Ana Sayfa > Siyasət / Özəl > Əməkdaşlıq zirvəsi
Əməkdaşlıq zirvəsi1-12-2023, 09:54. Yazar: sevinc1 |
1998-ci ildə BMT tərəfindən yaradılmış və fəaliyyətə başlamış SPECA proqpramı – Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqram çərçivəsində BMT Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızstan, Özbəkistan, Tacikistan və Əfqanıstan arasında iqtisadi əlaqələrin canlandırılmasına dəstək verilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin təşkilini həyata keçirir, mümkün əməkdaşlıq modellərini araşdırır və təşviq edir. SPECA Proqramı 1998-2030-cu illəri əhatə edir. İqtisadi inteqrativ layihələrə yol açılması və bu proseslərin dəstəklənməsi baxımından Proqramın faydalılığı heç bir şübhə doğurmur. Son dövrlər türk dövlət başçılarının artan qarşılıqlı səfərləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda inkişafını gücləndirir. Hər bir tük dövlətinin milli maraqları və eləcə də bu regionun beynəlxalq arenada artmaqda olan nüfuzu ölkələrimizin sıx əməkdaşlığını zəruri və labüd edir. Bu baxımdan SPECA çərçivəsində əməkdaşlığımız da regional miqyasda əməkdaşlığın inkişafı üçün münbit zəmin yaradır. Son illərdə regionun türk dövlətləri arasında intensivləşən siyasi-iqtisadi əlaqələr Türk dünyası çərçivəsində siyasi-iqtisadi, hərbi-texniki, mədəni-humanitar inteqrasiya proseslərini sürətləndirməkdədir. Bu proseslər bizi addım-addım əsrlər boyu arzuladığımız beynəlxalq siyasət müstəvisində vahid platformanı oluşduran böyük türk birliyinə yaxınlaşdırır. Bu il SPECA-ya sədrliyi Azərbaycan həyata keçirib. Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak və çıxış edib. Ölkəmizin başçısı qeyd edib ki, “ İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə bu gün Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.” Cənab Prezident İlham Əliyev ölkəmizin iqtisadiyyatında çox ciddi inkişaf meyllərinin olduğunu, iqtisadi əlaqələrin genişləndiyini bildirən ölkə başçısı bildirib ki, “bu il BMT-nin himayəsi altında yaradılan SPECA Etimad Fonduna Azərbaycan 3,5 milyon ABŞ dolları ayıracaq. Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.” SPECA-ya üzv dövlətlərin müstəqil xarici və daxili siyasət aparmasını müsbət qiymətləndirən ölkəmizin başçısı qeyd edib ki, dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. 2023-cü ilin Azərbaycan üçün xüsusilə əlamətdar il olduğunu diqqətə çatdıran ölkə başçısı qeyd edib ki, 2020-ci ildən başlayan proses bu il tam başa çatdırılmış və ölkəmiz ərazi bütövlüyünü və suverenliyini özü öz gücü ilə təmin etmişdir:” Təəssüf ki, Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar. Buna cavab olaraq və “boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq. Bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələrə təşəkkürümü bildirirəm.” Hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparıldığını, vacib infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edən ölkə başçısı bildirib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq dədə-baba yurdlarına - Laçın və Füzuli şəhərlərinə, o cümlədən üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura geri dönməsi nəzərdə tutulur.” Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı olduğunu, Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzinin hazırda Füzulidə inşa edildiyini və gələn il açılacağını bildirən cənab İlham Əliyev bu qardaşlıq dəstəyinə görə Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə bir daha təşəkkürünü bildirmişdir. SPECA – nın daha bir özəlliyi ondan ibarətdir ki, bu proqram əsasən türk geopolitik regionunu əhatə edir və nəticə etibarilə həm də bizim Türk Dövlətləri Təşkilatı çərçivəsində başlatdığımız inteqrasiya təşəbbüslərinə dəstək rolunu oynayır. Bakıda keçirilən Zirvə görüşünün də bu müstəvidə Azərbaycanın, eləcə də qardaş türk dövlətlərinin daha da yaxınlaşmasında və iqtisadi inkişafında mühüm rol oynayacağı aydın görünür. Hər bir halda dövlətimiz, onun rəhbəri cənab İlham Əliyev bu prosesin inkişafında maraqlıdır. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Geri dön |