Ana Sayfa > Özəl > HEYDƏR ƏLİYEV - AZƏRBAYCAN DÖVLƏTİNİN VƏ XALQININ XİLASKARI!

HEYDƏR ƏLİYEV - AZƏRBAYCAN DÖVLƏTİNİN VƏ XALQININ XİLASKARI!


8-12-2023, 15:17. Yazar: sevinc1
HEYDƏR ƏLİYEV - AZƏRBAYCAN DÖVLƏTİNİN VƏ XALQININ XİLASKARI!

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 20 il ötsə də, O, bu gün də, gələcəkdə də Azərbaycan xalqının qəlbində yaşayacaq, yaşadılacaq. Çünki öz müqəddəs əməli sayəsində Vətəni, xalqı uğrunda yorulmadan çalışmış Dahi Şəxsiyyət, Fenomen İnsan Heydər Əliyev ömrünü dövlətçiliyin inkişafı, Azərbaycanın tərəqqisi üçün şam kimi əritdi. Tarixi şəxsiyyətləri zaman yetişdirdiyi kimi, dahilər də əməlləri ilə rəhbərlik etdikləri xalqın qəlbində, yaddaşında, salnaməsində əbədi yaşam haqqı qazanırlar. Bu müdriklərin «müəllifləri olduqları tarixə» müasirləri, eyni zamanda sonrakı nəsillər qiymət verirlər, sınaqdan çıxmış təcrübəsini öyrənirlər, əməllərində yaşadırlar. Talelərinə yazılmış qeyri- adi istedadları ilə dəyişən ictimai-siyasi formasiyaların tələbinə uyğun prosesləri, cəmiyyətin yenicə formalaşan qanunauyğunluqlarının mahiyyətini uzaqgörənliklə dərk edən bu cür fenomenlər qarşıdakı onillərin proqnozlarını müəyyənləşdirir, zəkası ilə xalqını irəliyə aparırlar.Müdrikliyin əlamətlərini onların qabiliyyətlərinə görə fərqləndirənlərin dəyərlər sisteminə görə liderlik üçün təşəbbüs vərdişi, fərqli düşüncə keyfiyyətləri əsasdır. Dünyagörüşünə, hadisələri təhliletmə bacarığına həsəd aparılan müdrik siyasətçi Heydər Əliyevin adının dahilər arasında ilk sıralarda çəkilməsi taleyinə yazılmış əbədi yaşam qismətidir.
1993-cü ilin iyunun 9-da parçalanmaqda olan ölkəni daxili qarşıdurma və xarici dövlətlərin məkrli müdaxilələrindən qorumaq üçün xalqın tələbi ilə Bakıya qayıdan Ümummilli Lider daha mühüm xidmətlər göstərdi. Bu gün Azərbaycanın dünyada qüdrətli dövlət kimi tanınması Ulu Öndərin ideyalarının reallaşması deməkdir. Azərbaycan Ulu Öndərin əsasını qoyduğu siyasət nəticəsində dünyada söz və nüfuz sahibinə çevrilib. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu Öndərin müdrik siyasəti sayəsində düşmənlərin aramsız təxribatlarına, pozuculuq əməllərinə baxmayaraq, Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, ölkəmizdə tolerantlıq başlıca meyar olaraq qaldı. Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafı təmin etməklə yanaşı digər sahələr də mühüm addımlar atdı, qərarlar imzaladı. Ulu Öndər dünya azərbaycanlılarını müstəqil Azərbaycan Respublikası ətrafında sıx birləşməsinə nail olmaq üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdi və Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam imzaladı. 2001-ci ilin mayın 23-də imzalanan sərəncama əsasən, həmin ilin noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilməsi diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan dövlətinə və xalqına qələbələr bəxş etməkdədir. 2003-cü ildən Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı Dahi Öndərimiz Heydər Əliyev yolu ilə apararaq regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib.
Bu gün ölkəmiz sürətlə inkişaf edən iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, zəngin mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir. Fəaliyyətində xalqına güvənən, arxalanan dövlət başçısı xalqa xidmətdən böyük şərəf duyur: "Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı”. Bu gün Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad edir. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov

Geri dön