də daxil olmaqla ölkənin bütün ərazisində keçiriləcək birinci seçkilərin də məhz prezident seçkiləri olması tamamilə məntiqə uyğundur. Möhtərəm dövlət başçımızın dediyi kimi, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinin əsas səbəbi yeni dövrün başlanmasıdır. Məlumdur ki, bu gün bəzi Qərb ölkələri hələ də Azərbaycanın 2023-cü ildə öz suverenliyini bərpa etmək məqsədilə sentyabr ayında uğurla həyata keçirdiyi antiterror əməliyyatının nəticələrini qəbul etmək istəmirlər. Xüsusilə Fransa hökuməti bu mövzuda hətta ermənilərin özlərindən daha çox canfəşanlıq edir. Bu baxımdan qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyevin öz müsahibəsində antiterror tədbirinin keçirilməsini zəruri edən amillər barədə təqdim etdiyi detallı açıqlamalar ölkəmizin bu qələbəsini hələ də qəbul etməyən Fransanın və digər anti-Azərbaycan qüvvələrin qərəzli və haqsız mövqelərini bir daha ifşa etmiş oldu. Azərbaycan hər zaman bütün məsələlərdə olduğu kimi, özünün dövlət suverenliyini də qan tökülmədən, dinc yolla bərpa etmək üçün bütün imkanları sınadı. Hətta Qarabağın erməni əhalisinə də dəfələrlə bəyan edilmişdi ki, onlar bu torpaqlarda vahid Azərbaycan dövləti çərçivəsində rahat və təhlükəsiz yaşaya bilərlər. Əlbəttə ki, orada yaradılmış qondarma rejimə bu təklif aid ola bilməzdi. Separatçı rejim dərhal ləğv olunmalı, onların rəhbərləri isə təslim olmalı idilər. Lakin müəyyən xarici qüvvələr Xankəndidəki separatçıları inandırmışdı ki, onlar sona qədər orada öz istədikləri kimi fəaliyyət göstərə biləcəklər. Həmin qüvvələrin Ermənistana və separatçılara müəyyən dəstək mənası daşıyan mesajların verilməsi onlarda belə bir xəyal yaratmışdı ki, bu vəziyyət sona kimi davam edə bilər. Məhz bu zərərli arxayınlıq hissinin nəticəsi olaraq, ötən ilin sentyabr ayının 2-də Ermənistanın baş naziri Paşinyan separatist rejimə “müstəqillik günü” münasibətilə təbrik məktubu göndərimişdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu, həm qırmızı xəttin pozulması idi, həm də ki, ümumiyyətlə, çox təzadlı bir addım idi. Çünki ondan qabaq Ermənistanın baş naziri Qarabağı Azərbaycan torpağı kimi rəsmən tanımışdı və bunu dəfələrlə bəyan etmişdi. Sentyabrın 9-da isə Xankəndidə məlum qanunsuz seçkilər keçirildi və bu da ikinci qırmızı xətt oldu. Artıq Azərbaycanın öz suverenliyini bərpa etməsi üçün hərbi əməliyyat keçirməkdən başqa yolu qalmadı. 23 saatdan da az müddət ərzində davam edən antiterror əməliyyatı erməni hərbi birləşmələrində olan təqribən 15 minə yaxın hərbçinin tez bir zamanda təslim olması ilə başa çatdı. Bu növbəti tarixi Qələbə bir daha bütün dünyaya göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışmaq olmaz. Fransanın qərəzli mövqeyinə gəlincə isə, cənab Prezident İlham Əliyev birmənalı olaraq bildirdi ki, Azərbaycan bu kimi hücumların qarşısında özünü sadəcə müdafiə etməklə kifayətlənəcək ölkə deyil. Fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlayacağı faktlar həddindən artıq çoxdur. Bu gün Fransa müstəmləkələrə sahib olmağı, onları idarə etməyi, sıxışdırmağı, viran qoyulmuş ölkələrin bu müstəmləkə zülmündən qurtulmasına imkan verməməyi adi bir hal kimi qəbul edir. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu məsələni qaldırıb və Bakı təşəbbüsünü irəli sürməklə müstəmləkə ərazilərinin nümayəndələrinin iştirakı ilə tədbirlər həyata keçirir. Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi başa çatsa da, Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirəcək və fransız neokolonializminin ifşa olunması, müstəmləkələrin Fransanın zülmündən azad olunması prosesini hər vasitə ilə dəstəkləyəcək. Arif Fərzəliyev, YAP Cəbrayıl rayon təşkilatının sədri Geri dön |