Ana Sayfa > Özəl > "boykot” sifarişli təxribatdır və cəmiyyət arasında şübhə toxumunu səpməkdir
"boykot” sifarişli təxribatdır və cəmiyyət arasında şübhə toxumunu səpməkdir21-12-2023, 14:13. Yazar: sevinc1 |
Ölkəmiz mühüm siyasi hadisə ərəfəsindədir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il 7 fevral tarixində Azərbaycanda növbədənkənar seçkilər keçiriləcək. Azərbaycanda artıq seçki kampaniyasına rəsmi start verilib. Mərkəzi Seçki Komissiyası (MSK) qanunvericiliyə əsasən müvafiq tədbirlərə başlayıb. Ümumiyyətlə, hüquqi və demokratik dövlət olan Azərbaycanda indiyədək keçirilən seçkilər azad və şəffaf şəkildə baş tutub. Azərbaycanda demokratik, beynəlxalq təcrübəyə əsaslanan seçki sistemi mövcuddur. 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanda demokratik seçki sisteminin əsasını müəyyən edib və 2003-cü ildə vahid Seçki Məcəlləsi qəbul edilənədək ölkədə prezident, parlament və bələdiyyə seçkiləri ayrı-ayrı qanunlarla tənzimlənirdi. Amma Seçki Məcəlləsinin qəbul edilməsi ilə bütün seçkilər vahid qanunvericilik əsasında reallaşdırılır. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların keçirilən seçkilərdə fəal iştirakı demokratik seçki mühitinin göstəricisidir. Bu reallığı qarşıdan gələn növbədənkənar prezident seçkiləri haqqında da deyə bilərik. Seçki kampaniyasının rəsmi olaraq bir neçə gündür başlamasına baxmayaraq, bəzi siyasi partiyalar bu mühüm siyasi kampaniyada iştiraka qərar veriblər. Bu, partiyaların sivil formada siyasi mübarizə mədəniyyətini nümayiş etdirməsidir. Amma müxalifətin radikal qanadı həmişəki kimi bu mədəniyyətdən tamamilə uzaqdır. Bu partiyalar sırasında AXCP və Müsavat Partiyasını qeyd etmək olar. Onlar hər zaman ümummilli məsələlərdə həmrəylik nümayiş etdirməyib, özlərini Azərbaycan cəmiyyətindən ayırıblar. Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı, o cümlədən Qarabağda keçirilən antiterror tədbirləri zamanı ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək birgə bəyanat imzalasalar da, həmin partiyalar bu həmrəyliyə qoşulmaqdan imtina etdilər. Ümumiyyətlə, sözügedən iki partiyanın antimilli fəaliyyəti ilə bağlı saysız-hesabsız faktlar sadalamaq olar. Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması tədbirlərində milli həmrəylikdən kənarda qalmaq onların Azərbaycan xalqından nə qədər uzaq olduğunu, xaricdəki ermənipərəst dairələrinin əlində alətə çevrildiyini təsdiqləyən faktların "zirvəsi”dir. Növbədənkənar seçkilərə gəlincə, Müsavat bu seçkilərdə iştirak etməyəcəyini, AXCP “boykot” edəcəyini bildirib. Əslində, kiçik bir qrupun seçkiləri “boykot” etməsinin həmin seçkilərin yüksək səviyyədə keçirilməsinə zərrə qədər də təsiri yoxdur. Lakin burada əsas məqam həmin radikalların Azərbaycana düşmən olan xarici qüvvələrin tapşırıqlarını yerinə yetirmələridir. Təəssüflər olsun ki, sağlam rəqabətin əvəzinə təxribatları seçmək, qərəzli şəkildə “boykot”un elan olunması xarici qüvvələrə xidmət edən siyasi təxribatdır. Qeyd edək ki, "boykot” siyasi rəqabət metodu deyil, qərəzli informasiya manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. Daha dəqiq desək, "boykot” sifarişli təxribatdır. "Kirli” texnologiyalarının klassik növü hesab olunan "boykot”dan əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı hallar yaratmaq üçün istifadə olunur. Beləliklə də, radikallar ucuz və hiyləgər addım atmış olurlar. Ümumiyyətlə, dünyada mövcud olan ikili standartlar siyasəti milli dövlətlər üçün təhdiddir. Beynəlxalq münasibətlər sistemində hələ də tüğyan edən tendensiyalar və kimlərinsə sonu bilinməyən geosiyasi "iştahaların” mövcudluğu səbəbindən hər bir ölkə üçün daxili siyasi sabitliyin pozulması ilə əlaqədar potensial təhdid yaşana bilər. Son illər biz bu yöndə neqativ beynəlxalq təcrübənin dəfələrlə şahidi olmuşuq. Cəmiyyətdə siyasi sabitliyi pozmaq və ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr seçki prosesini təxribatlar üçün "universal” fürsət yaradan amil kimi dəyərləndirir. Yalnız kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillər radikal təfəkkürün əsasında dayanıb. Bəllidir ki, ideoloji dərinlik, şəxsi nailiyyət, ictimai nüfuz, intellektual potensial, sadiq elektorat, habelə uğurlu siyasət üçün önəmli hesab olunan bütün digər amillərdən məhrum olmuş radikallar Azərbaycanda məhdud sayda olan insanlardan ibarət amorf dəstədir. Destruktiv müxalifətin fəaliyyətinin əsasını acıq nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən amillər təşkil edir. Seçki kampaniyası dövründə radikallar, konkret olaraq Əli Kərimli kimilər cəmiyyətimizdə çaşqınlıq yaratmaq üçün hər cür addımlar atmağa hazırdır. Lakin ötən illərin də təcrübəsi göstərir ki, radikal müxalifətin cəmiyyətimizdə sosial dayaqları mövcud deyil. Heç şübhəsiz ki, ölkə vətəndaşları radikalların təxribatlarına uymayacaq və seçkilərdə fəal şəkildə iştirak edəcəklər. Fərid Mustafayev YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Geri dön |