Ana Sayfa > Gündəm > Aqşin Mürsəlov: “Növbədənkənar seçkilər Ölkə Prezidenti cənab İlham Əliyevin öz xalqının siyasi dəstəyinə tam əminliyinin bariz göstəricisidir”
Aqşin Mürsəlov: “Növbədənkənar seçkilər Ölkə Prezidenti cənab İlham Əliyevin öz xalqının siyasi dəstəyinə tam əminliyinin bariz göstəricisidir”27-12-2023, 14:19. Yazar: sevinc1 |
“Gələn ilin 7 fevral tarixinə təyin olunmuş növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycanın tarixində bütün ölkə ərazisində keçiriləcək ilk seçki olacaq. Bu, ölkəmizdə formalaşmış xalq-iqtidar birliyi sayəsində Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin, eləcə də ölkənin ərazi bütövlüyünün və suverenliyinin təsbitidir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi bütün sözlərə tam əməl edərək üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Növbəti ildə isə, artıq həmin ərazilərdə Azərbaycan vətəndaşları öz Konstitusiya hüquqlarından istifadə edərək, Prezident seçkilərində iştirak edəcəklər. Əlbəttə ki, bu, Ölkə Prezidenti cənab İlham Əliyevin öz xalqına bəxş etdiyi böyük bir xoşbəxtlikdir.” Bu sözləri 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı saytımıza verdiyi açıqlamasında İmişli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Aqşin Mürsəlov deyib. Daha sonra müsahibimiz bildirib ki, Azərbaycan dövləti ölkədə mövcud olan xalq-iqtidar birliyi sayəsində bundan sonra da bizə qarşı yönələcək bütün təxribatların qarşısını almaq gücünə sahibdir: “Ölkəmiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə apardığı və 44 günə parlaq tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsi, növbəti üç il ərzində dövlətimiz tərəfindən atılan məqsədyönlü addımlar və nəhayət bu ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu gün həm regionda, həm də ölkəmizdə tamamilə fərqli mahiyyətə malik olan yeni reallıqlar yaranıb. Birmənalı olaraq deməliyik ki, bütün bu müstəsna əhəmiyyətli parlaq qələbələr birbaşa Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla və müdrikcəsinə həyata keçirdiyi xarici və daxili siyasətin, eləcə də ölkəmizdə formalaşmış xalq-iqtidar birliyinin nəticəsində əldə olunub. Lakin hər zaman xatırlamaq lazımdır ki, Azərbaycanın dostları kimi, ölkəmizin uğurlarına sevinməyən düşmənlərinin də sayı kifayət qədərdir. Məhz bu qüvvələr tərəfindən ölkəmizə qarşı hazırlana biləcək növbəti təxribatların qarşısını almaq üçün Azərbaycanda siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir. Növbədənkənar Prezident seçkiləri də məhz bu məsələnin daha böyük səmərəliliklə həllinə xidmət edəcək.” Həmçinin A.Mürsəlov növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən qərəzli fikirlərin əsassız olduğunu qeyd edərək bunları deyib: “Məlumdur ki, növbədənkənar seçkilərin keçirilməsi bütün dünyada qəbul olunmuş siyasi təcrübədir. Bu qərarın ölkəmizdə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunması da bunu göstərir ki, seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Əgər hər hansı bir namizədin potensialı və elektoratı varsa, bu zaman seçkilərin keçirilməsi həmin şəxs üçün real fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı ifadə olunan istənilən narazılıq və iradlar yalnız qərəzli mövqeyin və siyasi acizliyin təcəssümü kimi dəyərləndirilməlidir. Vacib bir məqam da budur ki, növbədənkənar seçkilərin elan olunması Ölkə Prezidenti cənab İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə tam əminliyinin ən bariz göstəricisidir. Əlbəttə ki, Azərbaycan xalqı da hər zaman olduğu kimi, öz Prezidentinə, öz Ali Baş Komandanına sonsuz inam və etibarını bir daha nümayiş etdirəcək və yeni ilin fevral ayında keçiriləcək növbədənkənar seçkilər Azərbaycanda formalaşmış milli birlik və həmrəyliyin daha bir böyük təntənəsi olacaq” – deyə, Aqşin Mürsəlov fikirlərini tamamlayıb. Geri dön |