Ana Sayfa > Seçilənlər > SAYCA 32-Cİ, KEYFİYYƏTCƏ 1-Cİ OLAN DİQQƏTDƏNKƏNAR MUSIQI MƏKTƏBI

SAYCA 32-Cİ, KEYFİYYƏTCƏ 1-Cİ OLAN DİQQƏTDƏNKƏNAR MUSIQI MƏKTƏBI


21-09-2016, 13:18. Yazar: admin



Cəmiyyətimizin inkişaf istiqamətlərinə uyğun olaraq, idarəetmənin əsaslı surətdə yeniləşdirmək zəruriyyətinin meydana çıxdığı indiki şəraitdə rəhbər işçiyə verilən tələblər yeni keyfiyyət göstəriciləri ilə səciyyələnir. Həmin tələblər idarə olunan sahənin xüsusiyyətlərindən asılı olaraq spesifik mahiyyət kəsb etsə də, xalq təsərrüfatının bütün sahələrində rəhbərlik üçün ümumi olan cəhətlərə də malikdir. Adamlarla işləməyi bacarmaq, xüsusi idarəetmə bilik və bacarığına yiyələnmək, kollektivdə yaxşı psixoloji iqlim, yoldaşcasına işgüzarlıq şəraiti yaratmaq, idarə olunan sahəni dərindən bilmək kimi keyfiyyətlər bu gün böyük aktuallıq kəsb edir. Həmin keyfiyyətlər müasir məktəb rəhbərlərində də axtarılmalıdır. Göstərilən keyfiyyətləri məktəb direktoruna verilən tələblər kimi səciyyələndirmək olar.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdindəki 32 saylı Uşaq Musiqi Məktəbinin direktoru Quliyev Mübariz müəllim məktəb direktoruna verilən tələblərin hamısına cavab verir. Məhz onun rəhbərlik keyfiyyətləri sayəsində məktəbdə nizam - intizam məsələsinə xüsusi diqqət yetirilir, kollektivdə gözəl atmosfer hökm sürür, müəllim heyəti və şagird kontingenti nailiyyətlərini artırır, rayon və şəhər miqyaslı tədbirlərdə fəal iştirak edir. Zabrat qəsəbəsində yerləşən bu məktəbin şəraitinin qeyri-qənaətbəxş olmasını nəzərə alanda isə kollektivin və onun rəhbərinin fədakarlığı kənar müşahidəçinin gözündə daha da böyüyür. İstər-istəməz fikirləşməli olursan: Bu təlim-tərbiyə ocağına diqqət və qayğı, məktəbin maddi-texniki təminat səviyyəsi şəhərin mərkəzində fəaliyyət göstərən analoji müəssisələrdəki kimi olsaydı, yəqin ki onun yetirmələrinin imza atdığı uğurların sırası daha geniş olardı, soraqları çox uzaqlara gedib çıxardı.
Məktəbdə Azərbaycan xalqının çox dəyərli mənəvi sərvət çeşməsi olan milli musiqimiz, xüsusilə muğamlarımız vasitəsilə şagirdlərin bədii-estetik hisslərini, zövqünü, özfəaliyyətini, musiqi qabiliyyətlərini, bütvlükdə estetik mədəniyyətini inkişaf etdirmək üçün əhəmiyyətli iş aparılır. Məktəbin müəllimləri daim öz üzərlərində çalışır, nəzəri-metodik hazırlıqlarını inkişaf etdirir, musiqi nümunələrinin əsas mahiyyəti haqqında bilik və bacarıqlarını artırırlar.
Məktəbdə əsas kriterilərdən olan davamiyyətin səviyyəsi yüksəkdir. Bütün müəllimlər həmişə iş başında, şagirdlərin hamısı dərsdədirlər. Səbəb də aydındır: Direktor yerindədir. Uşaqlar bu məktəbdə özlərini doğma evlərinin divarları arasındaymışlar kimi hiss edirlər. Çünki öz müəllimlərini valideyn qədər əziz bilirlər. Bu səbəbdəndir ki, məzunlar heç vaxt məktəblə əlaqələrini üzmür, vaxtaşırı olaraq bu ocağı ziyarət edir, onları dərs demiş olan mehriban, qayğıkeş və tələbkar müəllimləri ilə hal-əhval tuturlar. Bəzi keçmiş məzunlar isə təhsillərini davam etdirəndən sonra yenidən doğma məktəbə qayıdıb onlara elmin və incəsənətin əsaslarını öyrətmiş pedaqoqlarla çiyin-çiyinə işləməyə qərar vermişlər. İnanmaq istəyirik ki, sayca 32-ci, keyfiyyətdə 1-ci olan bu musiqi məktəbi diqqət və qayğıdan da kənarda qalmayacaqdır.












Geri dön