Ana Sayfa > Siyasət / Özəl > Cənab Prezident İlham Əliyevin ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” adlı tədbirdə möhtəşəm çıxışı
Cənab Prezident İlham Əliyevin ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” adlı tədbirdə möhtəşəm çıxışı11-12-2023, 17:54. Yazar: sevinc1 |
ADA Universitetində ənənəvi olaraq keçirilən beynəlxalq konfranslar və forumlar Azərbaycanla bağlı bütün həqiqətlərin iştirakçılara çatdırılmasında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevun bu tədbirlərdə iştirakı və çıxışı, sualları əsaslı şəkildə, təmkinlə cavablandırması ölkəmizlə bağlı dolğun məlumatların əldə olunmasına geniş imkanlar yaradır. ADA Universitetində dekabrın 6-da “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçirildi. Forumda dünyanın 30 ölkəsindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloqlar iştirak etdilər. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olundu, qlobal dünyanın əsas çağırışları ətrafında fikir mübadiləsi aparıldı. Dövlət başçısı İlham Əliyevin çıxışında 30 illik işğal dövründən bu günədək keçilən yolun reallıqları öz əksini tapdı. Düzgün qurulan siyasət hər bir ölkənin qarşısında geniş imkanların açılmasında əsas faktordur. Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın tarixi Zəfərinə yol açdı. Azərbaycanın hər sahədə təcrübəsi nümunədir və siyasi, iqtisadi, humanitar mərkəzə çevrilməsində mühüm rol oynayır. Ölkəmiz möhtəşəm Qələbəsi ilə regionun və dünyanın siyasətində dəyişiklikləri bir zərurətə çevirdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Regional təhlükəsizliyin bu gün Azərbaycanda müzakirə edilməsi ölkəmizin söz sahibliyinin təqdimatında öz sözünü deyir. Forumun mövzusu postmünaqişə dövrünün reallıqlarını özündə əks etdirir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri müasir tələblər çərçivəsində həyata keçirilir. Azad edilmiş ərazilərdə ən son texnologiyalardan istifadə edilir. Üç il əvvəl, müharibə bitəndən dərhal sonra dövlət başçısı İlham Əliyev “Qarabağı yenidən quracağıq və yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik” çağırışını etdi. İndi bu, həyata keçirilir. Biz şəhərlərimizi və kəndlərimizi smart texnologiya platformasına əsaslanaraq tikirik və yenidən qururuq. Şəhər və kəndlərimiz “ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında bərpa edilir. Artıq Zəngilan rayonunun Ağalı kəndi ilk “ağıllı kənd”dir. Cənab İlham Əliyev ilk gündən soydaşlarımız üçün ən yüksək səviyyədə şəraitin yaradılmasının vacibliyini bildirdi. O da qeyd olundu ki, bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında da bu məqama xüsusi diqqət yönəldərək bildirdi: “Biz də çalışırıq əlimizdən gələni edək ki, məcburi köçkünlər üçün maksimal həyat şəraiti yaradılsın, onlar buna layiqdirlər. Onlar, həmçinin psixoloji sarsıntı keçiriblər.” Bunun da davamı olaraq minalar məsələsinə diqqət yönəldərək vurğuladı ki, biz istəyirik proses mümkün qədər tez getsin. Lakin biz anlayırıq ki, ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan irəli gələrək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin ən yaxşı şəraitləri yaratmaqla buna nail olmalıyıq. O da məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilən zaman idarəçilik sistemində təkmilləşmə prioritet məsələ kimi öndə dayandı. İlk olaraq Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada Prezidentin şəxsi nümayəndəliyi fəaliyyətə başladı. Bu, prosesin səmərəliliyinin artırılmasında, nəzarətin gücləndirilməsində əhəmiyyətli rola malikdir. Prezident İlham Əliyev azad edilmiş rayonların Baş planlarının hazırlanması prosesinə şəxsən nəzarət etməklə, bütün