Ana Sayfa > Siyasət / Özəl > Qalib sərkərdənin manifesti
Qalib sərkərdənin manifesti7-01-2024, 17:24. Yazar: sevinc1 |
3 il əvvəl qazandığımız möhtəşəm qələbənin möhürünün vurulduğu il kimi tarixə qovuşan 2023-cü il arxada qaldı. Azərbaycan xalqının tarixinə qürur və fəxarət kimi yazılan bu ilin qəhrəmanı da xalqımız və onun siyasi Lideri oldu. Xalqın birliyinin təcəssümü bizi qələbədən qələbəyə apardı. Dünya siyasətçiləri içərisində seçilən, öz müdrik siyasəti ilə tarixin gedişinə təsir edərəkj bu gedişatı xalqımızın xeyrinə həll edən cənab Prezident İlham Əliyev dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciət elədi. Bütünlüklə nikbin notlar üzərində qurulmuş bu müraciət bizi qürurlandırdı. Cənab Prezident qalib sərkərdə məğrurluğu ilə doğma xalqına müraciət edərək bayramlar münasibətilə təbrikini və gələcək fəaliyyətin mesajlarını çatdırdı. Ölkə başçısı qazanılan qələbənin mühüm əhəmiyyət daşıdığını qeyd edərək bildirdi ki, 2023-cü ildə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir: “2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Bu tarixi hadisə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm.” Arxada qalan ildə “Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır.” Azərbaycan Prezidentinin bayram müraciəti milli maraqların təmin olunması baxımından həm də mühüm həmlə xarakteri daşıyır. Xüsusən ikili standartlarla yaşayan Qərbə və Ermənistan rəhbərliyinə ünvanlanan xəbərdarlıq fonunda Azərbaycanın güc və imkanları bir daha ön plana çıxmış oldu. Ölkə Prezidentinin dediyi kimi, adıçəkilən subyektlər, xüsusən “Ermənistan rəhbərliyi bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin”. İlk növbədə Ermənistanın işğalçılıq siyasəti nəticəsində, xüsusən mülki insanlara qarşı törədilən çoxsaylı cinayətlərin, o cümlədən Xocalı qurbanlarının qisası bu il döyüş meydanında alındı. Habelə, Azərbaycan 2023-cü ilin aprel ayında sərhəd bütövlüyümüzü tam bərpa edərək Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurmaqla dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrə göstərmiş oldu ki, cənab İlham Əliyevin dediyi kimi, “Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilməz”. Bu, əlbəttə, 2024-cü ilə Azərbaycanın hərbi-siyasi qalib subyekt, hər bir azərbaycanlının isə məğrur, alnıaçıq vətəndaş kimi daxil olması deməkdir. Bu reallıqdan isə dövlət başçısının ifadə etdiyi kimi, “Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir”. 2023-cü ilin ən mühüm nailiyyətlərindən biri də, heç şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən böyük quruculuq prosesidir. 2023-də Talış kəndinə, mayda Laçına, avqust ayında Füzuli şəhəri və Zabux kəndinə ilk, o cümlədən il ərzində Ağalı kəndinə növbəti köçlərin baş tutmasına nail olan siyasi iradənin qətiyyəti ilə, 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda il ərzində Azərbaycan üçün prinsipial məsələ olan Xocalı və Xankəndiyə böyük qayıdış başlanacaq. Cənab Prezidentin çıxışı ilə verdiyi bu müjdə əslində indidən 2024-cü ilin tariximizin mühüm səhifələrindən biri olacağını deməyə əsas verir. İlk növbədə qeyd etmək yerinə düşər ki, indiki şəraitdə güc amili mühüm önəm daşıyır. Buna görə də daim səfərbər olmaq, güclü ordu formalaşdırmaq, iqtisadiyyatı inkişaf etdirmək və təcavüzkarın çəkincəyi qüvvəyə mailk olmaq lazımdır. Azərbaycan Prezidentinin bəyanatlarının təməlində də məhz real hərbi-siyasi və iqtisadi güc amili dayanır və dövlət başçısı özü də bunu açıq şəkildə bəyan etdi. “Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik”. Eyni yanaşma ilə, 2024-cü il hərbi sənayemizin inkişafında da mühüm dövr olacaq və tarixi çıxışda da ifadə olunduğu kimi, “gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq, hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq”. Qeyd etdiyimiz reallıqlar Azərbaycan üçün bu gün bir həqiqətdir. Son 20 ildə ölkəmnizin başçısı bu tələblərin hamısına nail olmaq üçün əlindən gələn hər şeyi etmişdir. Bu birmənalı şəkildə dünya güclərini bizimlə hesablaşmağa, cənubi Qafqaz regionunda ölkəmizin söz sahibi olması reallığını qəbul etməyə məcbur etmişdir. İndi Ermənistanın havadarları da bu reallıqları görür və barışmağa məhkumdurlar. Bu reallıqlarla barışmaq istəməyənlərlə bağlı isə Müzəffər Ali Baş Komandanın mövqeyi aydın oldu: “Bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Geri dön |