Ana Sayfa > Siyasət / Özəl > Radikal müxalifətin məkrli kampaniyaları heç bir təsir gücünə malik deyil

Radikal müxalifətin məkrli kampaniyaları heç bir təsir gücünə malik deyil


19-12-2023, 17:45. Yazar: sevinc1
Radikal müxalifətin məkrli kampaniyaları heç bir təsir gücünə malik deyil

Gələn il keçiriləcək növbədənkənar Prezident seçkiləri sözün əsil mənasında əlamətdar, tarixi bir hadisə olacaq. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək. Bu, xalqımızın öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyət olmaqla, üç il bundan öncə Azərbaycanın parlaq Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsi, eləcə də bu ilin sentyabrında uğurla keçirilmiş antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə həm Cənubi Qafqaz regionunda, həm də ölkəmizdə yaratdığı yeni reallıqların ən bariz təzahürlərindən biridir. Təsadüfi deyil ki, artıq dünyanın aparıcı dövlətləri də artıq ölkəmizin Cənubi Qafqazda yaratdığı yeni vəziyyətin inkişafa və təhlükəsizliyə xidmət etdiyini etiraf edirlər.
Lakin inkişafa aparan bütün bu proseslərin fonunda Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər ölkə daxilindəki radikal müxalifət düşərgəsini ciddi şəkildə narahat edir. Buna görə də həmin qüvvələr sosial şəbəkələrdə mütəmadi olaraq müxtəlif yalanlar səsləndirir, öz məkrli niyyətlərini həyata keçirmək üçün çirkin manipulyasiyalara əl atırlar. O cümlədən 22024-cü il 7 fevral tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı AXCP-nin 16 dekabr tarixli bəyanatında yer almış boykot çağırışı da neqativ beynəlxalq təcrübəyə əsaslanan avantüradan başqa bir şey deyildir. Radikal qüvvələr seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirlər səsləndirməklə sadəcə düşmən dəyirmanına su tökürlər. Seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir. Əlbəttə ki, radikal müxalifətin Azərbaycan dövlətinə qarşı apardığı cılız kampaniyalar hər zaman fiaskoya məhkumdur. Çünki öz ambisiyalarını milli maraqlardan üstün tutan bu qüvvələrin bəzi Qərb ölkələrində mövcud olan anti-Azərbaycan dairələrin təlimatlarına uyğun hərəkət etdiklərini hər kəs yaxşı bilir.
Bu gün Azərbaycan özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etmiş, dünya dövlətləri birliyində yüksək nüfuza, böyük hörmətə və aparıcı mövqeyə sahib olan bir ölkədir. Bütün bunlar cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında müstəsna xidmətlərinin nəticəsidir. Azərbaycanın bundan sonrakı inkişafı da ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ilə təmin olunacaq. Heç bir şübhə yoxdur ki, Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə ən layiqli namizədini təqdim edib və əlbəttə ki, bu seçkilərdə də bütün Azərbaycan xalqı hər zaman olduğu kimi, öz Prezidentinin yanında olacaq.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri



Geri dön