Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Prezident İlham Əliyev Ermənistana növbəti sülhə çağırış mesajını göndərdi”

Novruzəli Aslanov: “Prezident İlham Əliyev Ermənistana növbəti sülhə çağırış mesajını göndərdi”


10-12-2023, 12:34. Yazar: sevinc1
Novruzəli Aslanov: “Prezident İlham Əliyev Ermənistana növbəti sülhə çağırış mesajını göndərdi”

“Ölkə Prezidenti cənab İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr beynəlxalq ictimaiyyətə Azərbaycanda və Cənubi Qafqazda gedən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin mövcud vəziyyəti və bir çox digər aktual məsələlər barədə məlumatları birbaşa regionun lider dövlətinin birinci şəxsindən almaq imkanı verir. Möhtərəm dövlət başçımızın dekabrın 9-da “Euronews”da yayımlanan növbəti müsahibə isə daha bir xüsusi özəlliyə malikdir. Bu özəllik ondan ibarətdir ki, Azərbaycan bu gün artıq ərazi bütövlüyü ilə yanaşı, həm də öz suverenlıyını tam bərpa etmiş bir ölkədir. Bu baxımdan dünya ictimaiyətinin ölkəmizə marağının son vaxtlar daha da artması anlaşılandır. Təbii ki, Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında ölkəmizin getdikcə artan rolu Azərbaycanda gedən proseslərə, dövlətimizin yürütdüyü xarici siyasət kursuna məhz Aİ ölkələrində diqqəti bir qədər də artırır. Bu məqam öz əksini “Euronews”un müxbirinin suallarında da öz əksini aşkar şəkildə tapıb.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat qeyd edib ki, müxbir son iki ildə Avropada ən çox müzakirə olunan mövzulardan birinin məhz enerji təchizatı ilə bağlı olduğunu vurğulamaqla, Azərbaycanın bu məsələdə mövqeyinin önəmini bir daha önə çəkmiş oldu: “Avropanın şərqində davam edən müharibə və bir çox digər səbəblər bu qitədə enerji təhlükəsizliyi məsələsinin hələ uzun müddət əsas gündəmlərdən biri olaraq qalacağını deməyə əsas verir. Bu səbəbdən də Azərbaycanın və əlbəttə ki, şəxsən cənab Prezident İlham Əliyevin mövqeyi Avropa ictimaiyyəti üçün vacib önəm kəsb edir. Bu xüsusda müxbirin sualını cavablandıran dövlət başçısı ilk növbədə bildirdi ki, Azərbaycanın enerji sahəsinin əsas inkişaf istiqaməti artıq neft hasilatından təbii qaz istehsalına keçid etsə də, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsi olaraq qalır. 2020-ci ildə Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması ilə Azərbaycan özünün qaz təchizatının coğrafiyasını genişləndirdi. Bu gün artıq ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir. Həmçinin Macarıstan və Serbiya ilə müqavilələr imzalanıb və Albaniya da Azərbaycan qazının paylanılmasına dair planlara daxildir. Bununla belə Azərbaycan qazına olan tələbat hələ də artmaqdadır. Buna görə də Azərbaycan hökuməti Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verdi. Eyni zamanda da cənab Prezident bu gün ölkəmizdə bərpaolunan enerji sahəsində də iri miqyaslı çalışmaların aparıldığını diqqətə çatdırdı. Qeyd olundu ki, artıq 10 qiqavat həcmində külək və günəş enerjisi layihələrinə dair müqavilə və anlaşma memorandumları imzalanıb. Bu, bir tərəfdən Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcək və digər tərəfdən də Avropa istehlakçılarının da yaşıl enerji ilə təminatına zəmin yaradacaq.”

Həmçinin N.Aslanov Ermənistanla sülh sazişinin imzalanması ilə bağlı Azərbaycanın irəli sürdüyü şərtlərin tam ədalətli olduğunu vurğulayaraq bunları deyib: “Azərbaycan hər zaman, bütün məsələlərdə beynəlxalq hüququn və ədalətin tərəfində olub. O cümlədən ölkəmizin Ermənistana sülh sazişinin imzalanması üçün təklif etdiyi şərtlər də hər iki tərəf üçün son dərəcə ədalətlidir. Lakin Ermənistan bu məsələni hələ də ləngidir. Son iki ay yarım ərzində ermənilər cəmi bir neçə səhifədən ibarət mətn layihəsini nəzərdən keçiriblər və yalnız bir neçə gün öncə təkliflərini Azərbaycan tərəfinə təqdim ediblər. Lakin cənab Prezident İlham Əliyevin dediyi kimi, bu məsələd zaman qrafiki o qədər də vacib deyil. Vacib olan hər iki ölkənin gündəliyidir. Hazırda müxtəlif rəsmilər arasında və fərqli kanallar vasitəsilə işçi səviyyədə təmaslar mövcuddur. Ən əsası da budur ki, sülh üçün başqa bir alternativ yoxdur. Dövlətimizin başçısı sülh sazişi imzalanmayacağı təqdirdə, bunun bütün region üçün yeni risklər doğuracağını deməklə, Ermənistana növbəti sülhə çağırış mesajını göndərdi” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.


Geri dön