Ana Sayfa > Özəl > Ulu Öndər Heydər Əliyevin yaratdığı yeni, müstəqil Azərbaycanı Cənab Prezident İlham Əliyev Qalib və bütöv Azərbaycan etdi

Ulu Öndər Heydər Əliyevin yaratdığı yeni, müstəqil Azərbaycanı Cənab Prezident İlham Əliyev Qalib və bütöv Azərbaycan etdi


8-12-2023, 10:37. Yazar: sevinc1
Ulu Öndər Heydər Əliyevin yaratdığı yeni, müstəqil Azərbaycanı Cənab Prezident İlham Əliyev Qalib və bütöv Azərbaycan etdi

«Biz bütün sahələrdə bugünkü Azərbaycan reallıqlarında Heydər Əliyevin izini görürük. Güclü və möhkəm təməl, milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biridir. Onun təşəbbüsü ilə dövlətimizin ideoloji əsasları formalaşmışdır. Azərbaycançılıq məfkurəsini cəmiyyətə təqdim edən məhz Heydər Əliyev olmuşdur. Bu gün azərbaycançılıq fəlsəfəsi bizim əsas ideoloji dayaqlarımızdan olmuşdur.» Prezident İlham Əliyevin xalqımız üçün misilsiz xidmətlər göstərən, siyasi fəaliyyətini, həyatını Azərbaycanın müstəqilliyinin qazanılmasına həsr edən Ulu Öndər haqqında söylədiyi bu sözlərdə müdrik şəxsiyyətin özünütəsdiq formulu əks olunur.
…Azərbaycan xalqının taleyində əbədi yaşam haqqı qazanan elə günlər var ki, o məqamlarda milyonların gələcək həyatını müəyyən edən tarixi hadisələrin səhifələri yazılır. Belə günlərdən biri də xalqımızın, Azərbaycanın müqəddəratını təyin edən 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkisidir. Həmin gün ölkəmizdə keçirilən prezident seçkilərində 98.84 faiz səs toplayan Heydər Əlirza oğlu Əliyev seçicilərin yekdil etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqın liderinə el məhəbbəti, inamı Azərbaycanı siyasi qarışıqlıqdan qurtardığı kimi, ölkəni məhvə aparan AXC-Müsavat cütlüyünün hakimiyyətinə də son qoydu.
… 1993-cü ilin iyun ayının 4-də Gəncədə başlayan qiyamdan qorxan AXC-Müsavat cütlüyünün səriştəsizliyindən cana doyan bütün xalqın iradəsini əks etdirən məktubla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət edən ziyalılar onun Bakıya gəlməsini xahiş etdilər.
1993-cü il iyunun 9-da Bakıya gələn Ulu Öndər həmin ayın 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Tariximizə Qayıdış, Milli Qurtuluş günü kimi yazılan 15 iyunun zəfəri bununla bitmədi. Ulu Öndər iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini yerinə yetirməyə başladı. Xalq isə respublikaya rəhbərliyin rəsmi olaraq Ulu Öndərə tapşırılmasını Azərbaycanın müstəqilliyinin qarantı hesab edərək bu tələbində haqlı olduğunu prezident seçkisində Ümummilli Liderə göstərdiyi etimadı ilə təsdiqlədi.
«1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərksilah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın müasir tarixi Heydər Əliyevin doğma torpağa möhtəşəm qayıdışından sonra başlayıb. Ulu Öndərin qayıdışı ilə monolit birliyimizin, iqtisadi inkişafımızın təməli qoyuldu. Bütün sahələrdə əmin- amanlığın, sabitliyin təmin olunması, tənəzzülün qarşısının alınması, islahatların həyata keçirilməsi, iqtisadiyyatın dirçəlməsi ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin, fədakarlığının bilavasitə nəticəsi olmaqla digər sahələrin tərəqqisinə, vətəndaş cəmiyyətinin formalaşmasına da təkan vermişdir. Ulu öndər Heydər Əliyevin tarixi qayıdışının nəticəsi dünyanın ən dinamik inkişaf edən ölkəsi kimi tanınan bugünkü müasirləşən, yeniləşən, dünyada mövqeləri möhkəmlənən, müstəqilliyini qoruyan, müdafiə qüdrəti artan demokratik Azərbaycandır. O Azərbaycan ki, beynəlxalq aləmdə mövqeləri möhkəmlənməklə ən mötəbər təşkilatlarda söz sahibi, regionun ən qüdrətli , güclü dövlətidir.
10 oktyabr 1993-cü ildə, Azərbaycanın ictimai-siyasi həyatının ən mürəkkəb dövründə, XX əsrin sonunda dünyada köklü dəyişikliklərin baş verdiyi siyasi proseslərdən yaranan qlobal problemlərin artdığı bir zamanda üzərinə götürdüyü məsuliyyətin ağırlığından çəkinməyərək bütün həyatını xalqının etimadını doğrultmaq üçün sərf edəcəyini bildirən Heydər Əliyev Azərbaycan Bayrağını öpüb and içərkən ilk növbədə ona etimad göstərən xalqının ağlına, zəkasına , qüdrətinə inandığını bildirdi: «Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.»
