Ana Sayfa > Təhsil > Universitetlər Bakıdan nə zaman köçürülür? AÇIQLAMA
Universitetlər Bakıdan nə zaman köçürülür? AÇIQLAMA19-09-2016, 12:41. Yazar: admin |
Universitet köçü ideyası necə meydana çıxıb və buna doğrudan da zərurət varmı? Növbəti dərs ili başlayan kimi yenidən bəzi KİV-lərdə ənənəvi mövzulardan biri - ali təhsil müəssisələrinin Bakıdan harasa köçürülməsi ideyası gündəmə gəldi. Saytlardan biri hansısa mənbəyə istinad edib yazdı ki, universitetləri Bakının mərkəzindən köçürəcəklər, onlar üçün ayrıca şəhərciklər yaradılacaq və s. Və dərhal da bu xəbər digər KİV-lərə yayıldı, dərs ilinin başlaması ilə bir vaxtda xəbər məkanında dövr etdi. Ancaq Təhsil Nazirliyi açıqladı ki, universitetlərin köçürülməsi ideyası və layihəsi onların gündəmində deyil və nazirlik bu məsələni şərh etmir. Qoy kim ideyanı ortaya atıbsa, o da izahat versin, şərh etsin... Bəs universitet köçü ideyası necə meydana çıxıb və buna doğrudan da zərurət varmı? İdeya müəllifləri bunu necə əsaslandırırlar? Bu ideya neftin qiymətinin yüksək olduğu dövrlərdə və Bakını tikinti bumunun bürüdüyü vaxtlarda meydana çıxmışdı. Hökumətdə bəziləri belə hesab edirdi ki, paytaxtın mərkəzində tıxacları azaltmaq üçün tədbirlərdən biri kimi universitetləri harasa şəhər ətrafına köçürmək, onlar üçün yeni binalar və kampuslar inşa etmək lazımdır. Deyəsən, ideyanı ciddi nəzərdən keçirməyə başlamışdılar ki, neft ucuzlaşdı və bu cür iri, böyük vəsaitlər tələb edən layihələr avtomatik gündəmdən düşdü. Eyni zamanda, qeyd etmək lazımdır ki, bu universitet köçü məsələsi elə ideya olaraq qalmışdı və Nazirlər Kabinetinin bu barədə hansısa ciddi iş apardığı barədə məlumat yoxdur. Digər tərəfdən, universitetlərin köçürülməsinin bütün tərəfləri nə dərəcədə ölçülüb-biçilmişdi, Bakının ucqarlarından tələbələrin paytaxtdan onlarla kilometr kənara hər gün dərsə gedib qayıtmasını nəzərə alan olmuşdumu, bu da məlum deyil. Ola bilsin ki, əslində ideyanı ortaya atanlar universitetlərin hektarlarla ərazilərinə göz dikmişdilər və onların yerində özlərinin hansısa iri tikinti layihələrini həyata keçirmək istəmişdilər. İndi isə bu layihə iqtisadi səbəblərdən aktual deyil, yaxın perspektivdə hökumətin səmərəsiz iqtisadi layihələrə qayıdıb pulları bu cür işlərə xərcləməsi də gözlənilmir. Ancaq ideya hər dəfə dərs ili başlayanda yenə də ortalarda "fırlanır". Təhsil eksperti Əjdər Ağayev deyir ki, universitetləri Bakıdan köçürmək və onlara müasir binalar, kampuslar tikmək ideya olaraq pis deyil. Ancaq bu, real ideya da deyil. Çünki bu köçürmə bir neçə aspektdən ciddi işlənib hazırlanmalıdır, hökumət, müxtəlif dövlət strukturları səviyyəsində müzakirə olunmalıdır. Digər tərəfdən, bu cür iri layihəni həyata keçirmək böyük vəsait tələb edir və hökumətin indi belə layihələrə pul ayırması ehtimalı yoxdur. Deputat Fazil Mustafa da universitetlərin Bakıdan uzaq regionlara köçürülməsi ideyasına müsbət baxmır. Onun fikrincə, universitetlərin hətta rayonlara köçürülməsi təklifini irəli sürənlər də var ki, bu da qəbuledilməzdir. Çünki bölgələrdə mədəni, iqtisadi infrastruktur yetərli səviyyədə deyil. Digər tərəfdən, universitetlər, elm mərkəzləri əksər ölkələrdə paytaxtlarda cəmləşir. "Ali məktəblərin regionlara köçürülməsi onların effektivliyini daha da aşağı salardı. Bakıdan kənarda - Qazaxda, Zaqatalada, Gəncədə olan ali təhsil müəssisələrinin tədris keyfiyyətlərini hələ də Bakının standartları ilə tam şəkildə yaxınlaşdırmaq mümkün olmayıb. Ona görə də, hələ ki, bu məsələ gündəmdə deyil və gündəmdə olması da müəmmalıdır", - deputat bildirir. Geri dön |