Ana Sayfa > Siyasət / Özəl > Zəfər paradı Azərbaycanın haqq işinin və tarixi ədalətin təntənəsi idi

Zəfər paradı Azərbaycanın haqq işinin və tarixi ədalətin təntənəsi idi


4-12-2023, 13:30. Yazar: sevinc1
Zəfər paradı Azərbaycanın haqq işinin və tarixi ədalətin təntənəsi idi

2020-ci il dekabr ayının 10-da bütün dünya Bakının Azadlıq Meydanında keçirilən möhtəşəm Zəfər paradının şahidi oldu. Bu parad sözün həqiqi mənasında qalib Azərbaycanın, haqqın və ədalətin təntənəsi idi. Zəfər paradında çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev demişdi: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” Bu gün həmin tarixi gündən üç il keçib. Bu üç ildə Azərbaycan artıq həqiqətən də böyük nailiyyətlər, möhtəşəm uğurlar əldə edib. Bu uğur və nailiyyətlər ilk növbədə özünü Azərbaycanın suverenliyinin tam bərpa olunmasında, ölkəmizin beynəlxalq nüfuzunun durmadan artmasında və mövqelərinin daha da möhkəmlənməsində büruzə verir. Azərbaycan getdikcə daha çox beynəlxalq məsələlərə müdaxilə imkanlarına sahib olur və bu məsələlərin həlli yönümündə aparılan müzakirələrdə əsas söz sahiblərindən birinə çevrilir.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdi. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdu. Bu iki faktor bir tərəfdən Azərbaycan Ordusunun gücünü-qüdrətini, digər tərəfdən də dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddət ərzində davam edən işğal dövründə bu məsələ ilə məşğul olan nüfuzlu beynəlxalq təşkilatların durmadan vurğuladıqları və bütün hallarda ən vacib prinsip kimi istinad nöqtəsinə çevirməyə çalışdıqları əsas məqam bu idi ki, münaqişənin hərbi yolla həlli variantı mövcud deyil. Yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyev hər dəfə bunun əksini söyləyirdi. Dövlət başçımız bütün bu illər ərzində bəyan edirdi ki, münaqişənin hərbi yolla həlli mümkündür və Azərbaycan bu hüququndan istənilən an istifadə edə bilər. Nəhayət 2020-ci ilin sentyabr-noyabr aylarında davam edən hadisələr Azərbaycan Prezidentinin növbəti dəfə haqlı olduğunu bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsinin davam etdiyi 44 günün hər biri şanlı tariximizin bir silinməz səhifəsinə çevrildi. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın hücum əmrini və Qələbə gününü gözləyən Azərbaycan xalqı öz ordusunun və öz rəhbərinin ətrafında sıx birləşərək dəmir yumruq yaratdı. Vətənə və öz əsgər andına sadiq olan qəhrəman Azərbaycan hərbiçiləri arasında müharibə dövründə bir dənə də olsun fərarilik halı baş vermədi. Qəhrəman hərbiçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.

Uzun illər boyunca erməni ideoloqları Ermənistan ordusunun yenilməzliyi haqqında miflər yaratmışdır. Lakin Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə bütün bu mifləri də, Ermənistanın silahlı qüvvələrini də məhv etdi. Cəmi 44 gün ərzində düşmənin 30 il ərzində möhkəmləndirdiyi müdafiə istehkamları yarıldı, hərbi texnikaları məhv edildi. Düşmənin işğalıçı ordusunun əsgərləri döyüş mövqelərini qoyub qaçdılar. Bu gün isə Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkında nümayiş etdirilən ələ keçirilmiş düşmən texnikası Azərbaycan Ordusunun gücünü və Ali Baş Komandanımızın düşməni diz çökdürən polad iradəsini bir daha bütün dünyaya göstərir. Hərbi Qənimətlər Parkı Azərbaycan tarixinin ən şərəfli səhifələrini özündə əks etdirən açıq havada yaradılmış əsl muzey kompleksidir və eyni zamanda da bu kompleks bundan sonra Azərbaycan torpaqlarına göz dikməyə cəsarət edə biləcək hər kəs üçün bir tarixi ibrət dərsi olacaq. Heç şübhəsiz Hərbi Qənimətlər Parkı Azərbaycanın qazandığı tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Burada nümayiş olunan eksponatlarda Azərbaycan Ordusunun qüdrəti ilə yanaşı Azərbaycan xalqının birliyinin gücü də əks olunur. Məhz buna görə də Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Hərbi Qənimətlər Parkı həm də milli birliyimizin daha da möhkəmləndirilməsi işinə ən böyük töhfədir.

Əlbəttə ki, dünyanın diqqətini cəlb edən məqamlardan biri də bu idi ki, Bakıda keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə qəbul etmişdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının bariz təzahürüdür. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Qələbəsinin Zəfər paradını keçirərkən Ermənistan hələ də daxili çaxnaşmalarla, etiraz mitinqləri ilə çalxalanırdı. Hadisələrin gedişi göstərir ki, 44 günlük müharibədəki acı məğlubiyyət Ermənistanın və onun havadarlarının onilliklər boyunca yürütdükləri təcavüzkar siyasətin süqutudur.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.

Geri dön