Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Tarixi Qələbəmizin nəticəsində yaranmış yeni reallıqlar Böyük Qayıdış strategiyasının effektivliyini təmin edir”

Aqiyə Naxçıvanlı: “Tarixi Qələbəmizin nəticəsində yaranmış yeni reallıqlar Böyük Qayıdış strategiyasının effektivliyini təmin edir”


20-12-2023, 18:31. Yazar: sevinc1
Aqiyə Naxçıvanlı: “Tarixi Qələbəmizin nəticəsində yaranmış yeni reallıqlar Böyük Qayıdış strategiyasının effektivliyini təmin edir”

“Ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı Azərbaycan xalqının qalib ruhunun güzgüsüdür. Artıq 20 ildir ki, möhtərəm dövlət başçımız öz xalqına arxalanaraq Azərbaycanı inamla inkişafa doğru aparır. Xüsusilə son bir neçə ildə dünyanı bürüyən iqtisadi böhranlara, pandemiyanın yaratdığı çətinliklərə, eləcə də beynəlxalq təzyiqlərə rəğmən möhtərəm dövlət başçımızın nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyini son dərəcə möhkəmləndirmişdir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əzmlə davam etdirilir. Ulu Öndər Heydər Əliyev 2003-cü ilin yanvar ayının 10-da Azərbaycan xalqına etdiyi müraciətində demişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Müdrik Azərbaycan xalqı öz Ümummilli Liderinin bu vəsiyyətinə əməl etməklə Heydər Əliyev ideallarına sadiqliyini və Ulu Öndərin siyasi varisinə etimadını bir daha təsdiq etmiş oldu. 2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı deyib.

Fikirlərini davam etdirən deputat bildirib ki, Prezident İlham Əliyevin gələcəyə hesablanmış dövlət siyasəti ölkə gəncliyinin potensialından maksimum istifadə olunmasını nəzərdə tutur: “Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental amillərdən biridir. Prezident İlham Əliyevin gənclərin potensialının reallaşmasına, onların vətənpərvər, savadlı kadr kimi formalaşmalarına, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclik vardır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.”

Daha sonra A.Naxçıvanlı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu işinin Vətən müharibəsində əldə olunmuş tarixi Zəfəri təmin edən əsas amillərdən biri olduğunu qeyd edib: “Birmənalı olaraq demək lazımdır ki, ölkəmizdə 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. 2020-ci ilə qədər davam edən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb və bu tendensiya indi də davam etdirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bütün bu əhatəli və böyük zəhmət tələb edən işlər 2020-ci ildə öz möhtəşəm nəticəsini verdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Bu parlaq Zəfərin davamı olaraq cari ilin sentyabr ayında uğurla həyata keçirdiyi anti-terror əməliyyatı nəticəsində Azərbaycan Qarabağda illər öncə yaradılmış qondarma separatçı rejimin ləğvinə və bütün ərazisində suverenliyinin tam bərpasına nail oldu. Oktyabr ayında qədim şəhərimiz olan Xankəndinin mərkəzində Azərbaycanın Dövlət Bayrağını ucaldan Ali Baş Komandan demişdir: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.” Cənab Prezident İlham Əliyev xalqa verdiyi bütün vədlərinə əməl etdi. Bu gün tarixi Qələbəmizin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyindən və perspektivliyindən xəbər verir” – deyə, Aqiyə Naxçıvanlı öz fikirlərini tamamlayıb.
Geri dön