Ana Sayfa > Seçki 2024 > YAP Şirvan şəhər təşkilatı “Heydər Əliyev İli” ilə əlaqədar tədbir keçirib

YAP Şirvan şəhər təşkilatı “Heydər Əliyev İli” ilə əlaqədar tədbir keçirib


14-12-2023, 21:44. Yazar: sevinc1
YAP Şirvan şəhər təşkilatı “Heydər Əliyev İli” ilə əlaqədar tədbir keçirib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Şirvan şəhər təşkilatı dekabr ayının 14-də tədbir keçirib.

aia.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub. Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olunub.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirələri ehtiramla anılıb.
Daha sonra tədbir iştirakçıları Şirvan şəhər məktəblərinin şagird kollektivinin rəsm sərgisi ilə tanış olublar.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirin giriş sözünü Ulu Öndərin “Azərbaycanının varlığı bizim ən böyük sərvətimiz, bütün azərbaycanlıların qazandığı ən böyük naliyyətdir” kəlamı ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov hər zaman azərbaycanlı olması ilə fəxr edən, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünyaşöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi barədə məlumat verib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb.
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir: “Ulu Öndərin fəaliyyətinin hər bir mərhələsi ayrı-ayrılıqda tədqiqat mövzusudur. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir.”
Milli Məclisin deputatı Aydın Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yeri və rolundan bəhs edib. Qeyd edib ki, Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Məhz onun uzaqgörənliyi, strateji düşünmə bacarığına əsaslanan idarəçilik modeli qısa zaman kəsiyində ölkəmizin dayanıqlı və davamlı inkişafı üçün zəmin yaradıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin davamlı inkişaf etdiyi, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın yeni uğurlar əldə etdiyi xüsusi vurğulanıb.
YAP veteranlar şurasının sədr müavini, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Heydər Əliyev erası Azərbaycanda müstəqillik, quruculuq, inkişaf, sabitlik, tərəqqi dövrüdür. Müasir mərhələdə Azərbaycanın inkişafı da məhz Ulu Öndər tərəfindən təməli qoyulmuş iqtisadi, siyasi, mədəni, intellektual əsaslarla bağlıdır. Yeni Azərbaycan Partiyası sıralarında olan gənclər üçün Ulu öndərin siyasi irsi və siyasəti onlar və gələcək nəsillər üçün zəngin xəzinədir.
Şəhid atası Alim Zülfüqarov, Vətən müharibəsi veteranı Ümüd Quliyev və şəhər 20 saylı tam orta məktəbin müəllimi Fidan Baloğlanova çıxışlarında vurğulayıblar ki, Heydər Əliyev tarixi şəxsiyyətlər sırasında öz layiqli yerini tutub, xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Qeyd olunub ki, bu gün xalqımız Ümummilli Liderin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib.
Sonda şəhərin ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Geri dön