Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “Növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı mandatı Qalib sərkərdəyə verəcək”
Eltun Süleymanov: “Növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı mandatı Qalib sərkərdəyə verəcək”9-12-2023, 16:56. Yazar: sevinc1 |
“Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Qərara görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və ölkənin Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir. Qeyd etmək yerinə düşər ki,bu seçki Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu ilin sentyabrının 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi.” Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz bildirib ki, “7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. İndi həmin ərazilərdə də seçkilərin keçirilməsi zərurəti yaranıb. Həmin rayonların əhalisi ilk dəfə öz doğma yurdlarında seçkiyə qatılacaqdır. Növbədənkənar prezident seçkilərinin 2024-cü ilin fevralına təyin edilməsini zəruri edən digər amillər də şübhəsiz ki, ilk növbədə, Azərbaycan xalqının mənafeyinə, dövlətimizin milli maraqlarına xidmət edir. Seçki kifayət qədər ciddi, məsuliyyətli, insan resurslarının üzərində qurulan bir prosesdir. Seçkinin təşkili prosesi üçün dövlətin inzibati resurslarının da cəlb edildiyini nəzərə alsaq, prezident seçkilərinin 2024-cü ilin fevralına təyin edilməsi ən doğru zamanlama hesab oluna bilər.” Eltun Süleymanov qeyd edib ki, “bəzi qlobal şəbəkələr son vaxtlar Azərbaycanda yenidən xaos yaratmaq üçün düyməyə basıb. Ona görə də bəzi siyasi qüvvələr sabitliyi pozamq üçün indidən hərəkətə keçiblər. Öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirləri sadəcə ucuz demaqogiyadır. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olmuşdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Lakin belə ucuz demaqogiya bizi öz yolumuzdan döndərə biləcək gücə malik deyil. Azərbaycan xalqı öz qərarını verəcək və gələcəyə doğru inamla addımlayacaq. Çünki, seçkilərin keçirilməsi bir sıra qlobal təhlükələrdən sığortalanmaq üçün preventiv addım kimi də dəyərləndirilməlidir. Növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verilən qərar stratejidir, gələcəyə hesablanıb və dövlətin təhlükəsizliyinə xidmət edir. 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycanın növbəti mərhələdə bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx əməkdaşlıq formatının yaradılması baxımdan da çox mühüm rol oynayacaq. Növbədənkənar seçkilər seçiləcək ölkə rəhbərinə növbəti mərhələdə Azərbaycanın mövqeyini daha inamlı şəkildə ortaya qoyub addımlar atmasına mandat vermiş olacaq.” Geri dön |