Ana Sayfa > Özəl > BÜTÜN DÜNYA BİR DAHA ÖLKƏMİZİN BEYNƏLXALQ TƏDBİRƏ UĞURLA EV SAHİBLİYİ ETMƏSİNİN ŞAHİDİ OLDU!
BÜTÜN DÜNYA BİR DAHA ÖLKƏMİZİN BEYNƏLXALQ TƏDBİRƏ UĞURLA EV SAHİBLİYİ ETMƏSİNİN ŞAHİDİ OLDU!11-12-2023, 10:15. Yazar: sevinc1 |
Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkata 4 il sədrlik etməklə bir ilkə imza atıb. Belə bir mötəbər quruma rəhbərlik etmək, dünya ölkələrində ağır nəticələrə səbəb olan pandemiya ilə mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycan Prezidentinin humanist və uzaqgörən siyasətinin göstəricisidir. Cari ilin noyabr ayında İqtisadi Əməkdaşlıq Təşkilatının 27-ci Toplantısının Şuşada keçirilməsi, ardınca “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransa ev sahibliyi etməsi Azərbaycanın dünya miqyasında layiqli yer tutmasının göstəricisidir. Beynəlxalq tədbirlərin məkanı olan Bakıda noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı olan SPECA-nın 25-ci ildönümünə həsr edilmiş Zirvə görüşünə və dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumun keçirilməsi bir daha Azərbaycanın iqtisadi gücünün, inkişafının, qonaqpərvərliyinin, multikultural dəyərlərinin, sabitlik adası kimi əmin-amanlığın hökm sürdüyü məkan olduğunu bir daha təsdiqləyir. 30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirak etdiyi “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin geniş və hərtərəfli çıxışı bir neçə cəhətdən əhəmiyyət daşıyır. Xüsusilə də, cənab Prezident beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə məlumatlandırıb. Cənab Prezident İlham Əliyev Forumda çıxışı zamanı söyləyib ki, əgər Ermənistan yaxşı qonşu olmaq və dəstək vermək bacarığını nümayiş etdirərsə, bu yolla öz suverenliyini qoruyub saxlaya bilər: «Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab edirlər ki, bununla xilas olunacaqlar. Bu, belə deyil. Onlar, sadəcə, digər böyük qardaşı qazanacaqlar. Bu böyük qardaş əvvəlki qardaşdan yaxşı olacaq? Səmimi olaraq deyək ki, bu, belə deyil. O uzaqdadır, bölgəyə o qədər də bağlı olan qardaş deyil və özünün siyasi, bəlkə də şəxsi ambisiyalarının, ideyalarının dalınca gedir. Ən azı Ermənistan öz tərəfindən iradəsini bildirməlidir. Bu, sülh üçün ilk şərtdir».Dövlətimizin başçısı çıxışı zamanı vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyir. «Ermənistanın ərazisini işğal etmək kimi bir hədəfimiz yoxdur”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, bəzən əsassız olaraq bizi bunda ittiham edirlər: «Biz bunu etmək istəsəydik edərdik. Bunu açıq şəkildə bəyan edirəm. İstənilən nöqteyi-nəzərdən Azərbaycan üçün böyük problem deyil. Onlar bir gün ərzində öz silahlarını yerə qoydular və bizim bayrağımız Xankəndidə ucaldıldı. Biz bunu etmək istəmirik. Biz bunu etmiriksə, bu o deməkdir ki, mən bu məsələdə haqlıyam». Yaxşı anlayırlar ki, cənab Prezident İlham Əliyevin dediyi söz imzası qədər keçərlidir. Göründüyü kimi, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi aydın və dəqiqdir. Bu məsələdə Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır, sülhün əldə olunmasına xidmət edir. Bir sözlə, bütün bunlar Azərbaycanın dünyaya nə qədər sülhsevər bir ölkə olduğu bir daha nümayiş etdirir. Beləliklə, Azərbaycan bölgədə davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır. Dövlət başçımızın Forumda çıxışı zamanı söylədiyi kimi: «Biz bunu etmək istəmirik. Biz bunu etmiriksə, bu, o deməkdir ki, mən bu məsələdə haqlıyam!». Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı aparatının məsləhətçisi Sevinc Əhədova Geri dön |