detalların nəzərə alınmasına, prosesin müasir şəhərsalma trendlərinə uyğunlaşdırılmasına çalışır. Bu ərazilərin Ümumi Planı artıq təsdiqlənib. Azad edilmiş torpaqlarda qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Artıq Qarabağın, Şərqi Zəngəzurun həyatında yeni dövr zənginliyi ilə diqqət çəkir. Bu baxımdan ki, həm minalardan təmizlənmə işləri həyata keçirilir, həm avtomobil, dəmir və hava yollarının tikintisi və istifadəyə verilməsi həyata keçirilir, həm də bu torpaqların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Milli Prioritetlər təsdiqlənərək uğurla icra edilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, tezliklə bu ərazilərimizdə 30 ilin işğalını özündə əks etdirən dağıntıları deyil, müasir tələblər səviyyəsində qurulan, bərpa edilən şəhərləri, kənd və qəsəbələri görəcəyik. İkinci Qarabağ müharibəsindən sonrakı illər ərzində Qarabağ ermənilərini öz vətəndaşlarımız hesab etdiyimizi xatırladan dövlətimizin başçısı bildirdi ki, bu, hər hansısa separatçı liderlər tərəfindən manipulyasiya predmetinə çevrildi. Biz isə onlara elə bir şərait yaratmağa hazır olduğumuzu bildirdik ki, onlar həmin o sahədə qalıb yaşaya bilərdilər və bu, beynəlxalq hüquqa tam uyğun idi. Təbii ki, onlar bu qaydalara uyğun olaraq Azərbaycan vətəndaşlığı üçün müraciət edə bilərdilər. O ki qaldı, onların təhlükəsizliyinə, hüququna, bu məsələ də öz həllini tapmışdır. Təhlükəsizlik Azərbaycanın Konstitusiyasına və Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq təmin edilməlidir. Azərbaycan hər zaman hazırda tarixin arxivinə atılan Qarabağ münaqişəsinin həllində sülh variantına üstünlük verirdi. Heç zaman qan tökülməsini istəməyən Azərbaycan dövləti 30 il qarşı tərəfdən ədalətli mövqe, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həllini gözlədi. Cənab İlham Əliyevin daim çıxışlarında qeyd olunduğu kimi, artıq son illərdə münaqişənin həlli ilə bağlı danışıqların aparılması heç bir məna daşımırdı. Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm bəyanatları, təhqiredici addımları ilə açıq-aşkar münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını bildirirdi. Baxmayaraq ki, işğalçı Ermənistana havadarlıq edən dövlətlər münaqişənin hərb yolu ilə həllinin olmadığını bildirirdilər, Ermənistanın baş naziri bunun əksinə olaraq münaqişənin diplomatik həllinin mümkünsüzlüyünü bəyan edirdi. Azərbaycan dövləti, xalqı Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdə hücumlarından sonra artıq səbrin tükənməz olmadığını nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, «Artıq yetər» söyləyib «Azərbaycan əsgəri, irəli!» əmri verildi. Azərbaycan Ordusu daim Ali Baş Komandanın bu əmrini gözləyirdi. Onların döyüş ruhu, şücaəti 44 günlük müharibənin gedişində özünün aydın mənzərəsini yaratdı. Dövlət başçısı İlham Əliyev Forumda bir daha diqqəti tarixi Zəfərimizə yönəldərək bildirdi ki, biz regiona sülhü artıq gətirmişik. Onu müharibə yolu ilə etmişik: “Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik.” İşğal dövründə Minsk qrupunun həmsədrlərindən münaqişənin hərbi yolunun olmaması ilə bağlı vahid mövqe eşitdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, hər üç ölkənin yanıldığını sübut etdik. Dövlətçilik tarixlərinə, beynəlxalq təcrübələrinə və onların BMT Təhlükəsizlik Şurasının üzvləri olmalarına baxmayaraq yanılırdılar: “Bu, yanlış qiymətləndirmə idi. Azərbaycana müəyyən bir mesaj idi ki, siz hərbi yola əl atsanız buna müvəffəq olmayacaqsız. Lakin biz bunu sübut etdik ki, bu münaqişənin hərbi yolu var. Bu münaqişə 3 il bundan əvvəl həll edildi.” Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |