Ana Sayfa > Özəl > Manaf Manafov: “Azərbaycan əldə etdiyi möhtəşəm zəfərlərlə Heydər Əliyev siyasi kursunun real gücünü bütün dünyaya nümayiş etdirdi”
Manaf Manafov: “Azərbaycan əldə etdiyi möhtəşəm zəfərlərlə Heydər Əliyev siyasi kursunun real gücünü bütün dünyaya nümayiş etdirdi”4-12-2023, 21:06. Yazar: sevinc1 |
12 dekabr – müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Qədirbilən xalqımız hər il bu günü böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə qeyd edir. Saytımızın bugünkü buraxılışında Ümummilli Liderin anım günü ilə əlaqədar suallarımızı Nərimanov rayon MKTB-nin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov cavablandırır. - Manaf müəllim, bu il xalqımız öz xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anım gününü xüsusi bir tarixi dövrdə, Heydər Əliyev İlində qeyd edir. Əlbəttə ki, az sonra Azərbaycanın bu möhtəşəm ildə imza atdığı uğurlardan da bəhs edəcəyik. Amma istərdim ki, ilk növbədə xalqımızı bu günlərə gətirən yolda atılan ilk addımlardan, ötən əsrin 90-cı illərində cərəyan edən hadisələrdən danışaq. - Azərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin görkəmli dövlət xadimi, dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Ulu Öndər Heydər Əliyev öz ideyalarının müdrikliyi ilə tarix qarşısında üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirərək zəngin və qüdrətli Azərbaycan qruculuğu yolunun əsas istiqamətini müəyyənləşdirmişdir. Azərbaycanın ən yeni tarixinə nəzər salsaq, bir daha aydın olar ki, onun hər bir məqamı Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə qırılmaz şəkildə bağlıdır. 1993-cü ildə Heydər Əliyevin respublikada ikinci dəfə hakimiyyətə gəlməsi ilə müstəqil Azərbaycanın tarixində Heydər Əliyev epoxasının ən dinamik, gərgin, səmərəli dövrü başladı. Heydər Əliyev növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldi. Bu qayıdış dövlətimizi yox olmaq təhlükəsindən qurtardı. Ulu Öndərimizin yenilməz siyasi iradəsi sayəsində respublikada ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunun aliliyi, insan haqlarının qorunması kimi demokratik prinsiplər bərqərar edildi. Ümummilli Lider Heydər Əliyevin Bakıya qayıdışı xaosun və parçalanmanın bir addımlığında olan Azərbaycanı xilas etdi. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. - Ulu Öndərin müəllifi olduğu Azərbaycançılıq ideologiyasının müasir həyatımızda rolu barədə nə deyə bilərsiniz? - Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında müstəsna və misilsiz xidmətləri olmuşdur. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lideri Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Ulu Öndər Heydər Əliyev, eyni zamanda Azərbaycan multikulturalizminin də əsasını qoymuşdur. Ümummilli Lider Azərbaycançılıq ideologiyası ilə dilindən, dinindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət etdi. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə tolerantlığın bariz təzahürünə çevrildi. Bu gün isə ölkəmizdə əsası ulu öndər tərəfindən qoyulmuş multikulturalizm öz bariz təzahürünü Vətən müharibəsinin gedişində göstərdi. Müxtəlif millətlərin, dinlərin nümayəndələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə vahid cəbhədə, çiyin-çiyinə verərək xalqımızın düşmənləri ilə ölüm-dirim savaşına girdilər. Budur əsl tolerantlığın, multikulturalizmin və ümumxalq birliyinin göstəricisi. - Manaf müəllim, az öncə də qeyd etdiyimiz kimi, xalqımız Heydər Əliyev İlində möhtəşəm uğurlara imza atıb. Bu barədə hansı fikirlərinizi paylaşmaq istərdiniz? - Birmənalı olaraq demək lazımdır ki, 1993-2003-cü illər ərzində görülmüş və əsası qoyulmuş işlər hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Belə ki, Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gündən keçən dövr ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir və Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun bütün bu illər ərzində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və uğurla inkişaf etdirilməsi bu gün dövlətimiz və xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həllini - işğal olunmuş torpaqlarımızın azad edilməsini təmin etmişdir. Bununla Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən böyük təntənəsini bütün dünyaya nümayiş etdirmişdir. Azərbaycan xalqı bir daha Heydər Əliyev İlində əldə etdiyi möhtəşəm zəfərlərlə öz dahi xilaskar oğlunun ideallarına sadiqliyini və bu idealların real gücünü bütün dünyaya nümayiş etdirdi. 19 sentyabr tarixində keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycan Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanın silahlı qüvvələrinin Qarabağ bölgəsində qalan birləşmələrinin tərk-silah olunaraq ölkə ərazisindən çıxarılmasına, eləcə də Xankəndidə yaradılmış qondarma separatçı rejimin ləğvinə nail oldu. Müzəffər Ali Baş Komandanımız Azərbaycan Bayrağını məhz Heydər Əliyev ilində Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə qaldırmaqla ölkəmizin öz suverenliyini tam bərpa etdiyi barədə dünyaya ən önəmli mesajını göndərdi. İşğaldan azad olunmuş ərazilərin ölkənin ümumi iqtisadiyyatına qatılması, yeni yaradılan və bərpa edilən beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək. Azərbaycan xalqı möhtərəm dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi altında parlaq gələcəyə doğru inamla addımlayır. - Manaf müəllim, suallarımıza verdiyiniz dolğun cavablara görə Sizə səmimi təşəkkürümü bildirirəm. Sağ olun. - Siz də sağ olun, təşəkkür edirəm. Söbətləşdi Gündüz Quluyev Kamil Həsənov aia.az Geri dön |