Dövlət ağıllı siyasətlə qurulur. Sağlam təfəkkürə əsaslanan bu siyasət isə xalqı tərəqqiyə aparır. Dövlətçiliyi elmi əsaslarla təkmilləşdirir, insanları kamilləşdirir. Qərinədən artıq Azərbaycana rəhbərliyinin bütün dövrlərində ölkəmizi daim irəli aparan müdrik şəxsiyyət Heydər Əliyev düşünülmüş siyasəti ilə bu hikməti doğrultdu. Təcrübə göstərir ki, insanlara ətraf mühiti birbaşa müşahidə etmək, təcrübələr aparmaq əsasında nəticə çıxarmaq bacarığı aşılamaq liderliyin başlıca şərtlərindəndir. Ulu Öndər respublikamızda sağlam düşüncəli cəmiyyət formalaşdırmaqla bu sahəyə də diqqəti artırdı. 1993-cü ildə hakimiyyətə qayıdan fenomen şəxsiyyət Heydər Əliyev siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib hər kəsin qəlbində sabaha inam hissi yaratmağı bacardı. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Ulu Öndərin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı.
«Bizim daxili siyasətimiz, xarici siyasətimiz dünya demokratiyasının açdığı yolla, demokratik prinsiplər əsasında gedəcəkdir» sözləri ilə Azərbaycanın demokratik inkişaf yolu ilə dünyaya inteqrasiyasını başlıca vəzifə hesab edən dahi şəxsiyyət Heydər Əliyev milli ideologiyaya bağlılığı və dərin zəkası, təfəkkürü ilə ölkəmizin dünyada rolunu və geosiyasi əhəmiyyətini müəyyən etmişdir.
Bazar iqtisadiyyatı yolu ilə dünya birliyinə inteqrasiyanı Azərbaycanın inkişaf strategiyası kimi təkmilləşdirən, iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsində olan respublikanı yaranmış ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu tapan, iqtisadi inkişafın prinsipial, konseptual yanaşma yollarını müəyyənləşdirən Heydər Əliyev bildirirdi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir. 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqaviləsinin imzalanması, onun gerçəkləşdirilməsi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərindən sonra Cənub Qaz Dəhlizi, TANAP, TAP haqqında deyilən xoş sözlər, Azərbaycanın liderlik rolunun etirafı Ulu Öndərin çəkdiyi zəhmətin bəhrəsidir. Dünyanın ən iri şirkətlərinin müharibə şəraitində yaşayan Azərbaycana, belə möhtəşəm layihələrə marağının artması düşünülmüş siyasətin, ulu öndər Heydər Əliyev qətiyyətinin, düşüncəsinin, uzaqgörənliyinin məntiqi nəticəsi idi. Neft strategiyasını hazırlamaqla Azərbaycana investisiya axınının əsasını qoyan ulu öndər Heydər Əliyev geosiyasi baxımdan əlverişli ərazidə yerləşən respublikamızın iqtisadi-sosial, elmi, texniki mədəni inkişafı üçün zəmin yaratdı. Sərmayələr nəzərdə tutulan proqramların, iqtisadi islahatların həllinə yönəldildi.
Avropanın enerji ilə təchizatında ən əlverişli bazar olan Azərbaycanın illərdən bəri formalaşdırdığı çoxşaxəli əməkdaşlıq formatına qoşulanların sayı artırsa ölkəmizə olan bu maraq əsası Ulu Öndər tərəfindən qoyulan neft strategiyasını davam etdirən Prezident İlham Əliyevin qətiyyətinin ifadəsidir.
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyini istəməyən dairələrin planlaşdırdıqları oyunlara, anarxiya və ekstremist hallara son qoyulmuş, bütün qanunsuz silahlı dəstələr ləğv edilmiş, mütəşəkkil ordu yaradılmış, bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması təmin edilmişdir. Ölkəmizdə Milli Konstitusiyanın qəbulu, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər Heydər Əliyev fenomeninin adı ilə bağlıdır. Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində ümummilli lider Heydər Əliyevin ideyaları bu gün üçün də aktualdır. Azərbaycan hazırda dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının etibarlı üzvü kimi qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiqliyini əməli fəaliyyəti ilə doğruldur. Tolerant ölkə olduğunu multikultural dəyərlərə sadiqliyi ilə təsdiqləyir. Sivilizasiyalararası dialoq məkanı kimi böyük önəm daşıyır.
