Ana Sayfa > Seçilənlər-2 > İnsanın canını kim alır?
İnsanın canını kim alır?22-09-2016, 09:59. Yazar: admin |
Bu varlıq aləmində hər bir canlı Allahın izni ilə dünyaya gəlib, Allahın izni ilə dünyadan gedir. Hətta İlahi peyğəmbərlər (ə) belə, Onun izni ilə dünyaya gəlir və insanların hidayəti üçün vəzifələnirlər. Həzrət Peyğəmbərin (s) sinəsinə nazil edilən Quran da Allahın izni ilə olmuşdur. "Heç bir peyğəmbər heç vaxt Allahın izni olmadan bir ayə və möcüzə (yaxud bir əzab) gətirə bilməz (və bu, ağıl baxımından da mümkün deyildir). Beləliklə (mələklərə hansısa bir millətin məhvi barəsində) Allahın əmri gələn zaman (onların arasında əməli şəkildə) haqq əsasında hökm olunar və orada batil düşünənlər, batil deyənlər və batilə meyil göstərənlər ziyana uğrayarlar". ("Ğafir" 78). Quranın başqa bir ayəsində buyurulur: "Heç kəsin Allahın əzəli istək və əmri olmadan ölməsi mümkün deyildir". ("Ali-İmran" 145). Ona görə də o şeyi ki, peyğəmbərlər (ə) bizə çatdırmışdılar, onların hamısı Allahın izni ilə olmuşdur. Quran buyurur: "(Ya Peyğəmbər!) de: "Sizə müvəkkil olan ölüm mələyi sizi(n varlığınızın bütün həqiqətini təşkil edən ruhunuzu) kamil surətdə (bədəninizdən) alar (ayırar), (ruh qalar və bədən isə torpağa çevrilər), sonra (Qiyamətdə, həmin bədənin qəlibində) öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!". Quranda Allah Təala bəzi işləri Özünə nisbət verir və bəzilərini də başqalarına. Misal üçün, insan canını almaq barəsində buyurur: "Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır". ("Zumər" 42). Halbuki, Quran başqa yerdə buyurur: "(Ya Peyğəmbər!) de: "Sizə müvəkkil olan ölüm mələyi sizi(n varlığınızın bütün həqiqətini təşkil edən ruhunuzu) kamil surətdə (bədəninizdən) alar (ayırar)". ("Səcdə" 11). "Sizin (cisim və ruhunuzu qorumaq üçün) üzərinizə gözətçilər göndərir, nəhayət sizdən birinizin ölümü yetişəndə, Bizim elçilərimiz (Əzrail və köməkçiləri) onun canını alırlar. Onlar (həmin can alan mələklər öz vəzifələrini yerinə yetirməkdə) əsla səhlənkarlıq etməzlər". ("Ənam" 61). Bu üç ayənin hər biri insan ruhunun alınmasına işarə edir. Bəzilərində canları mələklər alır, bəzilərində Əzrayil (ə). Onların hamısı aldıqları bu ruhları Allaha təhvil verirlər. Bu ayələrdən belə nəticəyə gəlmək olur ki, varlıq aləmində heç bir şey Allahın izni olmadan həyata keçməz. Bu aləmdə baş verən hər bir hadisə, insanların dünyaya gəlişi, ölümü - hamısı Allahın izni ilə baş verər. Geri dön |