Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-2 > Kamaləddin Qafarov: “Qalib Azərbaycan xalqı Qalib Prezidentinin yanında olacaq”

Kamaləddin Qafarov: “Qalib Azərbaycan xalqı Qalib Prezidentinin yanında olacaq”


8-12-2023, 11:40. Yazar: sevinc1
Kamaləddin Qafarov: “Qalib Azərbaycan xalqı  Qalib Prezidentinin yanında olacaq”

“ 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən, işğaldan azad edilmiş Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək. Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətidir. Bütün bu ərazilərdə müqəddəs bayrağımızı, öz xalqına söz verdiyi kimi, şərəflə ucaldan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev atdığı müdrik addımları, verdiyi düşünülmüş qərarları ilə nəyi nə zaman və necə etməyin lazım olduğunu hər kəsdən daha yaxşı bildiyini dəfələrlə nümayiş etdirib. Üç il bundan öncə Azərbaycanın parlaq Zəfərlə başa vurduğu 44 günlük Vətən Müharibəsi, eləcə də 2023-cü ilin sentyabrında uğurla keçirilmiş antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat vurğulayıb ki, növbədənkənar seçkilər bütün namizədlərin real potensialını obyektiv qiymətləndirmək üçün unikal fürsət yaradır: “İlk növbədə, qeyd etmək lazımdır ki, növbədənkənar Prezident seçkilərinin elan olunmasında qeyri-adi heç nə yoxdur. Bu hal bütün dünya ölkələrində tətbiq olunan siyasi təcrübədir. Növbəti və növbədənkənar seçki arasında yeganə fərq tarixlə bağlıdır. Başqa sözlə desək, seçicilər sadəcə olaraq öz siyasi iradələrini bundan öncə nəzərdə tutulmuş vaxtdan əvvəl ifadə edəcəklər. Namizədlərə gəlincə isə, bu şəxslərin hamısı bərabər hüquqlara malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir və təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Real potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı özlərini təsdiqləmək üçün əlverişli fürsətdir. Təbii ki, məhdud potensiala malik olan qüvvələr, əvvəlki illərdə olduğu kimi, özlərini doğrultmaq üçün yenə də seçkilərin keçirilməsi ilə bağlı olan müəyyən narazılıqlar ifadə edəcəklər. Bu isə, yalnız onların subyektiv mövqelərinin daha bir nümayişi kimi qiymətləndirilə bilər.”

K.Qafarov bildirib ki, Azərbaycanın bu gün real olaraq getdikcə daha böyük gücə çevrilməsi bir çox Qərb ölkələrini ciddi şəkildə narahat etməkdədir. Buna görə də, həmin dövlətlərin təxribatlarının qarşısını almaq üçün ölkəmizdə siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir: “Bu gün Cənubi Qafqazda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir beynəlxalq layihənin həyata keçirilməsinin qeyri-mümkünlüyü artıq bütün dünyaya məlum olan bir reallıqdır. Bununla yanaşı, bəzi Qərb dövlətləri Rusiyanın regionda mövqelərinin nisbətən zəifləməsini fürsət kimi dəyərləndirərək, Cənubi Qafqazda öz siyasi iradələrini region ölkələrinə qəbul etdirmək imkanı verən hansısa bir məqama sahib olmağa çalışırlar. Lakin onların da bu cəhdlərinin qarşısı məhz Azərbaycan tərəfindən qətiyyətlə alınır. Əksinə, Avropa ölkələrinin enerji təhlükəsizliyində getdikcə rolu artan Azərbaycan, artıq özü Avrasiya məkanında gedən geosiyasi proseslərə müdaxilə etmək imkanlarına sahiblənir. Artıq ABŞ və Fransa kimi superdövlətlər də Azərbaycanla hesblaşmadan Cənubi Qafqazda mövcud olmağın mümkünsüzlüyünü anlayırlar. Lakin bütün bunlar ölkəmizə qarşı müxtəlif təxribatların törədilməsi ehtimalını da yüksəltmiş olur. Məhz bu baxımdan da həmin dövlətlərin təxribatlarının qarşısını almaq məqsədilə Prezident İlham Əliyev tərəfindən atılan addımlar, o cümlədən, ölkəmizdə siyasi sistemin gücləndirilməsi məqsədilə görülən tədbirlər strateji əhəmiyyət kəsb edir. Əminik ki, öz Qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən Qalib Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında olacaq, müdrik dövlət başçımızın xarici və daxili siyasətini, eləcə də bütün digər təşəbbüslərini ən fəal şəkildə dəstəkləyəcəkdir”.


Geri dön