Ana Sayfa > Siyasət / Özəl > Gülər Sultanzadə: “Prezident İlham Əliyevin siyasi strategiyası Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir”

Gülər Sultanzadə: “Prezident İlham Əliyevin siyasi strategiyası Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir”


21-12-2023, 09:56. Yazar: sevinc1
Gülər Sultanzadə: “Prezident İlham Əliyevin siyasi strategiyası Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir”

“Ölkə Prezidenti cənab İlham Əliyev 15 oktyabr 2023-cü il tarixində qədim Azərbaycan şəhəri Xankəndidə müqəddəs bayrağımızı ucaltdığı gün öz xalqına etdiyi müraciətində demişdir: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.” Həmin gündən etibarən möhtərəm dövlət başçımız öz xalqına arxalanaraq Azərbaycanı inamla inkişafa doğru aparır. Xüsusilə son bir neçə ildə dünyanı bürüyən iqtisadi böhranlara, pandemiyanın yaratdığı çətinliklərə, eləcə də beynəlxalq təzyiqlərə rəğmən möhtərəm dövlət başçımızın nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyini ən yüksək həddə çatdırmışdır. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əzmlə davam etdirilir. Ulu Öndər Heydər Əliyev 2003-cü ilin yanvar ayının 10-da Azərbaycan xalqına etdiyi müraciətində demişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Müdrik Azərbaycan xalqı öz Ümummilli Liderinin bu vəsiyyətinə əməl etməklə Heydər Əliyev ideallarına sadiqliyini və Ulu Öndərin siyasi varisinə etimadını bir daha təsdiq etmiş oldu. 2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Müsahibimiz xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin bütün bu illər ərzində yürütdüyü daxili və xarici siyasət kursu ilk növbədə Qarabağ probleminin həllinə yönəlmişdi: “Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz xalqına tarixi Qələbəni bəxş edərək müzəffər Orduya çevrildi. Əlbəttə ki, bu Zəfərimiz uzun illərin gərgin səyləri nəticəsində əldə edilmişdir və Ölkə Prezidenti cənab İlham Əliyevin bu məsələdə hər zaman şəxsən xüsusi diqqət mərkəzində saxladığı ordu quruculuğu məsələsi sözsüz ki, müstəsna önəm kəsb etmişdir. Şanlı Azərbaycan Ordusunun gücünə, yüksək döyüş qabiliyyətinə 44 gün davam edən Vətən müharibəsinin gedişi zamanı bütün dünya şahid oldu. Nüfuzlu dövlətlərin əks fikirlərinə rəğmən cənab Prezident İlham Əliyev hər zaman deyirdi ki, münaqişənin hərbi yolla həlli variantı var və lazım gələrsə Azərbaycan bu yoldan istifadə etmək hüququnu özündə saxlayır. Sonda Azərbaycan məhz bu hüququndan istifadə etdi. 2020-ci il sentyabrın 27-də cəbhədə törədilən növbəti erməni təxribatından sonra Ali Baş Komandanımızın əmri ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə hərbi əməliyyatlara başladı. Artıq noyabr ayının 10-da Paşinyan faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı. Şanlı Azərbaycan Ordusu bu müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbə qazandı. Azərbaycan Zəfər yolunda irəliləyişini Heydər Əliyev İlində də davam etdirdi. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bundan beş ay sonra keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. 15 oktyabr tarixində isə, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında şəxsən özü Azərbaycan Bayrağını qaldırdı. Bununla da dövlət başçısı öz xalqına verdiyi bütün vədlərinə tam əməl etmiş oldu.”

Fikirlərini davam etdirən G.Sultanzasdə qeyd edib ki, Prezident İlham Əliyev ölkənin siyasi sisteminin yeni, müasir çağırış və tələblərə cavab verə bilən unikal modelini qurmağa müvəffəq olub: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Dövlətimizin başçısı öz fəaliyyəti və davranışı ilə ölkənin ictimai həyatına və siyasi sisteminə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartları, milli siyasi etika nümunələri təqdim etdi. Qeyd etmək lazımdır ki, məhz milli qürur və ləyaqət məfhumları Azərbaycanın son illər ərzində əldə etdiyi möhtəşəm uğurların, parlaq qələbələrin əsasında durdu. Eyni zamanda da cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edərək, ölkəmizi qısa zamanda dünyada tolerantlıq məkanı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanıtdı.”

Daha sonra partiya fəalı işğaldan azad olmuş ərazilərdə icra olunan irimiqyaslı infrastruktur layihələrdən bəhs edərək bunları deyib: “Qarabağ münaqişəsinin həlli bütün Cənubi Qafqazın təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyət kəsb edir. Təbii ki, yeni reallıqların müəllifi olaraq, yaranmış imkanlardan da ən çox bəhrələnən məhz Azərbaycan olmalıdır. Hazırda ölkəmiz işğaldan azad edilmiş bütün ərazilərdə möhtəşəm infrastruktur layihələr reallaşdırmaqda davam edir. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Ötən ilin 20 oktyabr tarixində Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi təşkil olunmuşdur. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu növbəti ildə istifadəyə veriləcək. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Lakin tarixi Qələbə nəticəsində yaranmış yeni regional reallıqların formatı təkcə Qarabağın bərpası və ölkəmizin inkişafı üçün əldə olunmuş yeni imkanlarla məhdudlaşmır. Qələbə bütün Cənubi Qafqaz regionuna sülh və davamlı inkişaf imkanları qazandıran yeni perspektivlər ortaya çıxarıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni istiqamətlər müəyyənləşmişdir” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.


Geri dön