Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “COP29-un Azərbaycanda keçirilməsinə dair qərar dünya birliyinin ölkəmizə dəstəyinin bariz göstəricisidir”
Novruzəli Aslanov: “COP29-un Azərbaycanda keçirilməsinə dair qərar dünya birliyinin ölkəmizə dəstəyinin bariz göstəricisidir”17-12-2023, 18:25. Yazar: sevinc1 |
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının gələn il Azərbaycanda keçirilməsi ilə əlaqədar Ölkə Prezidenti cənab İlham Əliyevin dekabrın 15-də keçirdiyi müşavirədəki çıxışında bu tədbirin əhəmiyyəti, ölkəmizə dünya birliyi tərəfindən göstərilmiş böyük etimad və bir çox digər vacib məqamlar barədə önəmli açıqlamalar təqdim olunmuşdur. İlk növbədə dövlət başçısı bir neçə gün əvvəl COP29 beynəlxalq konfransın Bakıda keçirilməsinə dair qərar qəbul etməklə dünya ölkələrinin Azərbaycana növbəti dəfə böyük etimad və hörmət göstərdiklərini diqqətə çatdırmışdır. Aydındır ki, bu hörməti ölkəmiz cənab Prezident İlham Əliyevin son iyirmi ildə gördüyü möhtəşəm işlər, hər zaman nümayiş etdirdiyi siyasi iradə və qətiyyət, eləcə də davamlı olaraq həyata keçirdiyi müstəqil xarici siyasət sayəsində qazanmışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkəmizin bu il bütün ərazilərində öz suverenliyini tam bərpa etməsindən sonra Azərbaycanın dünyada hörmət və nüfuzu daha da artmışdır.” Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Fikirlərini davam etdirən deputat həmçinin bildirib ki, ölkəmizin xüsusilə son illər bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın bu sahədə kifayət qədər təcrübə əldə etməsinə səbəb olsa da, COP29-un gələn il ölkəmizdə keçirilməsi ölkəmizin üzərinə daha böyük məsuliyyət qoyur: “Cənab Prezident İlham Əliyev keçirdiyi müşavirədə irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməyin böyük məsuliyyət olduğunu xüsusi olaraq qeyd etdi. Əlbəttə, Azərbaycan bu sahədə kifayət qədər təcrübəyə malikdir. O cümlədən bu il ölkəmizsə artıq ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinin böyük müvəffəqiyyətlə keçirilməsi də bunun bariz nümayişidir. Diqqətəlayiq haldır ki, ilk dəfə bu tədbir ölkəmizdə hələ sovetlər dönəmində, Azərbaycan SSR-ə Ulu Öndər heydər Əliyevin rəhbərlik etdiyi dövrdə keçirilmişdi. Lakin COP29 bu vaxta qədər keçirilmiş tədbirlərin heç biri ilə müqayisəyə gəlmir. Hətta Avropa Oyunları zamanı Azərbaycana 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdisə, COP29-da ölkəmizə 70-80 min xarici nümayəndənin gələcəyi gözlənilir. Yəni, cənab Prezident İlham Əliyevin dediyi kimi, konqresin davam edəcəyi iki həftə ərzində Bakı faktiki olaraq dünyanın mərkəzinə çevriləcək. COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olmaqla, ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyasından heç də geri qalmır.” Daha sonra N.Aslanov COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyətindən bəhs edərək bunları deyib: “Məlumdur ki, Azərbaycanın cari ilin sentyabr ayında keçirdiyi antiterror tədbirləri bəzi Qərb ölkələri tərəfindən heç də adekvat qarşılanmadı. Xüsusilə Fransa ölkəmizə qarşı əsassız ittihamlar irəli sürməklə öz qərəzli mövqeyini bir daha nümayiş etdirdi. Halbuki, Azərbaycan öz suveren ərazisində bütün humanitar normalara riayət etməklə separatçılığa qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini və öz suverenliyini bərpa etmişdir. COP29-un gələn il ölkəmizdə keçirilməsinin ən böyük siyasi əhəmiyyəti də bundan ibarətdir ki, bu qərar antiterror tədbirlərdən cəmi iki ay yarım sonra qəbul olunmuşdur və bununla dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bəzi Qərb ölkələrində beynəlxalq birlik anlayışının təhrif olunmasına rəğmən, dünya heç də 30-40 ölkədən ibarət deyil. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuş və bu məsələdə bütün ölkələrin yekdil mövqeyi bir daha özünü göstərmişdir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |