Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Qələbədən sonra Şuşa üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi böyük mənəvi və siyasi əhəmiyyət kəsb etmiş oldu”
Aqiyə Naxçıvanlı: “Qələbədən sonra Şuşa üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi böyük mənəvi və siyasi əhəmiyyət kəsb etmiş oldu”2-12-2023, 14:49. Yazar: sevinc1 |
“Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı ölkəmizin haqlı və güclü mövqeyinin bütün dünyaya nümayişi idi. Ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev bu tarixi hadisənin mahiyyətini açıqlayaraq belə demişdir: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.” Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Həmçinin bu möhtəşəm tədbirdə yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də təmsil olunmuşdular. Bütün bunlar bir daha təsdiq etmiş oldu ki, Azərbaycan özünün haqq işi uğrunda ədalətli müharibə aparıb və tarixi Qələbə qazanmaqla həm də beynəlxalq hüququ bərpa edib.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı deyib. Deputat qeyd edib ki, Şuşada qaldırılmış Zəfər bayrağının parada gətirilməsi də xüsusi önəm kəsb edən məqamlardan biri olub: “Birmənalı olaraq deməliyik ki, Şuşa şəhəri azad edildikdən sonra, qəhrəman Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi də rəmzi məna daşımaqla böyük mənəvi və siyasi əhəmiyyət kəsb etmiş oldu. Şuşanın işğaldan azad olunması Vətən müharibəsinin gedişində həlledici məqam idi. Məhz qələbə hərbi əməliyyatların Azərbaycan üçün ən əlverişli şərtlərlə başa çatmasını təmin etdi. Zəfər paradına gətirlmiş bayraqla Şuşanın bir parçası da Zəfər paradında iştirak etmiş oludu. Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi də paradda nümayiş olunmuşdur. Bununla da həm ermənilər, həm də onların bütün dünyada olan havadarları öz xəyanətkar siyasətləri nəticəsində yaşamalı olduqları aqibətin acısını hər zaman xatırlamalı olacaqlarına dair açıq-aydın mesaj aldılar.” Fikirlərini davam etdirərək, A.Naxçıvanlı bildirib ki, II Qarabağ savaşının hər günü xalqın yaddaşında qələbələrlə həkk olunub: “44 günlük Vətən müharibəsinin hər günü xalqımızın və dövlətimizin şanlı tarixidir. Hərbi əməliyyatların davam etdiyi bütün dövr ərzində Azərbaycan Ordusu hər gün yalnız irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Möhtərəm dövlət başçımızın dediyi kimi, Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Belə də oldu. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında Dəmir yumruq kimi birləşərək Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Son dərəcə qürurverici haldır ki, müharibə zamanı Azərbaycan Ordusunda bir nəfər olsun belə, fərari olmayıb. Məhz bu fədakarlığın, şücaətin və rəşadətin nəticəsidir ki, Azərbaycan dövləti bu gün qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.” Daha sonra deputat qeyd edib ki, Bakıda keçirilmiş Zəfər paradı həm də Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin növbəti nümayişi oldu: “Birmənalı olaraq demək lazımdır ki, Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın tarixi Qələbə qazanmasında önəmli rol oynadı. Türkiyə Prezidentinin hərbi əməliyyatların başlandığı ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çox xarici qüvvələrin bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Qələbə bayramı Türkiyədə də eynilə Azərbaycanda olduğu kimi qeyd olundu. Təsadüfi deyil ki, Zəfər paradını Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə qəbul etmişdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi, Azərbaycan və Türkiyə əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu. Artıq bütün dünya bildi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və bu qardaşlıq bundan sonra həm də strateji müttəfiqlik müstəvisinə daşınmaqla öz gücünü daha da artıracaq.” Sonda A.Naxçıvanlı Hərbi Qənimətlər Parkının yaradılmasının siyasi-mənəvi əhəmiyyətindən bəhs edərək bunları deyib: “Ölkə Prezidenti cənab İlham Əliyev tarixi Qələbəmizin əbədiləşdirilməsi məqsədilə bir sıra mühüm qərarlar qəbul edib. İlk növbədə möhtərəm dövlət başçımız xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqların və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb. Həmçinin cənab Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub. Bu gün Hərbi Qənimətlər Parkını ziyarət edən hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görür, Azərbaycan xalqının iradəsinin şahidi olur. Hər kəs görür ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər. Bu gün düşmənin hərbi texnikasının müəyyən bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Qeyd etmək lazımdır ki, bu Parkın yaradılması həm də milli birliyimizin daha da möhkəmləndirilməsi işinə ən böyük töhfədir. Hərbi Qənimətlər Parkı bizim milli qürurumuzun mənəvi qida aldığı bir məkandır” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb. Geri dön |