Ulu Öndər «Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”» sözləri ilə ölkənin müdafiə qüdrətinin möhkəmlənməsini ümdə vəzifə hesab edir. Ümummilli Liderin bu sahədə apardığı məqsədyönlü siyasəti bu gün daha inamla davam etdirən Prezident İlham Əliyev Ermənistanın 30 il işğal altında saxladığı torpaqlarımızı azad etməklə də Ulu Öndərin daim arzusunda olduğu Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün düşünülümüş siyasəti davam etdirir. Hələ Sovet dövründə Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaradan uzaqgörən siyasətçi Heydər Əliyevin əsasını qoyduğu islahatların davam etdirilməsinin nəticəsidir ki, hazırda respublikamızın Silahlı Qüvvələrini müxtəlif təyinatlı yerli kadrlarla təmin edən ali hərbi məktəblər yaradılmış, Milli Ordumuz ən müasir hərbi avadanlıq və texnikalarla təmin edilmişdir. İkinci Qarabağ müharibəsini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatdıran, XXI əsrin müharibə tarixinə imzasını yazan Silahlı Qüvvələrimizin döyüş təcrübəsinin xarici ölkələrin ali hərbi məktəblərində öyrədilməsi Ulu Öndərin ordu quruculuğu sahəsində apardığı islahatların məntiqi nəticəsidir. Tarixi Zəfərimizin qazanılmasında uzaqgörən siyasətçinin vaxtilə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi məktəbin yetirmələrinin xüsusi rolu olmuşdur. Hazırda sərhədlərimizi qoruyan hərbçilər, Hadrutda, Kəlbəcərdə yaradılan komando hərbi birləşmələri arasında bu məktəbin davamçıları, yüksək rütbəli zabitlər vardır. Regionda ilk olan qüdrətli «komandolar» Azərbaycan Ordusunun fəxridir.
Ulu Öndərin xalqımızın qamətini düzəldəcək, ayağa qalxacağı, gücünü birləşdirəcəyi, müasir ordusunu yaradacağı ilə bağlı istəklərini reallaşdıran Prezident İlham Əliyev Ali Baş Komandan kimi 44 gün davam edən Vətən müharibəsini Zəfərlə başa vuraraq, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Ulu Öndərin ruhu rahatlıq tapdı. Başqa sözlə, deyilsə ata vəsiyyətinə sədaqətini xalqımızın illərdən bəri torpaq həsrətinə son qoymaqla bildirən Müzəffər Ali Baş Komandan müstəqil dövlətini, ərazilərinini bundan sonra da göz bəbəyi kimi müdafiə etmək qüdrətindədir.
Azərbaycanın Avropa ailəsinə qəbul edilməsi üçün qarşıya qoyulan vəzifələrin reallaşdırılması, ölkəmizdə demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsi , bu istiqamətdə insan hüquq və azadlıqlar qorunmasına, azad və ədalətli seçkilərin keçirilməsi Ulu Öndərin əsasını qoyduğu plüralizmin ifadəsidir.
Bu gün Azərbaycan dünyanın sayılıb-seçilən, söz sahibinə malik ölkələrindən biridirsə, bu uğurların əsası məhz 1993-cü ildən qoyulub. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti sayəsində Azərbaycan hazırda sürətli inkişaf yolu ilə inamla irəliləyir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı reallıqların beynəlxalq səviyyədə qəbul olunması, ən başlıcası illərdən bəri həsrətində olduğumuz Şuşa kimi digər rayonların da işğaldan azad edilməsi, ən əsası Zəngəzur dəhlinin açılması ilə bağlı Prezident İlham Əliyevin qətiyyətinə tərəfdar olanların sayının artması Ulu Öndərin vəsiyyətlərinə sadiqlikdir.
Ulu Öndərin respublikamıza rəhbərliyi dövründə canından artıq sevdiyi xalqı üçün göstərdiyi qətiyyətin məntiqi nəticəsini bu sözlərlə ifadə etmək olar: Mübarizlik, mətinlik, düşüncədə və işdə ardıcıllıq, zəhmətkeşlik, həssaslıq, gələcəyə inam, ideoloji- siyasi təxribatlara qarşı cəsarətlilik, çətinliklərdən və ağır sınaqlardan uğurla çıxmaq məharəti, milli şərəf və ləyaqəti qorumaq, dərin düşüncə tərzi ilə ziddiyyətləri həll etmək yolunda uğur qazanmaq, düzgün yol seçmək, ədalət və demokratiya prinsiplərinə əməl etmək ulu öndər Heydər Əliyevə məxsus mənəvi, insani keyfiyyətlərdəndir. Xalqa göstərdiyi xidmətlərinə görə sağlığında tarix yazan, milyonların sevimlisi olduğunu insanların ona layiq gördükləri el məhəbbətini Ümummilli Lider adını qazanmaqla doğruldan Heydər Əliyev bütün zamanların, illərin fenomen dahisidir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda «Heydər Əliyev İli» elan olunması Ulu Öndərə xalqın ehtiramı, sədaqətidir. Əslində, bir həqiqət həyatda öz təsdini tapıb: Mənasından, mahiyyətindən asılı olmayaraq respublikamızda qeyd olunan bütün illərdə ulu öndər Heydər Əliyevin izi, xalqın inamını doğrultduğunu bildirən əməlləri hiss olunur.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü

Geri dön