Ana Sayfa > Özəl > Münasib Qurbanov: “Qalib Azərbaycan xalqı yeni zəfərlərə doğru Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə gedəcək”
Münasib Qurbanov: “Qalib Azərbaycan xalqı yeni zəfərlərə doğru Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə gedəcək”25-12-2023, 10:56. Yazar: sevinc1 |
“Möhtərəm dövlət başçımızın müvafiq Sərəncamı ilə 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri sözün əsil mənasında Zəfər seçkiləri olacaq. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq işğaldan azad edilmiş Xankəndi, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Füzuli və digər rayonlarımız da dail olmaqla ölkənin istisnasız bütün ərazilərində keçiriləcək. Bu, Azərbaycan xalqının öz Prezidentinin ətrafında sıx birləşərək əldə etdiyi ən böyük tarixi nailiyyətidir. Öz xalqına verdiyi vədə əməl edərək bütün bu ərazilərdə müqəddəs bayrağımızı şərəflə ucaldan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev atdığı müdrik addımları, verdiyi düşünülmüş qərarları ilə nəyi nə zaman və necə etməyin lazım olduğunu hər kəsdən daha yaxşı bildiyini dəfələrlə nümayiş etdirib. Üç il bundan öncə Azərbaycanın parlaq Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsi, eləcə də 2023-cü ilin sentyabrında uğurla keçirilmiş antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilərin keçirilməsi də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti olacaqdır.” Bu sözləri saytımıza verdiyi müsahibəsində tanınmış iş adamı Münasib Qurbanov deyib. Müsahibimiz həmçinin vurğulayıb ki, növbədənkənar seçkilər bütün namizədlərin real potensialını obyektiv qiymətləndirmək üçün unikal fürsət yaradır: “İlk növbədə qeyd etmək lazımdır ki, növbədənkənar Prezident seçkilərinin elan olunmasında qeyri-adi heç nə yoxdur. Bu hal bütün dünya ölkələrində tətbiq olunan siyasi təcrübədir. Növbəti və növbədənkənar seçki arasında yeganə fərq trixlə bağlıdır. Başqa sözlə, seçicilər sadəcə olaraq öz siyasi iradələrini bundan öncə nəzərdə tutulmuş vaxtdan əvvəl ifadə edəcəklər. Namizədlərə gəlincə isə, bu şəxslərin hamısı bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Eynilə namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir və təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Real potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı özlərini təsdiqləmək üçün əlverişli fürsətdir. Təbii ki, məhdud potensiala malik olan qüvvələr özlərini doğrultmaq üçün seçkilərin keçirilməsi ilə bağlı olan müəyyən narazılıqlar ifadə edəcəklər. Bu isə, yalnız onların qərəzli mövqelərinin daha bir nümayişi olacaq.” Daha sonra iş adamı bildirib ki, Azərbaycanın bu gün real olaraq getdikcə daha böyük gücə çevrilməsindən narahat olan bəzi Qərb dövlətlərinin mümkün təxribatlarının qarşısını almaq üçün ölkəmizdə siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir: “Bu gün Cənubi Qafqazda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir beynəlxalq layihənin həyata keçirilməsinin mümkün olmadığı artıq bütün dünyaya məlum olan bir reallıqdır. Bununla yanaşı bəzi Qərb dövlətləri Rusiyanın regionda mövqelərinin nisbətən zəifləməsini fürsət kimi dəyərləndirərək, Cənubi Qafqazda öz siyasi iradələrini region ölkələrinə qəbul etdirmək imkanı verən hansısa bir məqama sahib olmağa çalışırlar. Lakin onların da bu cəhdlərinin qarşısı məhz Azərbaycan tərəfindən qətiyyətlə alınır. Əksinə, Avropa ölkələrinin enerji təhlükəsizliyində getdikcə rolu artan Azərbaycan, artıq özü Avrasiya məkanında gedən geosiyasi proseslərə müdaxilə etmək imkanlarına sahiblənir. Artıq ABŞ və Fransa kimi superdövlətlər də Azərbaycanla hesblaşmadan Cənubi Qafqazda mövcud olmağın belə mümkünsüzlüyünü anlayırlar. Lakin bütün bunlar ölkəmizə qarşı müxtəlif təxribatların törədilməsi ehtimalını da yüksəltmiş olur. Məhz bu baxımdan da həmin dövlətlərin təxribatlarının qarşısını almaq məqsədilə cənab Prezident İlham Əliyev tərəfindən atılan addımlar, o cümlədən ölkəmizdə siyasi sistemin gücləndirilməsi məqsədilə görülən tədbirlər strateji əhəmiyyət kəsb edir. Əlbəttə ki, öz Qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən Qalib Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında olacaq, müdrik dövlət başçımızın xarici və daxili siyasətini, eləcə də bütün digər təşəbbüslərini ən fəal şəkildə dəstəkləyəcək” – deyə Münasib Qurbanov fikirlərini başa çatdırıb. Geri dön |