Ana Sayfa > Özəl > Gülər Sultanzadə: “Ulu Öndər Heydər Əliyevin təsis etdiyi Həmrəylik Günü özündə Vətənə bağlılıq hisslərini təcəssüm etdirir”

Gülər Sultanzadə: “Ulu Öndər Heydər Əliyevin təsis etdiyi Həmrəylik Günü özündə Vətənə bağlılıq hisslərini təcəssüm etdirir”


29-12-2023, 10:49. Yazar: sevinc1
Gülər Sultanzadə: “Ulu Öndər Heydər Əliyevin təsis etdiyi Həmrəylik Günü özündə Vətənə bağlılıq hisslərini təcəssüm etdirir”

“Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Bu gün dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, bir çox sahələrdə fəaliyyət göstərir. Bütün bu insanların milli-mənəvi varlığını yaşadan yeganə dövlət isə, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Artıq otuz iki ildir ki, bütün dünya azərbaycanlıları 31 dekabr tarixini Həmrəylik günü kimi qeyd edir. İlk dəfə 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Bundan sonra Ali Məclis müvafiq qanunvericilik aktının qəbul olunması üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi və dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, 31 dekabr tarixinin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul etdi. Hazırda bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində olduqca mühüm rol oynayır.”

Bu sözləri aia.az-a Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə saytımıza verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Həmçinin müsahibimiz qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət siyasəti birmənalı olaraq xalqın həmrəyliyinə və gələcəyinə xidmət edir: “Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev Həmrəylik Gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Bu gün isə, Ulu Öndərin əsasını qoymuş olduğu milli həmrəyliyimiz Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi effektiv siyasət xətti sayəsində uğurla inkişaf etdirilir. Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, deməli, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi.”

Daha sonra partiya fəalı Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin xalqımızın birliyini, hər zaman Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdiyini vurğulayaraq bunları deyib: “Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Dünya azərbaycanlılarının həmrəyliyi Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizi daha inamlı etdi. 2022-ci ilin aprel ayında Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı milli birlik və həmrəyliyimizin növbəti böyük təntənəsi oldu. Bu qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etmişdi. Bu möhtəşəm tədbirdə iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev qurultaydakı nitqində vurğulamışdır: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır.” Qürurverici haldır ki, Azərbaycanın bu zəfərləri Heydər Əliyev İlində də davam etmişdir. Bu ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmiz özünün suverenliyini tam olaraq bərpa etdi. Oktyabrın 15-də isə, Xankəndidə müqəddəs bayrağımızı ucaldan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev növbəti dəfə bütün dünya azərbaycanlılarına ən böyük qürur hissini yaşatdı” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Geri dön