Ana Sayfa > Özəl > Gələn il Xocalı və Xankəndi sakinlərinin öz evlərinə qayıdacaqları xəbəri bütün xalqımızın sonsuz sevincinə səbəb oldu
Gələn il Xocalı və Xankəndi sakinlərinin öz evlərinə qayıdacaqları xəbəri bütün xalqımızın sonsuz sevincinə səbəb oldu2-01-2024, 15:09. Yazar: sevinc1 |
Ölkə Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa etdiyi müraciətində ötən ilin ən önəmli nailiyyətləri barədə detallı açıqlamalar təqdim olunmuşdur. Bununla belə qeyd edilməlidir ki, 2023-cü ildə əldə olunmuş bütün uğur və qələbələrimizin təməlində məhz 2020-ci ildə Azərbaycanın imza atdığı tarixi Zəfər durur. Məhz həmin ildə Azərbaycanın Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz xalqına tarixi Qələbəni bəxş edərək müzəffər Orduya çevrildi. Əlbəttə ki, bu Zəfərimiz uzun illərin gərgin səyləri nəticəsində əldə edilmişdir və Ölkə Prezidenti cənab İlham Əliyevin bu məsələdə hər zaman şəxsən xüsusi diqqət mərkəzində saxladığı ordu quruculuğu məsələsi sözsüz ki, müstəsna önəm kəsb etmişdir. Şanlı Azərbaycan Ordusunun gücünə, yüksək döyüş qabiliyyətinə 44 gün davam edən Vətən müharibəsinin gedişi zamanı bütün dünya şahid oldu. Nüfuzlu dövlətlərin əks fikirlərinə rəğmən cənab Prezident İlham Əliyev hər zaman deyirdi ki, münaqişənin hərbi yolla həlli variantı var və lazım gələrsə Azərbaycan bu yoldan istifadə etmək hüququnu özündə saxlayır. Sonda Azərbaycan məhz bu hüququndan istifadə etdi. 2020-ci il sentyabrın 27-də cəbhədə törədilən növbəti erməni təxribatından sonra Ali Baş Komandanımızın əmri ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə hərbi əməliyyatlara başladı və noyabr ayının 10-da Ermənistan faktiki olaraq özünün kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Ölkəmiz Zəfər yolunda irəliləyişini Heydər Əliyev İlində də davam etdirdi. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bundan beş ay sonra keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. 15 oktyabr tarixində isə, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında şəxsən özü Azərbaycan Bayrağını qaldırdı. Bununla da dövlət başçısı öz xalqına verdiyi bütün vədlərinə tam əməl etmiş oldu. Bir vacib məqamı da qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin həlli bütün Cənubi Qafqazın təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyət kəsb edir. Təbii ki, yeni reallıqların müəllifi olaraq, yaranmış imkanlardan da ən çox bəhrələnən məhz Azərbaycan olmalıdır. Hazırda ölkəmiz işğaldan azad edilmiş bütün ərazilərdə möhtəşəm infrastruktur layihələr reallaşdırmaqda davam edir. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Azərbaycan dövləti ölkənin şəhərlərini, kəndlərini yenidən qurur və artıq bu il 5 minə yaxın keçmiş köçkün vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmışlar. Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır - 28 May tarixində Laçında böyük bayram günü idi. Həmçinin cənab Prezident İlham Əliyev 2024-cü ildə daha bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlərin, qaçqınların qayıdacaqlarını anonsladı. Bu, həmin insanlara yeni il ərəfəsində ən böyük müjdə oldu. Gələn il ərzində Xocalı və Xankəndi sakinlərinin də öz evlərinə qayıdacaqları xəbəri isə, bütün xalqımızın sonsuz sevincinə səbəb oldu. Ermənilər 30 il ərzində bizim torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi binaları, məscidlərimizi yerlə-yeksan etmiş, bizə qarşı soyqırımı, eyni zamanda, urbisid, ekosid törətmişlər. Bizim çaylarımız zəhərləndi, bizim meşələrimiz qırıldı. Bütün bunları edən Ermənistan dövləti idi. Əfsuslar olsun ki, bu cinayətlərə görə onlar bu günə qədər hələ də Qərbdə qınaq obyektinə çevrilməyiblər. Lakin bu gün Azərbaycanın iqtisadi və hərbi gücü ölkəmizə hansısa xarici qüvvələrin münasibətindən və ya davranış tərzindən asılı olmamaq imkanı verir. Hazırda Azərbaycan Ordusu həm peşəkarlığın artırılması, həm də yeni silahlı birləşmələrin yaradılması baxımından xeyli gücləndirilib. Yeni silahlar, hərbi texnika alınıb, gətirildi, bir çox yeni kontraktlar imzalanıb. Cənab Prezident həmçinin bildirdi ki, gələn il hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, Azərbaycan nəinki özünü əsas vasitələrlə təmin edəcəik, eləcə də dünya miqyasında bu sahədə ciddi təchizatçı ölkəyə çevriləcək. Beləliklə, Azərbaycan xalqı da, bütün dünya azərbaycanlıları da əmin ola bilərlər ki, “Dəmir yumruq” hər zaman yerində olacaq. Gülər Sultanzadə, YAP Yasamal rayon təşkilatının fəal üzvü. Geri dön |